8 ayda 2 dəfə baş nazir təyin edilən inqilab liderinin həll etməli olduğu əsas məsələ; ölkədə yeni narazılar kütləsi yetişir; erməni nəşrindən SOS!: “9 dekabrdan sonra zaman Paşinyan və kabinetinin əleyhinə işləyir...”
Ermənistanda yeni hakimiyyət rəsmiləşdi. Nikol Paşinyan inqilabdan sonra keçən 8 ayda prezident Armen Sərkisyan tərəfindən ikinci dəfə baş nazir təyin edilməklə tam legitimlik qazandı və düşmən ölkədə hakimiyyət dəyişikliyi başa çatdı.
Maraqlı və qəribədir ki, bu dəfə Nikola ilk və “isti” təbriklər Qərbdən, ABŞ-dan yox, postsovet ölkələrindən - Paşinyana gizli antipatiyası olan Rusiya lideri Vladimir Putindən və Belarus prezidenti Aleksandr Lukaşenkodan gəlib - hansı liderlər ki, ABŞ və Avropa Birliyi yetkililəri və rəsmilərindən fərqli olaraq, 9 dekabr növbədənkənar parlament seçkilərində Paşinyanı qələbə münasibətilə təbrik etməyi özlərinə rəva görməmişdilər.
*****
Lakin təbriklər, səmimi arzular hələ N.Paşinyan və komandasının daxili və xarici siyasətdə uğurlu ola biləcəyi anlamına gəlmir. Artıq Ermənistanın irili-xırdalı bütün problemlərinə rəsmən sahib çıxmış sayılan yeni baş nazir ilk növbədə onu iqtidara gətirmiş narazı kütlənin əsas gözləntisini doğrultmalıdır. Çünki ictimai etimad məsələsi buna birbaşa bağlıdır.
Söhbət ən əvvəl əhalinin güzəranını inqilabdan əvvəlki ilə müqayisədə yaxşılaşdırmaqdan, yeni iş yerləri açmaqdan, yoxsulluğun və ölkədən kütləvi köçün səviyyəsini minimuma endirməkdən gedir. Hələ ki bu yöndə təzə hökumət uğura nail ola bilməyib. Ötən 8-9 ayda bu hökumət daha çox korrupsiya ilə mübarizə adı altında köhnə komandanın oliqarxik üzvlərinin həbsi və təqibi ilə, yeni populist bəyanatları ilə yadda qalıb ki, bununla da erməni xalqının qarnı doymur.
Artıq Paşinyanın qatı tərəfdarları arasında da bu xüsusda məyusluq baş qaldırmağa, hətta SOS siqnalları verilməyə başlayıb.
*****
“Son 8-9 ayda xalq kifayət qədər tamaşa gördü. Tamaşa baxımından qıtlıq olmadı”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə Paşinyanın və “məxməri inqilab”ın tərəfdarı kimi tanınan 1 in.am erməni nəşrində dünən siyasi şərhçi Sərkis Arsruni yazıb.
Lakin məqalə müəllifinə görə, 9 dekabr parlament seçkiləri artıq dönüş nöqtəsi olub: “Ona görə ki, siyasi arenadan köhnə sistemi restavrasiya eləmək istəyənlər uzaqlaşdırılıb və zaman artıq Nikol Paşinyanın və onun hökumətinin əleyhinə işləyir. Çünki ”qaralar" daha siyasi faktor deyil və onlara qarşı kontur-təbliğat inqilab komandasına çətin ki, dividentlər gətirsin. Tamaşa mərhələsi öz aktuallığını itirib və bundan sonra cəmiyyəti hay-küylü həbslər və ifşa hadisələri ilə konsolidasiya eləmək mümkün olmayacaq. Şərti desək, xalqı çörəklə təmin eləmək, Paşinyanın öz sözləri ilə desək, “iqtisadi inqilab” zamanı yetişib. Əhali öz həyatının keyfiyyətinin yaxşılaşması, iqtisadi inkişaf istiqamətində hökumətdən konkret nəticələr gözləyir".
Erməni KİV-ində yeni hökumətin iş qabiliyyətli olmasına şübhə də yer alır. “Ancaq yeni parlamentin ilk iclasları göstərdi ki, inqilabi blok heç də kompakt, zəruri keyfiyyətlərə malik siyasi komanda deyil - hərçənd bu, hətta parlament seçkilərinədək də görünürdü: kadr siyasəti Nikol Paşinyanın ”Axilles dabanı"na çevrilib", - deyə məqalə müəllifi təəssüflə qeyd edib.
Bundan daha mühüm məqam, nəticə kimi isə o, ötən aylar ərzində Nikol Paşnyanın ölkədə effektiv və işlək sistem yaratmağa nail ola bilməməsini göstərir. “Belə görünür, inqilab sonrası ilk hökumətin gələcəklə bağlı dəqiq ifadə olunmuş yanaşması da yoxdur. Parlament seçkiləri hakimiyyətə legitimlik verdi, siyasi keyfiyyət yox. Və dünənki (srağagünkü - ”YM") təzədən təyinatdan (Paşinyanın ikinci dəfə baş nazir təyin edilməsi nəzərdə tutulur - “YM”) zaman açıq-aşkar Paşinyan və kabinetinin əleyhinə işləyir", - deyə məqalədə xəbərdarlıq edilir.
*****
Son günlər Ermənistandan gələn xəbərlər məqalədəki ovqatı bir daha təsdiqləyir. Ölkənin ayrı-ayrı yerlərində sosial-iqtisadi tələblər, bağlanan iş yerləri ilə bağlı başlayan etirazlar hələ ki siyasi tələblərlə müşayiət olunmasa da, görünən odur ki, Ermənistanda yeni narazı təbəqə yetişir. Bu isə həmin təbəqədən siyasi məqsəd üçün istifadə edəcək yeni siyasi qüvvənin - yeni müxalifətin meydana çıxmasını istisna eləmir.
Əlbəttə ki, çox şey Paşinyan və komandasının yaxın aylarda iqtisadi sferalarda, sosial bərabərlik sahəsində yaxşıya doğru nə dərəcədə inqilabi dəyişikliklər edə biləcəyindən asılı olacaq. Bu isə hər şeydən öncə ölkədə düzgün və işlək iqtisadi münasibətlər sistemi qurmaqdan, dərin islahatları reallaşdırmaq və böyük xarici sərmayəni cəlb eləmək bacarığından asılı olacaq.
Əksər təhlilçilərə görə, Ermənistan ağır blokada rejimində və Rusiyadan güclü siyasi-hərbi, iqtisadi-energetik asılılıqda qaldıqca, Dağlıq Qarabağ məsələsində irəliləyiş olmayınca bu dəfələrə çatmaq mümkün olmayacaq. Xarici siyasət isə bir qayda olaraq, daxili siyasətin davamı sayılır.
Məsələn, öncələrdə yazdığımız kimi, Azərbaycan Gürcüstan kimi Ermənistana da ucuz qaz verə bilər. Bir şərtlə. Onu son olaraq, Azərbaycan prezidenti İlham Əliyev xalqa Yeni il təbrikində belə ifadə edib: “Mövcud ağır, böhranlı vəziyyətdə Ermənistanın yalnız bir çıxış yolu var: Azərbaycanla münasibətləri normallaşdırmaq. Biz buna hazırıq. Ancaq bunun üçün bir şərt var - Ermənistan silahlı qüvvələri işğal edilmiş ərazilərdən çıxarılmalıdır”.
Necə deyərlər, “top” Ermənistanın meydanındadır...
Ermənilər tamaşa yox, çörək istəyir - Bakının şərti qəbul olunsa...