“Əgər neftin qiyməti 100 dollara qalxsa, bu, davamlı olmayacaq” – BP-nin baş iqtisadçısı

07/11/2018 - 17:52 1 897 0   0  

“Dünya bazarında neftin qiyməti 100 dollar/ barelə qalxa bilər, amma bu, davamlı olmayacaq”.
“Report” xəbər verir ki, bunu Bakıda BP şirkətinin Rusiya və MDB ölkələri üzrə baş iqtisadçısı Vladimir Drebentsov bildirib.
“Neftin qiyməti 100 dollar/barel, hətta ondan çox ola bilər, amma bunun 5 il davam edəcəyini proqnozlaşdırmaq düzgün deyil. Bu səviyyədə qiymət kifayət qədər davamlı deyil”, – deyə o qeyd edib.
İqtisadçının sözlərinə görə, ortamüddətli perspektivdə neftin qiymətlərində geosiyasi faktorlar başlıca rol oynayacaq.
V.Drebentsov bu mənada Venesuelada hasilatın azalmasını və İrana qarşı sanksiyanı qeyd edib: “Neftin qiymətində Venesuela faktoru önəmli faktordur. Burada hasilatın stabilləşəcəyi, yaxud daha da azalacağı məlum deyil. Neftin qiymətinə təsir edən ikinci geosiyasi faktor ABŞ-ın İrana qarşı sanksiyalarıdır. Bu sanksiyalar nəticəsində İran neftinin həcmi bazardan azalır. Amma bazardan azalan İran nefti hələlik fiziki çatışmazlıq yaratmayacaq, çünki Səudiyyə Ərəbistanı azalan həcmləri ehtiyatları hesabına kompensasiya edəcək. Ancaq ortamüddətli perspektivdə əgər İran neftinin nəqli maksimal olaraq azalarsa və Venesuelada hasilat maksimal həcmdə azalarsa, bazarda çatışmazlıq yarana bilər”.
Baş iqtisadçı həmçinin bildirib ki, 2030-cu illərdə ABŞ-da neft hasilatının həcmi Səudiyyə Ərəbistanı və Rusiyadan 2 dəfə çox olacaq. Onun sözlərinə görə, şist neftinin maya dəyəri də azalacaq.