Bu gün aprel döyüşlərindən 3 il ötür. 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib.
Azərbaycan Ordusunun həmin döyüşlərin iştirakçısı olan hərbi qulluqçuları xatirələrini danışıblar.
“O gün ermənilər Azərbaycan Ordusunun gücünə şahid oldu”
Mayor Zaur Məmmədov deyib ki, babası vaxtilə erməni vəhşiliyinin qurbanı olub: “Babam Əbil Abbasov meşəbəyi idi. Müharibə ərəfəsində ermənilər meşəni tərk etməsini tələb etsələr də, babam buna razı olmayıb. Azğınlaşan düşmən babamı ağackəsən mişarla vəhşicəsinə doğrayıb quyuya atıblar. Əmilərim günlərlə babamı axtarsalar da, tapa bilməyiblər. Telman adlı erməni babamın öldürülərək quyuya atıldığı xəbərini göndərəndən sonra meyitini tapıb dəfn ediblər. Sonra öyrəndik ki, Telmanın bizə xəbər verdiyini bilən ermənilər, onu kəndin içində diri-diri yandırıblar. Uşaqlığım ermənilərin vəhşiliklərini görməklə və dinləməklə keçib”.
O qeyd edib ki, aprel döyüşlərinə qürur hissi lə atılıb: “Ürəklə döyüşdüm, yaralandım da. Torpaqlarımızın müəyyən bir hissəsini azad etdik. Aprel döyüşləri tək bizim deyil, xalqımızın qürur mənbəyidir. O gün ermənilər Azərbaycan Ordusunun gücünə, Azərbaycan əsgərinin döyüş əzminə və ruh yüksəkliyinə şahid oldu.
Azərbaycan əsgəri Vətən qarşısında öz borcunu şərəflə yerinə yetirir. 2016-cı ilin aprelində əsgərlərimiz dəyanətlə irəli atılıb düşməni torpaqlarımızdan geri çəkilməyə məcbur etdilər. Hamı mərdliklə döyüşdü. Bu döyüşlərdə ordu ilə xalqın birliyinin səviyyəsi də təsdiqləndi. Dünya ictimaiyyəti gördü ki, xalq ordusuna inanır, ordu xalqa arxalanır.
İstəyirəm ki, əsgərlərimiz savadlı, mərd, cəsarətli və iradəli olsunlar. Ən əsası iradəli olmaq lazımdı. Çünki xidmət dövründə insan psixologiyasına təsir edən bir çox nüanslar olur. Vətən keşiyində dayananda ən çox güc iradənin üzərinə düşür. Savadlı olmalarını, daim mütaliə etmələrini məsləhət görürəm. Hərbi biliklərə dərindən yiyələnmək müharibədə uğur qazanmaq deməkdir.
Torpaqlarımızı işğaldan azad edəcəyik. Uşaqlığım Şuşada, Xankəndidə keçməsə də, qocalığımı Qarabağda yaşamağı arzulayıram”.
Kapitan Orxan Həsənov isə Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan aprel döyüşlərini belə xatırlayır: “2016-cı il. Aprelin 1-i…
Adi, sıradan bir gün kimi açılan sabahın gecəsi tarixə dönəcəkmiş. Özü də illərdir xalqımızın həsrətində olduğu bir tarixə.
Düşmən atəşkəsi daim pozur və cavab atəşi ilə susdurulurdu. Gecə yarı yenə güllə səsləri eşidildi. Lakin bu dəfə düşmənin fikri fərqli imiş. Bölməyə həyəcan siqnalı verildi. Bir anın içində tanklarımızı, döyüş maşınlarımızı işə saldıq, heyət nəfərləri yerlərini aldı. Əks-hücuma keçdik. O anlarda hərbçilərimizin üzündə yalnız sevinc hissi vardı. Hamı bir nəfər kimi döyüşlərə ruh yüksəkliyi ilə qatıldı. Şəxsi heyət bu günü gözləyirmiş kimi düşmən üzərinə şığıdı. Düşmənin məkrli niyyətini ürəyində boğaraq murdar ayaqları ilə bir addım belə atmağa imkan vermədik. Tanklarımızla bütün maneələri darmadağın edərək Talış yüksəkliyinə kimi irəlilədik. Düşmənin planı pozulmuşdu. Bu anlarda özünü itirərək geri çəkilən düşməni sadəcə silah və texnikalarımız deyil, hərbçilərimizin Vətən, torpaq sevgisi də qorxuya salmışdı. Bu döyüşlərdə rütbəsindən, vəzifəsindən asılı olmayaraq hər kəs yumruq kimi bir olaraq düşmənin geriləməsinə, məhvinə səbəb oldu. Qorxubilməz, cəsur oğullarımızın gücü qarşısında acizləşən düşmən silahını, texnikasını, meyitlərini belə qoyaraq qaçmağa başladı. Bu döyüşlər sübut etdi ki, erməni ordusu da, əsgəri də Azərbaycan Ordusundan və əsgərindən çox zəifdi. Biz bunu bütün dünyaya sübut etdik. Göstərdik ki, düşmən əzəli və əbədi torpaqlarımızdan xoşluqla çıxmasa, Ali Baş Komandanımızın əmri ilə onları məhv etməyə qadirik.
