Ermənistan 4 tərəfli izolyasiyaya doğru - kritik 10 gün

28/11/2018 - 09:50 2 416 0   0  

“Məxməri inqilab”dan 6 aydan çox keçsə də, Ermənistan yenə regionun ən kasıb, ən geridə qalmış ölkəsi olaraq qalır. Necə deyərlər, hakimiyyətə “demokratlar”ın gəlişi də sıravi erməninin sosial-iqtisadi durumunda müsbət dəyişiklik yaratmayıb. Çünki yeni hökumət də əvvəlkilər kimi ölkənin iqtisadi inkişafı və yüksəlişini Dağlıq Qarabağ probleminin həllindən kənarda görür, sərt gerçəyi yaxına buraxmaq istəmir.

Demək, 9 dekabr parlament seçkilərində Nikol Paşinyan və tərəfdarları qalib gəlsə də, ermənilər tezliklə ağ günə çıxmayacaq və ölkədaxili durum təlatümlü olaraq qalacaq. Hətta əks-inqilab da mümkün görünür. Hələliksə ortalıqda yalnız Nikol Paşinyanın populist bəyanatları uçuşur - o cümlədən Dağlıq Qarabağ məsələsi ilə bağlı. Paşinyanı iqtidara gətirmiş narazı xalq bu bəyanatlarla yəqin ki, uzağı seçkilərə kimi yaşayacaq, ondan sonra isə eyforiya dönəmi bitəcək...

*****

Qarabağdan söz düşmüşkən, dünən Paşinyan bir daha konfliktə yanaşmada özünün populist, qeyri-real istəyini ortaya qoyub. “Yeni Müsavat”ın “Azadlıq radiosu”nun erməni redaksiyasına istinadən verdiyi məlumata görə, seçki kampaniyası çərçivəsində seçicilərlə görüşdə baş nazir əvəzi bəyan edib Dağlıq Qarabağdakı separatçı rejim müstəqil tərəf kimi mütləq birbaşa danışıqlara qoşulmalıdır. Guya bunsuz konfliktin həlli mümkün deyil. 
“İndiki məqamda Dağlıq Qarabağın statusunun dəqiqləşməsi vacibdir. Biz Qarabağın danışıqlar stoluna qayıtması məsələsində ardıcıl olacağıq. Dağlıq Qarabağın statusu dəqiqləşmədən nizamlama mümkün deyil, ola bilməz. Və biz deyirik ki, bu məsələdə xalqla hökumətin mövqeyində bir millimetr də fərq yoxdur”, - deyə erməni baş nazir əvəzi yenə özündən razı şəkildə bildirib.
Azərbaycan isə Dağlıq Qarabağın mümkün statusunu bir neçə dəfə, rəsmi səviyyədə bəyan edib - ölkə sərhədləri daxilində ən yüksək muxtariyyət. Bu, rəsmi Bakının gedə biləcəyi ən böyük güzəştdir. Təbii ki, Azərbaycan bundan artığını özünə rəva bilib ərazi bütövlüyünü təhlükə altına atmayacaq. Bunu vasitəçi ölkələr də, İrəvanın yeni və köhnə rəhbərləri də əla bilirlər.
Onu da yaxşı bilirlər ki, Bakı separatçı rejimlə birbaşa danışıqlara getməyəcək. Çünki bu münaqişə Bakı ilə Xankəndi arasında deyil, Azərbaycana qarşı ərazi iddiasında olan Ermənistanladır - hansı ki, beynəlxalq sənəd-qətnamələrdə də öz əksini tapıb.

*****

“Dağlıq Qarabağ məsələsində Paşinyanın mövqeyi konstruktiv deyil. Onun separatçıları danışıqlara bərabər hüquqlu tərəf kimi qoşmaq tələbini rəsmi Bakı qəti şəkildə qəbul etməyəcək. Bu tələb ATƏT-in Minsk Qrupu çərçivəsində təsdiqlənmiş mövcud danışıqlar formatını darmadağın edir”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə rusiyalı siyasi şərhçi Mixail Belyayey “Vestnik Kavkaza” portalındakı məqaləsində yazıb.
Onun sözlərinə görə, son aylar Qarabağ cəbhəsində nisbi sakitlik sülh prosesində real irəliləyiş olmayacağı təqdirdə uzunmüddətli ola bilməz: “Paşinyanın əsirləri ”hamını hamıya" prinsipi ilə dəyişmək təklifindən kəskin imtinası tərəflər arasında etimad mühiti yaratmaq ümidini puç edir - hansı ümid ki, Düşənbədə İlham Əliyevlə Nikol Paşinyan arasında ilkin anlaşma nəticəsində yaranmışdı. Ermənistan ətrafında geosiyasi vəziyyət ona yaxşı heç nə vəd eləmir".
Bu yerdə analitik öz yazısında işğalçı ölkə ətrafındakı son durumla bağlı politoloq Andrey Areşevin fikrinə yer ayırıb: “Dekabrın 1-dən Gürcüstandan Ermənistana yerüstü vasitələrlə taxıl daşınması qadağan olunacaq. Yanvarın 1-dən isə Qafqaz limanı vasitəsilə əlaqə kəsiləcək. Faktiki belə çıxır, indi Ermənistanın sərhədləri 2 tərəfdən (Azərbaycan, Türkiyə - ”YM") yox, 4 tərəfdən bağlanmaqdadır. Ən azından, qalan iki tərəflə əlaqə çətinləşib. İranla, Gürcüstanla niyə çətinləşib - aydındır. Qarabağ nizamlaması, Boltonun səfərindən dolayı təzyiqlər barədə hamı məlumatlıdır".
Siyasi şərhçiyə görə, hazırda erməni cəmiyyətində böyük dəyişikliklərə ümidlə bağlı yaşanan ifrat nikbin ovqat Paşinyan və komandası üçün təhlükəlidir: “Çünki reytinqə ən güclü zərbəni doğrulmayan gözləntilər vurur. Paşinyan isə hələ də ölkə qarşısında duran təhdidlərlə bağlı sistemli cavablar verə bilməyib. Paşinyanın rəhbərliyi altında yeni və guya ”demokratik" Ermənistana Qərb və diasporun nəhəng pullar ayıracağı ümidi də özünü doğrulmur. Blokada şəraitində olan Ermənistanın Qərb üçün sərmayə cəlbediciliyi aşağı olaraq qalır. Erməni diasporu bu il rekord həcmdə az - cəmi 11 milyon dollar ianə yığıb. Yaranmış durumda İrəvan üçün həyati dərəcədə vacibdir ki, özünün ağır iqtisadi problemlərinin həlli və blokadadan çıxmaq üçün yollar axtarsın və real addımlar atsın. Əks halda, ölkə permanent daxili siyasi qarışıqlıq vəziyyətinə girəcək ki, bu da Ermənistan üçün labüd fəlakətə gətirəcək".

