Azərbaycandan Avropa Parlamentinin qərarına sərt etirazlar

19/01/2019 - 09:15 1 624 0   1  

Milli Məclis üzvləri hesab edir ki, qəbul edilən qətnamə qərəzlidir və ölkəmizə qarşı növbəti təzyiqdir

“Sifarişli, muzdlu Avropa Parlamenti bir milyon insanın hüquqlarının bərpası üçün nəyə görə Ermənistana qarşı sanksiya, qətnamə qəbul etmir?”

Yanvarın 17-də Avropa Parlamentində Azərbaycan əleyhinə qəbul edilən qətnamə ciddi narazılıqla qarşılanıb. Bu qərarın daha çox mart ayında Azərbaycanla Avropa İttifaqı arasında bağlanması gözlənilən əməkdaşlıq sazişinin baş tutmaması üçün xaricdəki maraqlı qüvvələrin vasitəsilə qəbul edildiyi deyilir.

Qətnamənin əsasını həbsdə olan gənc blogger Mehman Hüseynova qarşı əlavə cinayət işinin açılması və onun qeyri-şərtsiz azadlığa buraxılması təşkil edir.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev qətnaməyə bu cür yanaşır: “Mehman haqqında əvvəlcədən fikirlərimi bildirmişdim. Eyni zamanda, media kapitanlarının, deputatların, ziyalıların və digər tanınmış simaların müraciətləri əsasında onun azadlığa çıxmasının uyğun olduğunu qeyd etmişdim. Avropa təsisatlarının belə reaksiyaları tam qərəzlidir. Bu heç bir halda doğru yanaşma sayıla bilməz. Bir dəfə demişəm, bir daha təkrar edirəm. Mən özüm Avronestin tərkibində dəfələrlə Belçika, Fransa, İspaniya, hətta Ermənistanın özündə belə komitə və plenar iclaslarda məsələ qaldırmışam ki, Kəlbəcərdən girov götürülən azərbaycanlı qadınlar Zod qızıl mədənlərində qul kimi işlədilir. Onların hüquqlarını müdafiə etməyə çağırışlar etmişəm, onların geri qaytarılmasını tələb etmişəm. Bizim xüsusi komissiyamız müəyyən edib ki, nə qədər girov götürülən adamlar var.

Fərəc Quliyev ile ilgili görsel sonucu

Bu gün Azərbaycan ərazilərindən qovulmuş insanlar var ki, onların əmlakı müsadirə olunub, hüquqları kobud şəkildə pozulub. Bu insanlara tamamən barmaqarası baxılır, heç bir reaksiya verilmir. Amma Mehman məsələsində çox sərt reaksiya sərgilənir. Siyasi motivlərlə Azərbaycana dost olmayan ölkələrin davranışları və ölkəmiz daxilində onlara donoslar ötürən, dəstək verən Milli Şura tipli, eləcə də, bəzi QHT-lərin verdikləri sənədlər əsasında belə qərarlar qəbul olunur. Bu siyasi təzyiqdən başqa bir şey deyil. Prezident də öz çıxışında bildirdi ki, Avropa İttifaqı ilə münasibətləri ən yüksək səviyyədə saxlamaq istəyirik, amma ikilistandartlara son qoyulmalıdır. Mən münasibətlərin sahmana salınmasının tərəfdarıyam. Bizim Avropa Parlamentində təmsil olunan parlamentarilərimiz məsələ qaldırmalıdırlar ki, belə yanaşma olmasın. Bu heç bir mənada heç bir tərəfin xeyrinə işləyən məsələ deyil”.

Bəxtiyar Sadıqov ile ilgili görsel sonucu

“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bu qərarı Azərbaycana təzyiq göstərmək cəhdi kimi qiymətləndirir: “Hüquq dövlət və onun məhkəmələri var. Dünyada məhkəmə qərarlarına hörmətlə yanaşılır. Amma nədənsə Azərbaycana gələndə Avropa Parlamenti və digər beynəlxalq qurumlar sanki unudurlar ki, Azərbaycanda hüquqi dövlət qurulub, bu ölkənin məhkəmə qərarlarına hörmətlə yanaşılmalıdır. Bütün bunlar onların qərəzli olmasından irəli gəlir. Mehman Hüseynovun hərəkətləri hüquqi cəhətdən qiymətləndirilib. Onun yanına ölkəmizin hüquq müdafiəçiləri getdilər, səfirliklərin nümayəndələri də orada oldular. Onunla bağlı rəsmi açıqlama da yayılıb. Onun öz açıqlamasında da göründü ki, ona qarşı nəinki təzyiqlər var, hətta aclıq aksiyası belə keçirmir. Azərbaycanda yaranmış ”Beşinci kolon" var. Anti-azərbaycançı şəbəkə də bu kolona xüsusi diqqət ayırır. Görünür onlara böyük ümidlər bəsləyirlər. Onlar hesab edirlər ki, nə vaxtsa “Beşinci kolon” ölkəmizdə sabitliyin pozulmasında xüsusi rol oynaya bilər, təzyiqlər edərlər. Amma çox yanılırlar. Ölkəmizdə möhkəm sabitlik mövcuddur. Bu iqtidarla xalqın birliyindən doğur. Xalqımız iqtidarın yeritdiyi siyasətlə razıdır. Davamlı iqtisadi inkişafımız var. Prezidentimiz qətiyyətli islahatlar aparır. Bu da Azərbaycanın güclənməsinə xidmət edən addımlardandır. Ona görə də, Avropa Parlamenti və digər qurumlar düşünməsinlər ki, Azərbaycana təsir edə bilərlər. Onlar Azərbaycan prezidentinin xalqın milli mənafeyinə yönələn yürütdüyü siyasəti dəyişə bilməzlər. Azərbaycan düzgün yolla gedir. Atılan qərəzli addımlara ciddi şəkildə fikir verməyimiz lazım deyil. Çünki nəticəsinin olmayacağı əvvəlcədən məlumdur. Ölkəmiz iqtisadi cəhətdən güclənməkdə davam etməlidir. Bunun üçün xalqın iqtidara dəstəyi də davamlı olmalıdır. Əminəm ki, belə də olacaq".

