Gözdən əlil, onkoloji xəstə, parkda gecələyən qadına “müjdə”: Süpürgəçilikdən də çıxarıldı - İSYAN/Video

27/12/2018 - 23:05 14 515 0   1  

Bəlkə bunu ilin ən sarsıdıcı, ən qandonduran və ürəkparçalayan xəbəri hesab etmək olar. Hətta bu sətirləri yazarkən adamın tükləri ürpərir, gözünün önünə o acı mənzərəni gətirəndə zəncirlənmiş qollarını qırıb dünyaya haray çəkmək istəyirsən.

Amma heyf ki, nə bizim yazdıqlarımız, nə o talesiz qadının yüz minlərlə insanın izlədiyi video çıxışları bu cəmiyyəti, ölkənin nüfuzlu, imkanlı adamlarını, nazirləri, deputatları, biznesmenləri, özünü xeyriyyəçi adlandırıb sinəsinə döyənləri tərpətmədi.

Süpürgəçinin bayram “hədiyyəsi” - işsizlik!

Yüz minlərlə izləyici reaksiya verdi, onlarla insan yardım əlini uzadacağına söz verdi, efirə çıxıb yaxşılıqdan, mərhəmətdən danışanlar, Zaurun və Xoşqədəmin verilişlərində kimsəsizlərə əl tutmaqdan yekə-yekə pafosla çıxış edənlər, bu ölkənin sərvətini oğurlayıb özünə varidat quranlar, xaricdə biznes, malikanələr yaradanların biri də tükünü tərpətmədi.

Ürəyi zəif olan xəstələrin və azyaşlıların videoya baxması məsləhət deyil...

Və...bu da son - günlərdir barəsində həyəcanla yazdığımız, çağırış etdiyimiz, bank hesabını qoyduğumuz, gözü yaşlı video çıxışlarını təqdim etdiyimiz, körpəsi ilə parkda gecələdiyini fakt olaraq göstərdiyimiz, evsiz-eşiksiz qalan, 123 manatla ac-yalavac yaşayan, uşağını məktəbə qoymağa imkanı çatmayan gözdən əlil, onkoloji xəstə süpürgəçi qadın Nazilə Musayevanı Bərdədə işlədiyi son ümid yerindən də bayram “hədiyyəsi” olaraq azad elədilər.

Artıq onun süpürgəsini də əlindən aldılar ki, daha bir yollarda çürüyən harınlamış məmurların, milyonçuların ayaqlarının altını süpürmə.

123 manat da çoxdur, get, acından öl!

Ona bir bayram müjdəsi verdilər ki, sənə 123 manat da çoxdur, get, acından öl. Və süpürgəçi işindən çıxardanlar özlərinə sual eləmədilər ki, bu kimsəsiz qadın övladı ilə bayram axşamını necə keçirəcək... Sadəcə, ayıb olsun!

Bu xəbəri cahan.info-ya ötən gün axşam saatlarında yaxınları verdilər. Bu xəbəri alar-almaz gücümüz səsimizi xalqa çatdırmaq üçün yazmağa çatdı.

Amma Bərdə icra hakimiyyətinin başçısı Vidadi İsayevin vicdanı oyanmadı ki, bayram qabağı Nazilə Musayevaya yardım eləsin, onu evlə təmin etsin, sevindirsin, bir sahibsizə sahib çıxsın. Çoxmu çətin idi?

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin gecə-gündüz KİV-in xəbər manşetlərindən düşməyən şəklinə, uşaq başı aldadan vədlərinə rəğmən, bu qədər müraciətlərə vicdanı oyanmadı ki, gözdən əlil qadının pensiya probleminin həllinə göstəriş versin. Hərgah, nazirliyin mətbuat katibi Fazil Talıblı redaksiyamızla əlaqə saxlayaraq, problemin həllinə söz vermişdi. Çoxmu çətin idi?

Biz bilirik, hiss edirik, görünür, siz duya bilmirsiz gözdən əlil Nazilə Musayevanın dərd-sərini, ağrılarını, əzablarını...

Məzlum qadına niyə kömək eləmədin, ay Vidadi İsayev?

Qısa arayış verək ki, onu tanımayanlara bir də agah olsun: Nazilə Musayeva kimsəsiz uşaqlar evindən götürülüb, İmişlidə bir ailədə böyüyüb.

Ögey valideynlər tərəfindən uşaq vaxtından əməyi istismar edilib, çoban işləyib, mal-qara saxlayıb. Sonra bu başı bəlalı qadından qurtulmaq üçün onu evli kişiyə ərə veriblər.

Zaman keçib, bir övladı ilə təkbaşına qalan qadını əri tərk edib. Onun evini də əlindən alıb, özünü də küçələrdə qoyub. Bərdəyə gələrək buraya sığınan Naziləyə xeyli müddət jurnalist Xəyyam Salmanzadə dəstək olub.

Amma üç övladı, xəstə həyat yoldaşı himayəsində olan kasıb bir jurnalistin, üstəlik məcburi köçkünün Naziləyə və övladına maddi yardım etməyə nə vaxta qədər gücü çata bilər ki?!

Bu da sondur. Onu süpürgəçilikdən də çıxardılar. Bərdənin icra başçısı Vidadi İsayev “uf” da demədi, bu böyük rayona rəhbərlik edən məmur bir süpürgəçi əlilə də sahib çıxmadı.