*****

Bu arada işğalçı ölkə ilə bağlı maraqlı, eyni zamanda ibrətamiz hadisə baş verib. Belə ki, dünən dörd ölkə - Azərbaycan, Türkiyə, Gürcüstan və Ukrayna İrəvanda işinə başlamış Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 52-ci iclasında erməni spikerdən yubiley medalını almaqdan imtina edib (virtualaz.org). Məlumata görə, giriş nitqindən sonra Ermənistan parlamentinin sədri Ara Babloyan təşkilatın 25 illiyi münasibətilə bütün milli nümayəndə heyətlərinin medallarla təltif olunacağını elan edib. Lakin qəfildən Azərbaycan, Türkiyə, Gürcüstan və Ukraynanın nümayəndə heyətləri medallardan imtina edib.
Gürcüstan nümayəndə heyətinin üzvü (iclasda heyətin sədri iştirak etməyib) vurğulayıb ki, nümayəndəliyin sədri bu mükafatı qəbul etməkdən imtina edir və səbəbinin müzakirə olunmamasını xahiş edir. Azərbaycan nümayəndə heyətinin sədri Eldar Quliyev bildirib ki, bu postda qısa müddətdir olduğundan vicdanı bu cür mükafatı qəbul etməyi rəva bilmir. Quliyev onu da əlavə edib ki, məsələ siyasətlə əlaqədar deyil. Türkiyə nümayəndə heyətinin sədri də vurğulayıb ki, medalı qəbul etmək şərəfinə malik deyil. Ukrayna nümayəndə heyətinin sədri Çubarov gürcüstanlı həmkarı kimi Yerevandakı iclasa gəlməyib və yazılı formada medaldan imtina edib.
Belə münasibətdən pərt olmuş Babloyan isə məcburən xatırladıb ki, mükafatlar təkcə sədrlərə yox, həm də əsrin 1/4-ni təşkilatda vicdanla işləyən nümayəndə heyətlərinə şamil olunur. Lakin QİƏT Parlament Assambleyasının Azərbaycandan olan baş katibi Asəf Hacıyev bildirib ki, yaranmış vəziyyəti faciəyə çevirməyə ehtiyac yoxdur. Həmçinin vurğulayıb ki, Türkiyə nümayəndə heyətinin sədri hələ heç təsdiq də olunmayıb. Nəticədə, Babloyan baş katibin məsləhətinə əməl edərək bildirib ki, bu dəfəki iclasda medalı qəbul etməyənlər növbəti iclaslarda, məsələn, Bakıdakı toplantıda edə bilərlər.

*****

Bu olay əslində daha çox siyasi mahiyyət daşıyır. Yəni Ermənistana üç qonşu ölkənin, üstəgəl, ərazisinin bir hissəsi Ermənistanın hərbi-strateji müttəfiqi Rusiya tərəfindən işğal edilən Ukraynanın münasibətini göstərir; bir növ mənəvi boykot anlamına gəlir. Xatırladaq ki, Azərbaycan, Gürcüstan və Ukrayna GUAM üzrə müttəfiqlərdir.
Ermənistan isə həqiqətən də 4 tərəfli blokadaya doğru gedir. Səfalət, ilbəil ağırlaşan blokada rejimi, düşmən əhatəsində yaşamaq, labüd müharibəyə tuş gəlmək, yoxsa nəhayət ki, əsas qonşularla anlaşıb blokadadan çıxmaq, iqtisadi rifaha üz tutmaq? Seçkilərə (9 dekabr) qalan kritik 10 gündə erməni xalqı həqiqətən tarixi seçim barədə ciddi götür-qoy etməli olacaq.