"Çukur"un azərbaycanlı aktyoru ilə MÜSAHİBƏ: "Mesaj yazdı ki, sənə nifrət etdim"- VİDEO

10/12/2018 - 18:37 2 893 0   0  

“Çukur”un Türkiyənin ən çox izlənilən seriallarından biri olduğunu desək, yanılmarıq. “Show TV”də efirə gedən seriala Azərbaycanda da maraq olduqca yüksəkdir.

Ssenarisi ilə tamaşaçıların diqqətini cəlb edən serialda azərbaycanlı aktyor da yer alır. Bu, “Lal Fındık” obrazı ilə tamaşaçıların rəğbətini qazanan həmyerlimiz Ramin Nəzirdi.

Yenicag.az saytına müsahibə verən Ramin Nəzir Türkiyəyə köçməsindən, yaradıcılıq fəaliyyətindən, “Çukur”a necə dəvət almasından danışıb…

– “Çukur”u izləyənlər sizin azərbaycanlı olduğunuzu bilsə də, barənizdə yetərincə məlumata sahib deyillər. Əvvəlcə, özünüz haqqında məlumat verməyinizi xahiş edirik.

– Çox kiçik yaşlarımda ailəlikcə Türkiyənin İstanbul şəhərinə köçdük və burada yaşamağa başladıq. 22 ildir ki, İstanbuldayam. Burada kompüter proqramları üzrə təhsil aldıqdan sonra, Müjdat Gezen adına sənət məktəbində aktyorluq fakültəsindən məzun oldum. Məktəbi bitirməyə 4 gün qalmış rəqs müəlliməm Pınar Ataer məktəbin təsisçisi, eyni zamanda da Müjdat Gezen teratrının sahibi olan, sənətçi, sənət müəllimi, teatr ssenari yazarı və rejissoru Müjdat Gezen tərəfindən həyata keçirilməli olan aktyor seçimlərinə qatılmağımı istədi. Mən də seçimlərə qatıldım. Burada Müjdat Gezen məni gördü və “səhnəyə çıx, oğlum” dedi. Çıxdım, mənə baxdı və daha sonra “yaxşı, artıq düşə bilərsən” söylədi. Səhnədən enəndə köməkçisi Can yanıma gəldi və ad, soyadımı, nömrəmi soruşdu. Məlumatları təqdim etdikdən sonra Müjdat Gezen mənə “səni 1 sentyabrda teatrın məşqlərinə gözləyirəm” dedi. Həmin gün ora getdiyimdə mənə “7 Kocalı Hürmüz” teatr kitabını verdi və “bu obrazı oxu” söylədi. Kitabı oxuduqdan sonra sentyabrın 4-ü, saat 1-də “7 Kocalı Hürmüz” teatr tamaşasının məşqinə qatılmağımı istədi. Həmin gündən etibarən Müjdat Gezenin səhnələşdirdiyi və yazdığı bütün teatr tamaşalarında rol alıram. Beləliklə, sənət həyatıma başlamış oldum.

– Azərbaycandan Türkiyəyə köçməyinizin tarixçəsini bilmək maraqlı olardı. Bu addımı atmağınıza nə səbəb oldu?

– Atamın işləri səbəbi ilə İstanbula köçdük.

– Qardaş ölkə Türkiyədə teatra olan maraq nə dərəcədədir?

– Ümumiyyətlə, Avropadakı kimi deyil. Maraq daha azdır. Ancaq yenə də Müjdat Gezen, Ferhan Şensoy və Haldun Dörmen kimi teatr sənətçilərinin tamaşalarının məlum izləyicisi var. Xüsusi ilə Müjdat Gezenin ciddi bir tamaşaçı kütləsi var. Dediyim kimi, teatra maraq kino və seriala nisbətən azdır.

– Əvvəllər “7 Kocalı Hürmüz” və “Artist Mektebi” layihələrində iştirak etsəniz də, daha çox “Çukur”la məşhurlaşdınız. “Çukur” serialına necə dəvət aldınız?