Şəhidi saymırsan sayma, köçkünü qapıdan qovursan qov, sahibkarı incidirsən incit, bəs yaxşı gözdən əlil, azyaşlı övladı ilə küçədə gecələyən bir məzlum qadına niyə kömək eləmədin, ay Vidadi müəllim?

Sahil Babayev, sizə nə deməli?

Yaxud cənab nazir - Sahil Babayev, sizə nə deməli? Az qala bu nazirliyin ölkənin ən yaxşı işləyən strukturu kimi təqdim etməyə çalışırsız. Bəs, nə üçün mətbuat xidməti əlaqə saxladı, amma bir əlillik pensiyası düzəlmədi?

Bu ölkənin 120 deputatının hər biri 100 manat yardım eləsəydi, Naziləyə 12 minə Bərdədə bir daxma almaq olardı. Etmədilər. Axı onların maaşı özlərinə çatmır?!

Hətta çarəsiz duruma düşən qadın “Lotu Quli”yə, Rövşən Lənkəranskinin anasına, Şeyxə, Hacı Şahinə, ölkənin nüfuzlu adamlarına ağız açdı. Kimsədən səs çıxmadı.

Azyaşlı uşağının çəkdiyi müsibətlərə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədri Hicran Hüseynova reaksiya belə vermədi. Bəs dövlətin komitəyə ayırdığı pullar, qrantları necə yeyirsiniz, hara sərf edirsiniz?

Xaricdə villalar alanlar, Yeni il keçirənlər...

Xaricdə villalar alan, bizneslər quran indiki və keçmiş nazirlər o qadını sevindirsəydilər, nə olardı? Holdinq rəhbərləri, müğənnilərə bahalı maşınlar bağışlayanlar Naziləyə kömək olsaydı, pulları azalardı?

Bu gün hamı bayrama hazırlaşır, süfrəsini zəngin qurmaq üçün bazarlıqlar edir, kimiləri Dubayda, Antalyada, Bakuranidə Yeni ili qarşılamağa böyük pullar xərcləyir, təyyarə biletləri artıq alınıb. Amma o vəzifəlilərin heç birindən səs çıxmadı.

Naziləyə kömək vəd edən sosial şəbəkələrdə olanlar komputer arxasında şirə döndülər, heç bir yardım eləmədilər. Yeri gəlib artıq deməliyik: gözləyirsiniz Nazilə ölsün, sonra ah-vay eləyəsiniz? - Ayıbdır!

Məmurlar niyə gözləyirlər ki, bütün çarəsiz insanlara ancaq prezident və xanımı kömək etməlidir. Məmurlar da onların yarısı qədər mərhəmət göstərməklə dövlət rəhbərliyinə dəstək verməlidirlər. Biz isə bunun əksini görürük.

Hüseynqulu Bağırovlar, Hadı Rəcəblilər, Zakir Fərəcovlar, ürəyiniz sızlamadı?

Bu ölkədə hava haqqında məlumat verə-verə Britaniyada oğluna əmlaklar alan Hüseynqulu Bağırovlar, deputat maaşından gileylənib Lənkəranda “Palıdlı sahil” istirahət mərkəzi işlədib “qaz vurub, qazan dolduran” Hadı Rəcəblilər, qızına 400 minlik toy eləmiş Qüdrət Şükürovlar, Sumqayıtı özəlləşdirən Zakir Fərəcovlar, Çexiyada əmlakları olan Kərəm Həsənovlar, Qarabağdan, milli qeyrətdən danışanlar, özlərini

ölkənin əhəmiyyətli siyasət adamları sayan, milli maraqlarımız üçün çalışdıqlarını deyən biznesmenlər, şəhidlərə qan pulu verməyə hazır olduğunu deyən Fizuli Məmmədov, professor İlham Rəhimov və onlarla belə insanlar bu qədər müraciətlərə, imdad, haray səsini ucaltmasına baxmayaraq, Azərbaycan qızına - Naziləyə sahib çıxmadılar, balasını bu bayramda sevindirmədilər. Axı o uşaq da bütün övladlar kimi bayram keçirmək, Şaxta babadan hədiyyə almaq istəyir?!

Amma bu qədər biveclik, bu qədər laqeydlik gözləmirdik. Bir ananı balasının qarşısında göz görə-görə məhv edirsiniz və milyonları altına yığanlar isti otaqlarında zərrə qədər bu qışın şaxtasında küçədə qalan ana-bala üçün ürəkləri yanmadı.

Nə deyirik, Allah görür, hər kəsin ürəyinə görə verir. Nazilənin və balasının da ürəyinə görə bir gün yox yerdən, zil qaranlıqdan bir qapı açılacaq, bir günəş doğacaq. Ona görə də hələ də ümidini itirməyən, ümid sonda ölür deyibən övladı üçün yaşayan Nazilə Musayeva Azərbaycan dövlət rəhbərliyindən, prezident İlham Əliyevdən, Mehriban Əliyevadan və uca xalqdan hələ də kömək gözləyir. Siz bu bayram qabağı Tanrı və insanlıq naminə, köməklik göstərin, o qadını sevindirin...