AZƏRBAYCAN VƏ GÜRCÜSTAN SƏRHƏDİNDƏ ON KİLOMETRLƏRLƏ UZUNLUĞUNDA NÖVBƏ YARANIB - On minlərlə yük maşını sərhəddə ilişib qalıb

14/04/2022 - 12:13 3 793 0   0  

Rusiyanın Ukraynada başlatdığı müharibə kifayət qədər geniş ərazidə, o cümlədən Azərbaycanda logistikanı əsaslı şəkildə pozub. Yükdaşıyanlar sifarişləri vaxtında yerinə yetirə bilmirlər.

Hazırda Gürcüstanın Türkiyə ilə sərhədində yük maşınlarının növbəsi 25 kilometrdən çox uzanıb. Azərbaycan-Rusiya sərhədində yerləşən Yaraq-Qazmalar keçid məntəqəsində isə iki minə yaxın avtomobil toplanıb. Ancaq bu tıxacların səbəbləri fərqlidir.

Belə ki, Türkiyə daşıyıcıları Rusiya ərazisindən tranziti dayandırıb, Qafqaza, oradan isə Orta Asiyaya getmək üçün indi yalnız Gürcüstanla sərhəddə yerləşən Sarp sərhəd-keçid məntəqəsindən hərəkət edirlər. Amma Sarpın ötürücülük qabiliyyəti intensiv yük axını üçün nəzərdə tutulmadığından, sərhəd keçidinin Türkiyə tərəfində çox kilometrlik yük maşınları və digər nəqliyyat vasitələri koloniyası yaranıb. Onların arasında Türkiyədən və digər ölkələrdən Azərbaycana müxtəlif yüklərin çatdırılmasına məsul TIR-lar da var.

Qeyd edək ki, Türkiyə yük daşıyıcıları uzun illər Orta Asiyaya getmək üçün Rusiyadan tranzitə üstünlük verirdilər. Onlar hesab edirlər ki, Azərbaycandan keçən yol daha bahadır. Eynilə, Bakı-Aktay bərə keçidi üçün tariflər də həddindən artıq yüksəkdir. Nəticə etibarı ilə türklər Gürcüstan və Rusiyadan keçən daha çətin yolu tutmağa meyl edirdilər. Amma indi bu, xeyli mürəkkəbləşib və sərhəd məntəqələrində kilomterlərlə növbə yaranıb.

Rusiya-Azərbaycan sərhədində də nəqliyyat sıxlığı var, ancaq bu, müharibə və yüksək tariflərə görə deyil. Məsələ burasındadır ki, Rusiya tərəfi Azərbaycanla Dağıstan arasında Yaraq-Qazmalar sərhəd-keçid məntəqəsinin genişləndirilməsi və yenidən qurulması işləri aparır. Bu da keçidi xeyli məhdudlaşdırıb. Nəticədə Rusiyadan Azərbaycana, eləcə də əks istiqamətdə hərəkət edən iki mindən çox müxtəlif növ, əsasən də iritutumlu nəqliyyat vasitələrinin olduğu kolonna yaranıb.

Rusiya tərəfi sürücülərə Gürcüstan marşrutunu təklif edir və onları Yuxarı Lars sərhəd-keçid məntəqəsinə göndərirlər. Lakin uzun müddət davam edən soyuq hava və hətta qar yağması səbəbindən bu dağ aşırımında hərəkət çətinləşir. Beləliklə, sürücülər yüklərini çatdırmaq üçün çarəsiz durumdadırlar.

Suveren.az