Avtomobil bazarında ciddi bahalaşma gözlənilir - “Maşınlar hətta 10-20 min manat bahalaşa bilər”

04/01/2019 - 11:11 2 854 0   3  

Vergilər Məcəlləsində edilən son dəyişikliklərin qüvvəyə minməsindən sonra avtomobil bazarında ciddi qiymət artımları proqnozlaşdırılır. Belə ki, dəyişikliklərə əsasən, 2019-cu il yanvarın 1-dən Azərbaycana gətirilən avtomobillərə tətbiq olunan aksiz vergisi kəskin şəkildə artırılır.

Qərara görə, idxal olunan avtomobillərin mühərrikinin həcmi 2000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə aksiz vergisi 0.20 manatdan 0.30 manatadək yüksəldilib. Yeni ildən mühərrikinin gücü 2 litr olan avtomobil üçün aksiz vergisi 400 manatdan 600 manata, 2,2 litr olan 1000 manatdan 1600 manata, 2,5 litr olan 1900 manatdan 3100 manata, 3 litr olan 3400 manatdan 5600 manata, 3,5 litr olan 7400 manatdan 12100 manata, 4 litr olan 11 400 manatdan 18 600 manata, 4,5 litr olan 21 400 manatdan 36 100 manata, 5 litr olan 31 400 manatdan 53 600 manata, 5,5 litr olan 51 400 manatdan 88 600 manata, 5,7 litr olan 59 400 manatdan 102 600 manata qaldırılır.
Avtomobil bazarının vergi artımlarına necə reaksiya verəcəyi ilə bağlı artıq proqnozlar verilib. Ekspertlər qiymət artımlarını və bundan dolayı bazarda yaranacaq durğunluğu istisna etmirlər.
Mövzunu “Yeni Müsavat”a şərh edən iqtisadçı ekspert Ramil Osmanlı da vurğuladı ki, aksiz vergilərinin artırılması bazarda qiymətlərin artmasına səbəb olacaq: “Xüsusilə mühərrik həcmi daha çox olan avtomobillərdə bu özünü daha çox göstərəcək. Amma araşdırmalar göstərir ki, aksiz dərəcələrinin artımı təkrar bazar üzrə də qiymətlərin yüksəlməsinə səbəb olur. Bu mənada indidən avtomobil bazarında minimum 1000 manatdan başlayaraq qiymət artımını proqnozlaşdıra bilərik. Mühərrik həcmindən asılı olaraq bəzi avtomobillərdə hətta 10-20 min manata qədər bahalaşma ola bilər.
R.Osmanlı onu da vurğuladı ki, bu qərar ölkəyə daha çox köhnə avtomobillərin idxalına yol açacaq ki, bu da arzuolunan deyil: “Azərbaycan avtomobilləşməyə görə nisbətən geridədir. Adambaşına düşən avtomobil sayına görə ölkəmiz nəinki Avropada, hətta MDB məkanında ən sonuncu yerlərdən birini tutur. Bu baxımdan idxalı məhdudlaşdıran qərarların qəbulu bu prosesi bir qədər də ləngidəcək. Əslində biz ötən illərə nəzər salsaq, idxalın nə qədər azaldığının şahidi ola bilərik. 2013-2014-cü illərdə ölkəyə hər il 100 min avtomobil idxal olunurdusa, ötən il bu rəqəm heç 25 minə çatmadı. Yəni idxal 4 dəfə azalıb. İdxalı bu qədər məhdudlaşdırmaq həm də ziyanlıdır. Ancaq hesab edilir ki, bu cür inzibati qərarlar həm də ekoloji vəziyyətin yaxşılaşmasına, nəqliyyatla bağlı sıxlığın və digər problemlərin həllinə səbəb olacaq. Gözləyək, görək necə olacaq”.
Ekspert qeyd etdi ki, bir tərəfdən yeni avtomobillərə aksiz vergilərinin tətbiqi köhnə avtomobillərin daha çox idxal olunmasını stimullaşdırır: “Digər tərəfdən isə Avropa ölkələri artıq mühərriki dizellə işləyən, eləcə də Avro 4 və Avro 5 standartlarına cavab verməyən avtomobillərin istifadəsini məhdudlaşdırmaqla bağlı qərar qəbul edib. Bu isə həmin maşınların daha çox ucuzlaşmasına və ölkəmizə idxalının artmasına səbəb ola bilər”.
R.Osmanlı qeyd etdi ki, bəzi Avropa ölkələrində dizel mühərrikli, həmçinin Avro 4 və Avro 5 standartlarına cavab verməyən avtomobillərin istismarına tətbiq olunacaq məhdudiyyətdən sonra bu nəqliyyat vasitələrinin ölkəmizə idxalı arta bilər. Ancaq bu, uzunmüddətli dövr üçündür. R.Osmanlı: “Azərbaycan ekoloji vəziyyətin yaxşılaşması üçün ilk növbədə ölkədə istehsal olunan yanacağın keyfiyyətini artırmalı, ən azı Avro 4 standartı səviyyəsinə çatdırmalıdır. Bundan sonra köhnə, istismar müddətini başa vurmuş və utilizasiyaya getməli olan avtomobillərdən istifadə məsələsinə baxılmalıdır. Bu məsələ uzun müddətdir müzakirə edilir, Qazaxıstan, Rusiya və digər ölkələrin modelindən istifadə ilə bağlı məsələlər ortaya çıxıb. Ancaq hələ ki ciddi bir qərar verilməyib. Köhnə nəqliyyat vasitələrinin istismardan çıxması məsələsi onların sahiblərinə kompensasiya verilməsi şəklində və ya digər bir formada həyata keçirilməlidir”.
İqtisadçı ekspert Natiq Cəfərli qeyd etdi ki, avtomobil bazarında bahalaşma artıq ötən aydan başlamışdı:“Həmçinin ötən ay idxal olunan avtomobillərin sayında kəskin artım oldu ki, yanvarın 1-dən etibarən artıq daha çox rüsum ödəməli olacaqlar. Ona görə də ötən ilin son aylarında intensiv şəkildə ölkəyə avtomobil idxal olunmağa başladı. Qiymətlərdə də artım müşahidə olunmağa başlamışdı. Bu ilin ilk aylarında isə bazarda durğunluq olacağı gözlənilir. Ölkəyə gətirilən maşınların sayında da azalma olacaq. Çünki öncəki ay kifayət qədər avtomobil gətirilib. Qiymətlərin artım prosesi isə davam edəcək. Alıcılıq qabiliyyəti aşağı olduğu üçün bu da durğunluqla nəticələnəcək. Azərbaycanda son 3-4 ildə avtomobil idxalı və satışı aşağı düşüb. 2011-2012-ci illərdə isə hər il 90 min avtomobil gətirilirdi. 2016-cı ildə bu rəqəm kəskin azaldı, 2017-ci ildə bir qədər artmağa başladı. 2018-ci ildə isə sözügedən qərara görə, son aylarda kəskin artım oldu. Qarşıdakı dövrdə idxalda azalma gözlənilir, qiymət artımı isə davam edəcək”.