“Bu gedişlə Oqtay Gülalıyevi itirə bilərik” - Baş redaktor həyəcan təbili çaldı

16/11/2019 - 13:40 20 326 0   0  

Türkiyədə İstanbul Avrasiya Xəstəxanasında müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində müsbətə doğru dəyişiklik müşahidə olunmur. Artıq yarım aydan çoxdur ki, hüquq müdafiəçisi komadadır. Onun müalicə olunduğu xəstəxanadakı şərait barədə də birmənalı fikirlər səsləndirilmir.

Son olaraq, Türkiyədə təhsil alan övladlarına baş çəkməyə gedən “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı vasitəsilə O.Gülalıyevin son durumu barədə məlumat almaq mümkün olub. Belə ki, bir günlük Türkiyədə olan baş redaktor hüquq müdafiəçisinə baş çəkib, onun həyat yoldaşı Firuzə Gülalıyevadan video-müsahibə alıb. 13 dəqiqəlik olan müsahibədə Gülalıyevin xanımı çox ümidsiz danışıb.

“Yeni Müsavat”a açıqlamasında isə Ə.Zeynallı bunları deyib: “Xəstəxanada yaxınları mənə dedilər ki, Oqtay bəyin səhhətinin yüksək səviyyədə müalicə olunmasına oradakı şərait imkan vermir. Bu xəstəxanada ayrıca nevrologiya bölümü yoxdur. Nevrologiya sahəsi üzrə mütəxəssislər də yoxdur. Təsəvvür edin ki, 1-2 həkim var. Xəstəxana İstanbulun ən ucqar səmtlərindən birində yerləşir. Oranı tapmaq kifayət qədər çətindir. Müşahidələrim odur ki, Oqtay bəyin səhhətinə ciddi yanaşılmır. İstanbulda cəmi bir gün vaxtım var idi. Onu da Oqtay bəyə həsr etdim. Çünki onun səhhətindən çox narahatam idim. Narahatçılığım getdikcə də artdı. Yubanmadan Oqtay bəyi ya Almaniyaya, ya da İsrailə aparmaq lazımdır. Onun ziyarətinə İstanbul və digər şəhərlərdə yaşayan soydaşlarımız gəlirlər. Çıxılmaz durumdadır. Allah eləməsin, bu gedişlə biz Oqtay bəyi itirə bilərik”. 

x teyyubluXəzər Teyyublu: “Hamılıqla onun sağalmasında maraqlı olmalıyıq”

O.Gülalıyevin funksioneri olduğu KXCP-dən son məlumatı almağa çalışdıq. Partiyanın idarə heyətinin üzvü Xəzər Teyyublu “Yeni Müsavat”a bunları dedi: “Oqtay bəy hələ Bakıda ”Sity Hospital”da olarkən həm partiyanın sədri Mirmahmud bəy  və həm də Ali Məclisin sədri Bəybala bəy ora gedərək baş çəkiblər. Mən özüm də orada idim. Yəni onu demək istəyirəm ki, burada olarkən maraqlanmışıq. Türkiyəyə aparılandan sonra ancaq media və sosial şəbəkələr üzərindən məlumat alırıq. Oqtay bəylə 25 ildir ki, siyasi mübarizədə çiyin-çiyinəyik. Allaha dua edir, şəfalar diləyirik. O, prinsipal milli dava adamıdır. Sıradan biri deyil. Zamanında Elçibəy onu Bütöv Azərbaycan Gənclər Təşkilatının sədri təyin etmişdi. Bacarıqlı, çox təşkilatçı adamdır. KXCP sədrinin 4 il siyasi məsələlər üzrə müavini olub. O hər zaman hüququ tapdalanan sıravi vətəndaşların müdafiəsində durmağı və bu yolda qorxmadan irəli getməyi bacardı. Bu gün hamılıqla onun sağalmasında maraqlı olmalıyıq.  Xalq, hüquq və azadlıqlar üçün demokratiya naminə belə insanların faydası daha çoxdur. Oqtay bəy demokratiya, düzgünlük fədaisidir”.

Xatırladaq ki, Oqtay Gülalıyev oktyabrın 29-u saat 17:20 radələrində 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da onun üzərində cərrahiyyə əməliyyatı keçirilib.