Ordumuzun aprel zəfərindən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dediyi “Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan Ordusu öz gücünü göstərdi. Ermənistan uzun illər öz ordusu haqqında yalanlar, miflər uydururdu. Guya onların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, hansı ordu yenilməzdir. Azərbaycan Ordusu yenilməz ordudur. Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir” kəlamları ruhumuzu oxşadı. Xalqımıza yaxın gələcəkdə Böyük Qələbə sevincini yaşadacağımıza əminik”.
“Ermənilər gözləmədikləri halda əks-hücuma məruz qalanda özlərini itirdilər”
Gizir Babək Həmidov isə bildirib ki, Lələtəpənin və bir neçə postun işğaldan azad olunmasında iştirak edib və döyüşlərdə iştirakı ilə əlaqədar “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif olunub. “Azərbaycan Ordusu” qəzetinə danışan B.Həmidov deyib: “Aprelin 1-dən 2-nə keçən gecə erməni silahlı qüvvələrinin məkirli planlarının qarşısını ordumuz zamanında və layiqincə aldı.
Onların bu planları bir anın içərisində alt-üst edildi. Ermənilər gözləmədikləri halda əks-hücuma məruz qalanda özlərini itirdilər.
Əsgərlərimiz döyüşlərə atıldı. Düşmənin əsgərləri qoruduqları postları qoyub geri qaçırdılar. Axı bu torpaqlar onların deyil, bu yerlər onların Vətəni olsaydı, onlar da bizim kimi həmin torpaqlar uğrunda şəhid olmağı şərəf sayardılar.
Əsgərlərimizin qəhrəmanlığı erməniləri vahiməyə salmışdı. Biz son nəfəsimizə qədər döyüşmək fikriylə bu döyüşlərə atılanda ancaq düşməni məhv etməyi düşünürdük. Atılan güllələrin, mərmilərin, topların sayəsində göy üzü işığa qərq olmuşdu. Sanki qaranlıqdan əsər-əlamət yox idi. Döyüş gedirdi. Şəxsi heyətdən heç kim gözünü yumub, dincəlmək istəmirdi. Təpə-təpə, keçid-keçid təmizlədiyimiz torpaqlardan güc alırdıq. O torpaqlara toxunmağın, üstündə addımlamağın verdiyi hissi izah etməyə söz tapa bilmirəm. Beynimizdə bircə fikir vardı: irəliyə, daha da irəliyə…
Aprelin 4-ü axşam saatlarında ürəyimdən və ayağımdan qəlpə yarası aldım. Heç bir ağrı hiss etmirdim. Sadəcə heyifsilənirdim ki, döyüşlərdən uzaqlaşacam…
Ali Baş Komandanımız cənab İlham Əliyevin cəbhə bölgəsində, azad edilmiş ərazidə aprel döyüşlərinin iştirakçıları ilə görüşərkən böyük fəxarətlə dediyi “Biz öz torpağımızdayıq, bura Azərbaycandır. Lələtəpə də Azərbaycandır, Şuşa da Azərbaycandır, Xankəndi də Azərbaycandır. Biz öz torpağımızdayıq. Heç bir ölkənin torpağında gözümüz yoxdur. Ancaq biz öz torpağımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik. Aprel döyüşləri bunu bir daha sübut etdi” kəlamları bizlərə könül xoşluğu yaşadır.
Mən bu döyüşlərdə iştirakımla əlaqədar “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif olunmuşam.
Bu gün aprel hadisələrini qürurla xatırlayırıq. İnamımızın, ümidimizin, mübarizliyimizin şahidi olduq. Dörd gün ərzində ürəyimizdəki ümid qığılcımları, qisas hissi, birlik duyğusu daha da canlandı. Bir olduq. Birliyimizi düşmənlərimizlə yanaşı, dünyaya da bəyan etdik”.
Aprel döyüşlərinin iştirakçıları: “Düşmənin əsgərləri silahı, texnikanı, postları və meyitlərini qoyub geri qaçırdılar”
Bölmənin xəbərləri