Erməni gülləsinə tuş gələn qadın danışdı: "Hiss etdim ki, qulağım yandı"

27/12/2018 - 11:52 2 686 1   0  

Dekabrın 26-da günün ikinci yarısında Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin Ağdam rayonunun Mirəşelli kəndi ərazisində qəbiristanlıqda mülki şəxsləri atəşə tutması nəticəsində bir nəfər xəsarət alıb. Xəsarət alan şəxs 1945-ci il təvəllüdlü Allahverdiyeva Dilşad Allahverdi qızıdır.

Hadisə ilə bağlı Dilşad Allahverdiyeva Open.az-a açıqlamasında bildirib ki, Bakıdan Ağdama qardaşının həyat yoldaşının ildönümü üçün gəlib: "Mənimlə birgə 20-ə yaxın insan qəbir üstünə ziyarətə getmişdik. Elə təzəcə içəri təzə girmişdik ki, atəş səsləri eşitdik. Düzü fikir vermədim. Birdən hiss etdim ki, qulağım yandı. Əlimi qulağıma tutdum gördüm ki, güllə qulağıma dəyib qan gəlir. Tez qohumlarımın hamısı məni xəstəxanaya apardı. Xəstəxanada yardım etdilər, iynə vurdular. İndi yaxşıyam. Heç ziyarətimizi edə, şəhid qardaşlarım, anam və başqa qohumlarımın qəbrinə baş çəkə bilmədim".