“DÜŞÜNMƏLİYİK Kİ, PUTİNDƏN SONRA NECƏ OLACAQ…” – “Paşinyan xalqın gözlədiyi şəxsdir”

13/12/2018 - 12:25 8 434 0   0  

“Ermənistanda hakimiyyətə erməni xalqının çoxdan gözlədiyi şəxs gəlib. Bu çox obyektiv prosesdir. Əgər o, xalqın illərdir həllini gözlədiyi problemləri çözə bilsə, hakimiyyətdə qalacaq”.

Suveren.az-ın məlumatına görə, bunları Rusiya prezidenti Vladimir Putinin tələbə yoldaşı, professor İlham Rəhimov “Yeni Müsavat” qəzetinə müsahibəsində Ermənistandakı hakimiyyət dəyişikliyi ilə bağlı sualı cavablandırarkən deyib.

İ.Rəhimovun fikrincə, Nikol Paşinyan Rusiya ilə münasibətlərə xələl gətirməməyə nail olsa hakimiyyətdə qalacaq və bir çox problemlərin həllinə nail olacaq. Sitat:“Söhbət Rusiya ilə münasibətlərə xələl gətirmədən Qərbə istiqamətlənməkdən və cəmiyyətin demokratikləşməsindən, Qarabağ məsələsinin nizamlanmasından, sosial problemlərin həllindən, Köçəryanla, Sərkisyanın Qarabağ klanını sakitləşdirməkdən və onlarla işbirliyinə nail olmaqdan, bu problemlərin çözümündə erməni diasporunun fəaliyyətindən effektiv istifadə edilməsindən gedir. Düşünürəm ki, Paşinyan, iqtidara gəlməzdən öncə Rusiyanın reaksiyasını nəzərə almaq şərti ilə artıq birinci problemin həllinə yönəlik ehtiyatlı addımlar atıb. Bu, çətin yoldur – iki stulda oturmaq olar, ancaq bu çətindir. Yalnız Paşinyan deyil, bütün Ermənistan bilir ki, Qarabağ məsələsini Rusiyasız çözmək mümkün deyil”.

Professor hesab edir ki, bütün bunlara baxmayaraq Ermənistanda sosial problemləri aradan qaldırmaq mümkün olmayacaq: “Çünki Ermənistanın illərdir kök salan problemləri aradan qaldırmaq üçün iqtisadi gücü və geopolitik üstünlükləri yoxdur. Bundan başqa, əgər Ermənistan Qərbə çox yaxınlaşsa, Rusiya ona yardımı dayandıracaq. Paşinyan onu da dərk edir ki, Rusiya heç zaman Ermənistanla bağları qırmayacaq. Yalnız tarixi bağlar deyil, dünyanın indiki siyasi gündəmi bunu tələb edir. Bir sözlə, Rusiya Ermənistana gərək olduğu kimi, Ermənistan da Rusiyaya lazımdır. Reallıq belədir və biz Paşinyan iqtidara gəlib deyə, Rusiya Ermənistanı himayə etməyəcək illiziyalarından qurtulub bu reallıqla barışmalılyıq”.

İ.Rəhimov daha sonra mövzunun davamında iddia edib ki, Putin və onun komandası Qarabağ probleminin həll edilməsinə çalışır: “Ermənistanda proses başalayana qədər də Azərbaycanla Rusiya arasında əlaqələr çox yüksək səviyyədə idi. Söhbət yalnız iki prezident arasında böyük etibara söykənən münasibətlərdən getmir. Ölkələrimiz arasında sözün geniş anlamında çox isti münasibətlər var. Bu gün üçün iki ölkə arasında mübahisəyə, geniş müzakirəyə səbəb ola biləcək heç bir məsələ yoxdur. Putinin hakimiyyətə gəlişindən sonra iki ölkə arasında əlaqələr çox möhkəmlənib. Siz Yeltsinin dönəmində Qarabağ məsələsinin ədalətli çözümü ilə bağlı Rusiya rəhbərliyinin hansısa bəyanatını xatırlayırsınızmı? Yeltsin birmənalı şəkildə bu məsələdə Ermənistanın tərəfində idi. Real və obyektiv dəyərləndirmək lazımdır – Putin və onun komandası Qarabağ məsələsinin çözümünə çalışır. Hələlik səylər nəticəsizdir – bu artıq ayrı məsələdir. Hər halda Rusiya hər iki tərəfi razı salan yollar haqqında düşünür. Gələcəyə baxmaq gərəkdir. Putin hakimiyyətdə əbədi deyil. Rusiyanın Qarabağ siyasəti Putindən sonra necə olacaq – bunu indidən düşünməliyik”.