''Gəncə işi'' MƏHKƏMƏDƏ

02/01/2019 - 00:00 9 790 0   0  

İbtidai istintaq yekunlaşsa da, prosesin nə vaxt başlayacağı bəlli deyil.

Gəncə hadisələri ilə bağlı həbs edilən daha 6 nəfərin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Bildirilir ki, bir neçə maddə ilə ittiham edilən Elman Məmmədov, Elvin Nəzərov, Elvin Allahverdiyev, Nemət Heydərli, Renat Məmmədov və Vüqar Xudiyevin barələrində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib.

Ancaq məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Cinayət işində 17 zərərçəkmiş var.

Sentyabrın 28-də Baş prokuror Zakir Qaralov jurnalistlərə bildirib ki, Gəncə hadisələri ilə bağlı 77 nəfər cinayət məsuliyyətinə cəlb olunub, 11 nəfər haqqında axtarış elan edilib.

Bir qrup şəxsin cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Mahmudovun və digər hakimlər Dadaş İmanovla Məhəmməd Bağırovun icraatlarına verilib.

Rəsmi məlumata görə, 2018-ci ilin iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada

yüksək rütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirilib.

Fakt üzrə Respublika Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılaraq prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Hadisələrdən sonra hüquq- mühafizə orqanlarının əməkdaşlarının əmrinə tabe olmayaraq silahlı müqavimət göstərən 6 şəxsin öldürüldüyü bildirilir.(report)