Elman Məmmədov ile ilgili görsel sonucu

Xocalıdan olan deputat Elman Məmmədov bildirdi ki, bu Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli, sifarişlə qəbul etdiyi ilk qətnamə ilk deyil: “Bu qurumda erməni pulu ilə, Azərbaycana düşmən kəsilən müxtəlif fondların yardımı ilə sifarişli qətnamələr hazırlayan, qərarlar qəbul edən bir dəstə çoxsaylı deputat mövcuddur. Bunlar muzdlu deputatlardır. Daim hazırkı əməlləri ilə məşğul olurlar. Avropa Parlamentinin qulağının dibində olan Fransada neçə aydır nümayişlər gedir, beş mindən artıq nümayişçi həbsə atılıb, yüzlərlə xəsarət alanlar var, həyatını itirənlər də var. Maraqlıdır ki, Avropa Parlamenti niyə bu barədə danışmır? Digər tərəfdən Avropa Parlamenti nə üçün Avropa ölkələrinin miqrantlarla bağlı atdığı sərt addımlar barədə niyə susur? Ən çox insan haqlarının pozulması halları Avropa ölkələrində baş verir. Avropa Parlamentinin belə sifarişli qətnamələr qəbul etməsi bu qurum tərəfindən müstəqil dövlətin daxili işlərinə qarışmaqdır. Belə deyək, səhəri gün Azərbaycan Parlamenti iclasında belə bir məsələ qoyur ki, Avropanın filan dövlətində bir nəfər həbs olunub, qətnamə qəbul edirik ki, o təcili həbsdən buraxılsın. Bu həmin dövlətin daxili işlərinə qarışmaq deyilmi? Təbii ki belədir. Azərbaycanda kimsə qanunazidd hərəkət edibsə, bunun üçün həbs edilibsə, araşdırma gedirsə, Avropanın hər hansı bir qurumu onun azadlığa buraxılmasını tələb edirsə, bu nə deməkdir? Azərbaycan sizin müstəmləkənizdir? Azərbaycan siz deyənlə oturub-durmalıdır? Azərbaycan öz qanunları ilə yaşayan ölkədir. Kim bu ölkədə qanunları pozursa, məsuliyyətə cəlb olunmalıdır. Demək kimsə qanunları pozacaq, beynəlxalq qurumlar kimlərinsə sifarişi ilə qərar qəbul edəcəklər ki, o şəxs azad edilsin. İnsan hüquqlarına görə Avropa Parlamenti bunları edirsə, 30 ilə yaxındır ki, bir milyona yaxın azərbaycanlının bütün hüquqları Ermənistan tərəfindən pozulub. Sifarişli, muzdlu Avropa Parlamenti bir milyon insanın hüquqlarının bərpası üçün nəyə görə Ermənistana qarşı sanksiya, qətnamə qəbul etmir? İndi nə üçün bir nəfərə görə belə canfəşanlıq edir? Azərbaycan ərazilərinin işğal altında olduğunu Avropa Parlamenti bilmir? Dediklərimin hamısından belə nəticə çıxır ki, Azərbaycana qarşı olan qətnamələr, qərarlar başqa nələr varsa, hamısı qərəzli, məqsədlidir. Bu birbaşa ölkəmizə qarşı düşmənçilikdir. Dövlətçiliyimizə qarşı yönələn hərəkətlərdir. Hər zaman olduğu kimi indi də heç bir şeyə nail ola bilməyəcəklər. Belə qərarların bu ilin martında Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq əməkdaşlıq sazişinə maneçilik yaradacağını düşünmürəm. Bu yerdə bir misal çəkim. Vaxtı ilə Azərbaycan Avropa Şurasına üzv olma ərəfəsində ulu öndərimiz Heydər Əliyevin belə bir fikri oldu.  O zaman üzvlüyümüzə ermənilərin sifarişləri ilə xaricdəki anti-Azərbaycan qüvvələri maneələr yaradırdılar. Ulu öndər belə bir fikir söyləmişdi ki, Çin, Hindistan kimi ölkələr Avropa Şurasının üzvü deyillər, bu ölkələr yaşaya bilmirlər? Guya biz Avropa Şurası və ya Parlamentinin üzvü olmasaq, yaşaya bilməyəcəyik? Bunlar Azərbaycanın müstəqil siyasət yeritməsinə qarşıdırlar. Bu gün Azərbaycanın apardığı məqsədyönlü siyasət nəticəsində Rusiya-Azərbaycan münasibətlərinin yaxınlaşmasına, regionda Azərbaycanın nail olduğu uğurlara görə Dağlıq Qarabağ məsələsində ciddi nəticələr gözlənilir. Həmin qətnamələrin bir məqsədi də bunları pozmaqdır. Yəni bunların hamısı sifarişli və qərəzli hərəkətlərdir”.