Bakıda ağaclar kütləvi şəkildə qırılır, Ekologiya Nazirliyi və İcra Hakimiyyəti göz yumur… – VİDEO VƏ FOTOLAR

16/05/2023 - 13:59 3 823 0   0  

Suraxanı rayonu, Ramana qəsəbəsi, “Şuşa şəhərciyi” deyilən ərazinin yaxınlığındakı meşədə ağaclar kütləvi şəkildə kəsilir, yerində obyektlər inşa edilir.

Sakinlər tərəfindən Hurriyyet.az saytına daxil olan məlumata əsasən, ağacların kəsilməsi ilə bağlı müvafiq qurumlara, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilsə də, heç bir reaksiya yoxdur. Əksinə, ərazidə “yaşıl soyqırım” törədən şəxslər öz qanunsuz əməllərini günbəgün genişləndirirlər.

Qeyd edək ki, ağacların kəsilməsinə etiraz edən sakinlər tərəfindən redaksiyamıza video görüntülər də göndərilib.

 

Məsələ ilə bağlı ötən ayın 24-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova ilə əlaqə saxladıq. O, öncə məsələnin araşdırılacağını və redaksiyamıza məlumat verilcəyini bildirdi. Lakin bir neçə gün gözləsək də, nazirlikdən cavab çıxmadı. Odur ki, İradə xanımla təkrar əlaqə saxladıq və bu dəfə də eyni cavabı aldı: “Sizin müraciətiniz araşdırılır”. Nəzərə alsaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi paytaxtın kənarında baş verən “yaşıl soyqırım” faktını araşdırmaq üçün bir aya yaxındır “baş sındırır”, deməli, “torbada pişik var”. Daha dəqiq desək, görünür, həmin ərazidə ağacların kəsilərək, yerində qanunsuz tikililərin tikilməsinə şərait məhz Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılıb, ya da bunun üçün nazirliyin müvafiq qurumlarının “haqqı” öncədən çatıb. Hər halda, hörmətli İradə xanımın başqa arqumenti varsa, yenə də dinləməyə hazırıq…

Onu da qeyd edək ki, sözügedən faktla bağlı Suraxanı rayon İcra Hakimiyyəti ilə də əlaqə saxladıq. İcra Hakimiyyətinin özünü təqdim etməyən əməkdaşı məsələni lazımi insanlara çatdıracağını bildirdi və iki gün sonra əlaqə saxlamağımızı xahiş etdi. Lakin çox təəssüflə bildiririk ki, həmin gündən zənglərimizə cavab verilmir.

Bütün bunlar isə onu deməyə əsas verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Suraxanı rayon İcra Hakimiyyəti Ramanada baş verən “yaşıl soyqırım”dan öncədən xəbərdardırlar və ərazidə tikintilər məhz onların “xeyir-duası” hesabına aparılır. Sadəcə, vaxtı uzadırlar ki, tikilən binalar tam hazır vəziyyətə gəlsin…

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq.