“İnhisarı düzgün hesab edirəm” – Vəkillər Kollegiyasının sədri

03/01/2019 - 12:44 16 348 0   0  

“İnsanın müalicəsi ilə həkim, müdafiəsi ilə vəkil məşğul olmalıdır”

Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov məhkəmədə vətəndaşların maraqlarını müdafiə etmək və onları təmsil etmək üçün yalnız Kollegiya üzvlərinin buraxılmasını düzgün sayır.

O, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna, Mülki Prosessual Məcəlləyə və İnzibati Prosessual Məcəlləyə edilən, bu il yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliklər nəticəsində kənarda qalan hüquqşünaslarla bağlı Sputnik-in sualını cavablandırarkən belə deyib.

Mən düşünürəm ki, inhisar düzgündür. Yanvarın 1-dən qeyri-peşəkarların mülki işlərdə təmsilçiliyi məhdudlaşdırılıb. Hazırda məhkəmə sistemində peşakar təmsilçilik rejimi fəaliyyət göstərir. Digər ölkələrdə də analoji qaydalar hökm sürür. Hətta Rusiyada yaxın vaxtlarda vəkillik fəaliyyəti haqqında qanuna dəyişikliklər etməyə hazırlaşırlar. Rusiyalı mütəxəssislər də hesab edirlər ki, məhkəmələrdə vətəndaşların maraqlarını peşəkar vəkillər müdafiə etməlidirlər” – Bağırov bildirib.Qeyd edək ki, həmin dəyişikliklərə əsasən, vəkillik institutu gücləndirilib. Əgər əvvəllər hüquqşünaslar mülki işlər üzrə müdafiəyə buraxılırdılarsa, indi məhkəmədə prosessual hərəkətləri qanunla səlahiyyətləri olan şəxslər, yəni vəkillər həyata keçirə biləcəklər.

Onun sözlərinə görə, əvvəllər məhkəmədə vətəndaşların maraqlarını istənilən şəxs, o cümlədən əvvəllər məhkum olunmuşlar təmsil edirdilər: “Bu isə, yolverilməzdir. Hazırda bəzilərinin danışdığı azad rəqabət peşakarlar arasında olmalıdır. İnsanın müalicəsi ilə həkim, müdafiəsi ilə vəkil məşğul olmalıdır”.

“Biz hüquqşünaslar illərlə oxuyuruq, təcrübə toplayırıq, imtahanlar veririk, amma hansısa kənar adam özünü hüquqşünas adlandırır və vətəndaşlara pullu yardım göstərməyə başlayır. Bizim bütün üzvlərimiz böyük təcrübələri olan peşəkarlardır. Məhkəmədə təmsilçiliyi yalnız vəkillər həyata keçirə bilərlər. Qonşu Türkiyədə bu sahədə tam inhisarçılıqdır. Orada hətta məsləhəti yalnız vəkil verə bilər” – deyə Kollegiyanın sədri bəyan edib.

Müsahibimiz qeyd edib ki, Kollegiyanın üzvü olmayan, lakin pullu hüquqi yardım göstərən şəxslərlə bağlı çoxlu şikayətlər daxil olub: “Lakin onları heç bir məsuliyyətə cəlb edə bilməyiblər. Hazırda isə, əgər vəkil qanunu pozsa və ondan şikayət gəlsə, Vəkillər Kollegiyasında onun məsuliyyətə cəlb oluması, hətta zərərçəkmiş şəxsə dəyən ziyanın ödənilməsi məsələsinə baxacaqlar və bu ziyanın ödənilməsi üçün xüsusi fond da var”.

Diqqətə çatdıraq ki, hazırda Azərbaycanda 1500-dən artıq vəkil fəaliyyət göstərir. 2019-cu ildə ölkədə vəkillərin sayı 2 minə çatacaq.