Aslanlı dövlətdən “sildiyi” pullar hesabına zadəgan həyatı yaşayıb - hüquqşünas deyir ki...

10/01/2019 - 09:48 2 479 0   0  

Maliyyə Bazarlarına Nəzarət Palatasının sabiq sədri Rüfət Aslanlı barəsində ölkə mətbuatında yeni sensasiyalı məlumat yer alıb. Həmin məlumatdan aydın olur ki, R.Aslanlı barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə müraciət olunub (Qafqazinfo.az).

Müraciət müəllifi olan Türkiyə Respublikasının “Midek İnşaat Sanayi ve Dış Ticaret Ltd. Şti” şirkətinin nümayəndəsi Mustafa Veysel Güldoğan bildirib ki, 2012-ci il R.Aslanlı ilə şirkətin təmsilçisi Murat İyigörür arasında müqavilə imzalanıb. Razılaşmaya görə, şirkət R.Aslanlıya məxsus Nərimanov rayonunda yerləşən “Roseville Apartments” yaşayış binasında ümumi sahəsi 620 m2 olan, satın alınaraq birləşdirilmiş üç ədəd mənzildə və Gədəbəy rayonunun dağlıq ərazisində yerləşən daşdan tikilmiş qəsr tipli villada quraşdırılması üçün xaricdən daxili dekorasiya məhsulları, texniki avadanlıqlar, lüstrlər, mebellər, ipək xalçalar alaraq gətirib.
M.İyigörür həm villa, həm də birləşdirilmiş mənzillər üçün zəruri avadanlıqlardan başqa, R.Aslanlının sifarişi əsasında “Aslanlı” ailə nişanı ilə xüsusi toxunan xalçalar, dəsmallar, qoxulu sabunlar da hazırlatdıraraq keçmiş sədrə göndərib.
Şikayətçinin sözlərinə görə, Rüfət Aslanlı həyat yoldaşı Leyla Aslanlı ilə birlikdə İtaliyanin Venesiya şəhərindəki MURANO adasına gedərək orada əl istehsallı, şüşədən hazırlanmış ümumi dəyəri 80 min avro olan 65 ədəd lüstr alıb. Hər bir lüstr L.Aslanlı tərəfindən tək-tək bəyənilərək seçilib.
Onlar İtaliyanin Milan şəhərinə gedərək orada “Aslanlı” ailə nişanı ilə Milanda xüsusi toxunan 100% ipək italyan xalçalar, Milanın ən bahalı ve lüks italyan mebel firması olan “BELCOR”-dan ümumi dəyəri 410 min avro olan əl istehsalı 200-dən çox mebellər alıblar.
M.İyigörür R.Aslanlı və L.Aslanlı ilə dəfələrlə İstanbulda şirkətin Levent ofisində və ya R.Aslanlı və ailəsinin daim qaldığı “FOUR SEASONS” hotelindəki suitlərində iclaslar keçirdiyini bildirib. Orada ər və arvadın seçərək bəyəndiyi 3 ədəd əl istehsalı gizli kassalar, Amerika istehsalı olan divar kağızları, balkon mebelləri, yüzlərlə bəzək əşyası, “smart” ve səslə işləyən tualetlər, barmaq izi ilə açılan qapılar və “smart”, soyuduculu şərab dolabları, “Aslanlı” ailə nişanı ilə xüsusi olaraq emal edilmiş pərdələr, yataq örtükləri, qoxulu sabunlar, dəsmallar və digər məhsullar onların ünvanına göndərilib.
Mallar Amerika, İngiltərə, Belçika, Fransa, İtaliya kimi bir çox xarici ölkələrdən Türkiyəyə, oradan da Azərbaycana idxal edilib. Malların ümumi dəyəri 1 milyon 411 min 65 dollar məbləğindədir. R.Aslanlı 2016-cı ilədək hissə-hissə 603 min 14 dollar ödəyib. Onun şirkətə 808 min 51 dollar borcu qalıb.
Şikayətçi qeyd edib ki, ilk olaraq müqavilə R.Aslanlının özü ilə bağlansa da, sonradan onun istəyi ilə sifarişlər köməkçisi İsayev Elmar İslam oğlunun adına göndərilib. Yazışmalarda E.İsayev danışıqları müdiri R.Aslanlının adından etdiyini bildirib.
M.Güldoğan əlavə edib ki, borcun qaytarılması üçün R.Aslanlı ilə əlaqə saxlasalar da, o, belə bir şirkəti tanımadığını və heç nə sifariş etmədiyini deyib. Rəsmi sənədlər ona təkrar göstərildikdən sonra isə sifarişlərin köməkçisi E.İsayevə məxsus olduğunu bildirib. Daha sonra isə onlara pulu ödəməyəcəyini, məhkəməyə verərlərsə, özlərinin ziyanlı çıxacağını deyərək hədələyib.