– “İlker Ayrık ile Acayip Tipler” adlı televizor tamaşası çekdik. Veriliş 6 bölüm çəkildi, sonra isə verilişin dayandırılacağı bildirildi. Əhvalım tamam pozulmuşdu. İki gün sonra axşam saatlarında telefonuma zəng gəldi. Zəng edən aktyor dostum Cengiz Gezgin idi. O, “Çukur” serialı ilə əlaqədar mənimlə görüşmək istədiklərini bildirdi və menecerin nömrəsini verdi. Mənecer mənə vəziyyəti izah etdi və məndən şəkillərimlə birgə video görüntülərimi istədi. Mən də öz növbəmdə göndərdim. Elə bilirdim ki, cəmi 1 bölümə çəkiləcəm.

– Bəs, sonra?

– Menecer bir gün sonra zəng edərək “Çukur” serialını çəkən “Ay Yapım” şirkətinin mənimlə görüşmək istədiyini dedi. Mən də getdim. İçəri daxil olanda bir xanım mənimlə söhbətləşərək obrazı izah etdi. Sonra da mənə dedi ki, sən komediya aktyorusan, biz isə dram çəkirik. Məndən daha əvvəl dram janrında çəkilib-çəkilmədiyimi soruşdu. Mən isə indiyədək heç bir serialda yer almadığımı bildirdim. Kameranı açdı və mənə “hər hansı bir dram oyna. Nə istəyirsənsə…” dedi. Çox sevdiyim film olan “Asmalı Konak Hayat” filmindən psixologiyası pozulmuş, həyat yoldaşını itirmiş bir adamın səhnəsini canlandırdım. Həmin rolda ağlamaq lazım idi. Mən də oynadım. Kameranı söndürüb mənə “ağlamağı necə bacarırsan?” dedi. Təsirlənmişdi… Çəkilişin nə qədər davam edəcəyini soruşanda mənə “davamlı obraz olaraq çəkiləcəksən” deyə bildirdi. Yəni, bir-iki bölüm deyildi, həyəcanlandım. Məni “Çukur” serialının rejissoru olan Sinan Öztürk ilə tanış edəcəyini dedi. Və iki gün sonra bu, baş verdi. O, obrazın adının “Lal Fındık” olduğunu bildirdi. Qəddar, eyni zamanda tərs üzü olan, danışmadan üz ifadələri ilə fikrini çatdıran obraz idi. Və bütün bunlarla yanaşı sevimli obraz olmalıydı. Sinan Öztürk mənim çox sevimli olduğumu dedi. Ertəsi gün Erkan Avcı (“Çeto”), Berkay Ateş (“Mahsun”) və mən kamera qarşısına keçdik. Çəkilişdən sonra “zəng edəcəyik” dedilər. İki gün sonra menecer zəng etdi. Təbrik edərək “Çukur”a seçildiyimi bildirdi. Və beləcə müqavilə imzalayaraq seriala daxil oldum.

– “Lal Fındık” obrazı xaraktercə sakit, dinməz olsa da, onun lazım gəldiyi anda acımasız olduğunu da gördük. Buna ikinci sezonun 5-ci bölümündə şahidlik etdik. Canlandırdığınız obrazla özünüz arasında nə kimi fərqlər var?

– “Lal Fındık “ sakit, səssiz və bir addım atmadan öncə onu planlaşdıran biridir. O, hər kəsdən hər an mənfi hərəkət gözləyir. Hissiyatı çox güclüdür. Hər zaman hər şeyə hazırdır. Sadəcə, işini görən biridir. Eyni zamanda sadiq və mərhəmətlidir. Çox sadiqdir. Bunlar mənim həyatdakı xarakterimlə eyni xüsusiyyətlərdir.

– İzləyici olsaydınız, hansı tərəfdə olmaq istərdiniz – “Kara kuzular”ın, yoxsa “Çukur”un?

