"Bəziləri deyir ki, hücum edək, Xankəndini də götürək" - ELMAR MƏMMƏDYAROV

23/05/2022 - 15:14 4 350 0   0  

"Brüsseldə növbəti dəfə üçtərəfli görüşün keçirilməsi müsbət addımdır. Bu, artıq 3-cü belə görüş idi. Hər belə görüşdən sonra yeni razılıqlar əldə olunur".

Suveren.az xəbər verir ki, bunu "unikal"a açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov ötən gün Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla keçirilən üçtərəfli görüşü şərh edərkən deyib. O bildirib ki, ötən görüşdə müsbət irəliləyişlər olsa da, bu dəfə daha konkret razılıqlar əldə olunub:

"Ən mühüm məqam ondan ibarətdir ki, Azərbaycan və Ermənistan nümayəndələri delimitasiya və demarkasiya məsələləri ilə bağlı sərhəddə görüşəcəklər. Yəni ki, artıq görüşlər 3-cü ölkədə yox, məhz dövlət sərhədində keçiriləcək. Mən ilk gündən bunu deyirdim ki, iki ölkənin nümayəndələrinin təkbətək görüşü olduqca vacibdir. İnanıram ki, bu görüş tezliklə həyata keçiriləcək. 

Həmçinin xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi barədə razılıq da əldə olunub. Ümumiyyətlə, mən bu görüşü olduqca müsbət qiymətləndirirəm. Əlbəttə ki, bütün məsələləri bir günün içərisində həll etmək mümkün deyil. Proseslərin daha da müsbət şəkildə irəliləməsi üçün gərək, detallar müəyyənləşdirilsin", - deyə E.Məmmədyarov əlavə edib.

Sabiq nazir son günlər Ermənistanın Kəlbəcər rayonunu atəşə tutmasına da münasibət bildirib:

"Danışıqlar davam etdikcə suallar və digər problemlər ortaya çıxa bilər. İlk  növbədə, əhalini sülhə hazırlamaq lazımdır. Bunu Şarl Mişel də dilə gətirib. O, Azərbaycan Prezidenti İlham Əliyevdən və Ermənistanın Baş naziri Nikol Paşinyandan əhalini sülhə hazırlamağı xahiş etdiyini bildirib. Əlbəttə ki, burada ilkin olaraq söhbət Ermənistan əhalisinin sülhə hazırlaşdırılmasından gedir. Azərbaycanda da təbii ki, müəyyən fikir ayrılıqları mövcuddur. Bəziləri deyir ki, gərək hərbi əməliyyatları davam etdirək, Xankəndini də götürək. Ermənistanda da özünü müxalifət adlandıran qüvvələr etirazlar keçirirlər. Yəni, bu birmənalı qəbul olunmayacaq. Biz buna hazır olmalıyıq. Əhalinin sülhə hazırlanması prosesi Azərbaycan üçün o qədər də önəmli deyil. Çünki əhali başa düşür ki, 44 günlük müharibədən sonra Qarabağ məsələsi həll olunub və orada yaşayan ermənilər Azərbaycan pasportunu qəbul etməlidirlər. Buna baxmayaraq, Ermənistanda revanşist qüvvələr tərəfindən etiraz aksiyaları keçirilir. Onlar sülh elan olunmasını istəmirlər", - deyə o qeyd edib.