Mustafa Veysəl Güldoğan müraciətinin sonunda Kamran Əliyevdən R.Aslanlının Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə ittiham olunmasını xahiş edib.
Qeyd edək ki, 2012-ci ildə R.Aslanlı Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri vəzifəsində işləyirdi. Bu baxımdan türk iş adamının müraciətində qeyd etdiyi əşyaları almaq üçün onun vəsaiti haradan əldə etdiyi maraq doğurur - dövlət məmurlarının bizneslə məşğul olması qanunla qadağandır.
Xatırladaq ki, ötən ilin son günlərində R.Aslanlının Azərbaycandan Yaponiyaya gedərkən hava limanından geri qaytarıldığına dair məlumatlar yayılmışdı. Bildirilirdi ki, keçmiş Palata rəhbərinin ölkədən çıxışına qadağa qoyulub. Maraqlıdır ki, bu günlərdə etibarlı mənbələrdən redaksiyamıza daxil olan məlumatda R.Aslanlının Azərbaycandan çıxmağa nail olduğu bildirilir. Hazırda onun xarici ölkələrin birində olduğu qeyd edilir. Bildirilir ki, R.Aslanlı xarici banklarda saxladığı vəsaitlərin Azərbaycana qaytarılmasını təmin etmək üçün xaricə buraxılıb. Onun hakimiyyətlə razılaşmaya gedərək məmurluğu dövründə qanunsuz yollarla əldə etdiyi vəsaitləri geri qaytarmaq müqabilində azadlığını saxlamağa çalışdığı iddia olunur.
Hüquqşünas Əkrəm Həsənov bildirir ki, Türkiyə vətəndaşının müraciətində göstərdiyi faktları sübut etmək çox çətin olacaq: “Müraciətdən görünür ki, sifarişlərin bir çoxu Rüfət Aslanlının öz adından deyil, köməkçisinin adından edilib. Köməkçinin ifadəsi ilə yanaşı, burada alınan əşyaların Rüfət Aslanlıya məxsus villa və evdə tapılması lazımdır. Əgər həmin alınan əşyalar orada aşkarlanarsa, Rüfət Aslanlını pulu ödəməyə məcbur etmək olar. Amma bu məsələ cinayət işi çərçivəsində deyil, məhkəmədə mülki qaydada müraciət əsasında həll oluna bilər. Yəni Türkiyə vətəndaşının qeyd etdiyi əməl - ödəniş etməmək cinayət deyil, öhdəlik hesab olunur. O, ödənişin edilməsinə nail olmaq üçün məhkəməyə müraciət etməlidir. Rüfət Aslanlı olmur, kim olursa-olsun, burada söhbət mülki mübahisədən gedir, nəinki cinayət əməlindən. Amma bu mübahisənin həlli zamanı Rüfət Aslanlıya qarşı başqa suallar yarana bilər: dövlət məmuru olaraq bu qədər vəsaiti haradan almısan? Hansı pullarla ödəmisən vəsaitləri? Bax, bu suallarla bağlı, yəni onların araşdırılması üçün Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən hərəkətlər başladıla bilər”.
Ə.Həsənovun sözlərinə görə, R.Aslanlı Palataya rəhbərlik etdiyi dövrdə yüksək maaş alıb: “Amma hətta o əmək haqqı ilə də belə bu qədər bahalı əşyalar əldə etmək mümkün deyil axı. Bu baxımdan, Rüfət Aslanlının fəaliyyəti ilə bağlı araşdırmalar başladıla bilər. Bilirsiniz, Azərbaycanda belə dəbdəbəli mal-mülkə sahib olan məmurlar çoxdur. Ölkədə məmurların gəlirlərini bəyan etməsi mexanizmi tətbiq olunsaydı, bu qədər dəbdəbəli mülklər bəlkə də qurulmazdı. Lakin çox təəssüflər olsun ki, uzun illərdən bəri məmurların gəlir bəyannaməsi təqdim etməsi mexanizmi işə salınmır”.
Hüquqşünasın fikrincə, R.Aslanlı barədə hansı maddələr əsasında iş başladılması üçün ilk növbədə onun fəaliyyətinin araşdırılması lazımdır: “Bu araşdırmalar zamanı rüşvət, yaxud korrupsiya faktları aşkarlanarsa, Cinayət Məcəlləsinin müvafiq maddələri əsasında cinayət işinin qaldırılması mümkündür”.
Baş Prokurorluğun mətbuat xidmətindən məsələ ilə bağlı qəzetimizə açıqlama veriləcəyi bildirilib.
“Yeni Müsavat”