Bakıda 21 milyonluq saray elanı silindi: Abel Məhərrəmovundur? - İDDİA

26/11/2018 - 19:59 2 809 0   0  

Bakının Bilgəh qəsəbəsində möhtəşəm villa 21 milyon manata satışa çıxarılıb. Lakin bu barədə xəbər online KİV-lərdə yayılandan sonra həmin elan silinib.

Cahan.info xəbər verir ki, qəsəbənin ən bahalı küçələrindən hesab edilən Mir Cəlal Paşayev küçəsində yerləşən villa 160 hektar ərazidə inşa olunub. Möhtəşəm tikili 2 mərtəbədən ibarətdir.

Klassik üslubda hazırlanmış müasir tikilinin ümumi sahəsi 2.000 kvadratmetrdir. Yaşayış tamamilə yeni ekskluziv dizayn mebelləri, lampalar, qablar, rəsmlər və sair ilə təchiz olunub.

Tikilinin özü qədər həyətyanı sahəsi də diqqət çəkir. Həyətində meyvə və bəzək ağaclardan ibarət böyük bağ var. Tikili hökumət iqamətgahları və villaları arasında yerləşir. Villanın ilkin satış qiyməti 21.000.000 manatdır.

Villanın satışı ilə əlaqədar bir neçə gündür əmlak satış saytı olan bina.az-a xüsusi elan da verilib. Elanda qeyd edilib ki, iqamətgahı almaq istəyən şəxslərin məxfiliyi tam qorunacaq. Mülkün bütün sənədləri və kupçasının tam qaydasında olduğu deyilir.

Sosial şəbəkələrdə bu xəbərlə bağlı bəziləri ehtimal olaraq mülahizə irəli sürüblər ki, 21 milyonluq iqamətgah BDU-nun işdən çıxarılan qalmaqallı rektoru Abel Məhərrəmovundur.

Ancaq bunu təsdiqləyən səhih informasiya və fakta rast gəlinmir.

Keçmiş rektorun əmlaklarının siyahısı açıqlandıqdan sonra bəzilərinin əlindən çıxdığı, restoranlarını itirdiyi haqda xəbərlər dolaşmağa başladı. Bu əsnada təxminlərə görə, Bilgəhdəki bu möhtəşəm malikanə də A.Məhərrəmovundur və satışa qoyula bilər.

Onun şadlıq evlərinin də əlindən çıxdığı barədə sosial şəbəkələrdə yazırlar. Mediada yayılmış siyahı budur:

- Binəqədidə, Varovski deyilən ərazidə – iki villa;

– Quba rayonunda – 1 villa;

– Xızı rayonunda – 1 villa;

– Nabranda – 1 villa;

– Şüvəlan qəsəbəsində – 1 villa;

– Mərdəkan qəsəbəsində – 1 villa;

– Milli Elmlər Akademiyası yaxınlığında yerləşən milyonerlər məhəlləsində – 1 villa;

– Nərimanov rayonunda yerləşən – “Mona Liza” şadlıq sarayı;

– 8 mikrorayonda restoran.

– Paytaxtın ən bahalı yerlərində hündürmərtəbəli binalarda çoxsaylı mənzillər…

Cahan.infoxəbər verir ki, bu arada A.Məhərrəmovun İspaniya səfərində deputatla şeyxin olduğu təyyarədə içki içməsi haqda iddialara nəhayət din xadimindən reaksiya gəlib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə “Yeni Müsavat” qəzetinə müsahibədə deyib ki, açığı bir şey baş verdiyini görməyib.

“Bəzi adamların da Şeyxülislam haqda düşüncələri qəribədir. Mən bu cür səfərlər olanda evdə hazırlaşıram, məlumat verirlər ki, təyyarə hazırdır, uça bilərik. Ondan sonra mən də gəlirəm, təyyarəyə minib yola düşürük.

Təyyarədə mənim və digər səfər iştirakçılarının geyimləri, şəxsi əşyaları olan çantalar olur. Bir də bizim heyətdə olan çəkiliş qrupunun avadanlıqları.

Amma qəti şəkildə deyirəm ki, belə bir məsələ olmayıb, bu, yalandır. Nəyə görəsə bunu yazırlar, deyirlər. Yəqin ki, düşmənçilik məqsədi ilə edirlər.

Axı dövlət var, dövlətin sərhəd, gömrük xidməti var, media var.

İspaniya böyük bir dövlətdir, ciddi nəzarət sistemi var. Hətta biz ora gedəndə sərhəddə ayaqqabılarımıza qədər yoxlayırlar. Necə oldu ki, bu qədər yükü oradan keçirdilər? Bütün bunlar necə ola bilər? Elə başa düşürəm ki, bütün bunlar quraşdırmadır.

Təyyarənin gecikməsi normal hadisədir, çarter reyslər də bir qayda olaraq yubanır. Mən o zaman soruşmuram ki, təyyarə niyə ləngiyir? Digət tərəfdən, mən nə Abel müəllimin, nə də heyətdə olan digər şəxslərin içki içdiyini görməmişəm.

Tədbirimiz yüksək səviyyəli bir konfrans idi. 260 nəfərdən çox nüfuzlu qonaq vardı. Orda mən də, Siyavuş müəllim də, Abel müəllim də çıxış etdi.

Axırda da prezident həzrətlərinin məktubu oxundu. Burda bəzi şeylər yazırlar, mən Bakıya gələndən sonra oxudum. Guya məni nömrədən çıxarıb dəvət ediblər. Belə şey olmayıb.

Oteldə qalarkən nümayəndə heyətinin üzvləri adətən otelin foyesində oturub çay içirdilər. Bir dəfə məni də dəvət etdilər, oturub çay içdik.

Səhəri gün nümayəndə heyəti ilə birlikdə Əli bəyin evində qonaq olduq, səmimi şəraitdə söhbətlər oldu, orada Abel Məhərrəmov da, Siyavuş Novruzov da gözəl çıxışlar etdilər, beynəlxalq konfransın yüksək səviyyədə təşkilində roluna görə Əli bəyi təbrik etdilər.

Çox gözəl münasibət oldu. Heç bir başqa söhbət olmayıb. Ölkəmizin İspaniyadakı səfiri - Abel müəllimin oğlu Anar Məhərrəmov da orada bizimlə birgə idi”,-deyə Şeyx bildirib.

Xatırladaq ki, telejurnalist Mirşahin Ağayev REAL TV-dəki verilişində həmin təyyarədə olduğunu, deputatlardan birinin israrı ilə A.Məhərrəmovun içdiyini gördüyünü söyləmişdi.