– “Kara kuzular”ın. Çünki oradakı “Çeto” və “Lal Fındık”ın bir hekayəsi var. “Çeto” niyə qəddardır? “Lal Fındık” niyə danışmır? Bunların hekayəsini öyrənmək üçün yenə də “Kara kuzular”ın tərəfində olardım və diqqətlə izləyərdim.

– “Lal Fındık”ın serialda səsi çıxmasa da, “Çukur”da oynamağınızın səsi Azərbaycana qədər gəlib çıxdı. Burada yaşayan yaxınlarınız bunu necə qarşıladı?

– Onlar üçün sürpriz oldu. Mənim incəsənət məktəbində oxuduğumu heç kim bilmirdi. Bundan ailəm də xəbərsiz idi. Yalnız 6 ay keçdikdən sonra öyrəndilər. Seriala daxil olduğumda ailəmdən başqa heç kimin xəbəri yox idi. Mafiya və qəddar adam rolunda oynamağıma çox təəccübləndilər. Seriala başlayandan sonra yaxın qohumlarımdan biri mənə “qəddar bir xarakteri elə canlandırdın ki, sənə nifrət etdim”, deyə mesaj yazdı. “Səadət”in planını pozmağım xoşuna gəlməmişdi. Bir yerdə böyüdüyümüz insanın bunu deməsi ürəyimcə oldu. Kimisi isə mənim “Cumali” tərəfinə keçəcəyimi gözləyir. Pis adam olduğuma inanmırlar (gülür).

– Ümumiyyətlə, Azərbaycanda daha çox türk seriallarını izləyirlər. Sizcə, bizdə nəyi düzgün etmirlər ki, məhz türk seriallarına baxırıq?

– Türkiyədə beynəlxalq kanallar daha çoxdur. Bu da normal olaraq reytinq yarışmasını başladır. Ciddi bir yarış və mübarizə var. Bu da keyfiyyəti artırır. Telekanallar öz seriallarının yüksək olmasına və izləyici kütləsi çox olan aktyorların rol almasına çalışırlar. Bununla yanaşı, tamaşaçının diqqətini cəlb edəcək ssenariləri olan serialları çəkirlər. Çəkdikləri serialda texniki baxımdan yüksək səviyyəli kameralar və görüntülərdən istifadə edirlər. Yəni, izləyicinin diqqətini çəkmək üçün hər şeyi edirlər. Əslində bu, ciddi qaydaları olan ticarətdir. Azərbaycanda isə belə bir mübarizə yoxdur. Tamaşaçını aldatmaq mümkün deyil. Əvvəlcə tamaşaçıya ona önəm verildiyini hiss etdirməlisən. Halbuki, Rasim Balayev, Rafael Dadaşov, komediya aktyorumuz olan Arif Quliyev kimi gözəl sənətçilərimiz var. Heyif ki çox arxa planda qalıblar. Mən rəhmətlik Yaşar Nuri, Siyavuş Aslan və Hacıbaba Bağırovu çox gözəl bir filmdə izləmək istərdim. Təəssüf ki, 2000-ci illərdə əvvəlki kimi fəal olmaları üçün yeni layihədə yer almadılar. Onlar hansısa layihədə birgə iştirak etdilər, tamaşaçı izləmədi?!

– “Çukur” serialını karyeranızın pik nöqtəsi adlandıra bilərikmi?

– Xeyr. Canlandırdığım obraz ən çox izlənilən serialda, ən diqqət çəkən obraz olmasına rəğmən, bundan daha bir üst səviyyə olmalıdır. Buna uğura doğru gedən yolda sağlam addım deyə bilərik. Zirvəyə doğru qalxarkən atdığım sağlam bir addım… Bundan daha ötəsi də var. Bu, pik nöqtə deyil.

– Komediya aktyorusunuz. “Çukur”da ən çox kimə gülürsüz?

– Gülmək deməyək, izləyən zaman zövq aldığım, üzümdə təbəssüm yaradan obraz desək, daha doğru olar. Bu, “Cumali”dir. Lakin bu, bir komediya izləyib gülmək deyil. Çox gözəl rol oynadığı üçündür. Onu izləmək keyiflidir.