"Bu, faktiki olaraq ATƏT-in Minsk Qrupunun dəfn edilməsidir" - METYU BRAYZA

11/04/2022 - 11:57 3 564 0   0  

"Sergey Lavrov Fransa və ABŞ-ın ATƏT-in Minsk qrupunda fəaliyyəti davam etdirməyinin qeyri-mümkün olduğunu söyləyə bilər".

Suveren.az xəbər verir ki, bunu yenisabah.az-a açıqlamasında ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza bildirib.

Xatıraldaq ki, ötən həftə Moskvada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edən Rusiya XİN-in rəhbəri bildirib: "Gələcəyin necə olacağını bilmirəm, çünki bu qrupdakı qondarma fransalı və amerikalı tərəfdaşlarımız ATƏT-in Minsk Qrupu həmsədrləri üçlüyünü ləğv edərək, heç bir addım atmayacaqlarını bildiriblər. Bu onların hüququdur, əgər onlar Qarabağda və ümumiyyətlə, Cənubi Qafqazda nizamlanmanı, bu işdə erməni tərəfinin maraqlarını qurban verməyə hazırdırlarsa, bu, onların seçimidir".

Metyu Brayza bununla bağlı deyib:

"Sergey Lavrov Fransa və ABŞ-ın ATƏT-in Minsk qrupunda fəaliyyəti davam etdirməyinin qeyri-mümkün olduğunu söyləyə bilər. Bildiyiniz kimi, üç həmsdərdən biri Rusiyadır və Rusiya qonşusunun ərazisini qanunsuz zəbt etdiyi üçün bütün dünyada etibarını itirib. Qonşusu ona qarşı heç bir təxribatı törətmədiyi halda, o, Ukrayanda açıq şəkildə vəhşiliklər edir, hərbi cinayətlər törədir. Belə bir ölkənin potensial sülhməramlı kimi etibarı yoxdur".

Eks-səfir əlavə edib: "Ola bilər ki, Fransa artıq Rusiya ilə işləyə bilmədiyi üçün Minsk qrupundan çıxdığını bildirib. Bu halda, bəli, hesab edirəm ki, bu, faktiki olaraq ATƏT-in Minsk Qrupunun dəfn edilməsidir.

ATƏT-in Minsk qrupu müəyyən məqsədlər naminə əməkdaşlıq etmək və birgə işləmək qərarına gələn ölkələrin könüllü qurumudur. Qarabağa gəlincə, digər dövlətlər Dağlıq Qarabağla bağlı vasitəçilik mexanizmi quracaqlarmı? Bunu heç kəs bilmir.

Rusiyanın Ukraynaya misli görünməmiş təcavüzü ilə hazırda yeni bir dünyadayıq. Məncə, bu, ən azı Adolf Hitlerin başçılığı altında Nasist Almaniyasının Sovet İttifaqı ilə birlikdə Polşanı işğal etməsindən sonra görünməmiş bir hadisədir".