ABŞ Senatı Rusiyanı "terroru dəstəkləyən ölkələr" siyahısına salacaq

12/06/2020 - 19:06 6 541 4   0  

ABŞ Konqresindəki ən böyük Respublikaçı millət vəkilləri birliyi, Rusiyanı ABŞ-ın üç əsas rəqiblərindən biri adlandıraraq, Moskvaya qarşı daha sərt sanksiyalar təklif etdi.
ABŞ Konqresindəki 147 respublikaçı millət vəkilini birləşdirən "Republican Study Committee" (RSC) nümayəndələri "Amerikanın güclənməsi və Qlobal Təhdidlərə Qarşı Mübarizə" adlı 120 səhifəlik sənəddə Amerikanın xarici siyasətinin gələcəyi ilə bağlı fikirlərini açıqladılar.

Hesabat çərşənbə günü ABŞ Nümayəndələr Palatasında təqdim edildi və ertəsi gün Ağ Evə verildi.
Sənəd müəllifləri il yarım ərzində bunun üzərində işlədiklərini elan etdilər və belə nəticəyə gəldiklərini bildirdilər ki, bu müddət ərzində prezident Donald Tramp "Amerika hər şeydən öncədir" şüarını təbliğ edərək dünyada Amerika liderliyini bərpa edib. RSC üzvləri, onun sələfi Barak Obamanı, kifayət qədər sərt olmamaqda, o cümlədən Rusiyaya qarşı da sərt olmadığı üçün tənqid edirlər.
Gələcəkdə rus təcavüzünün qarşısını almaq üçün müəlliflər Moskvaya qarşı sanksiyaların kəskin şəkildə sərtləşdirilməsini - o cümlədən Rusiyanın SWIFT beynəlxalq bank sisteminə girişinə qadağa qoyulmasını və Rusiyanı terrorçuluğa sponsorluq edən dövlətlər sırasına daxil etməyi tövsiyə edirlər.
Nədən narazıdırlar?
Sənəd müəllifləri vurğulayırlar ki, SSRİ dağılandan sonra ABŞ dünyada yeganə super güc statusunu qorudu. Buna baxmayaraq, son illərdə Vaşinqton üçün yeni təhdidlər meydana çıxdı. Respublikaçı millət vəkilləri Çini bunlardan ən başlıcası adlandırdı, növbəti Rusiya, İran isə üçlükdə son halqadır.
RSG-yə görə, Çindən gələn təhdidlər, artan iqtisadi güc, dezinformasiya kampaniyaları və ABŞ-da qabaqcıl texnologiyaları oğurlamaq cəhdləri ilə bağlıdır. İran isə - öz nüvə proqramını inkişaf etdirmək və yazdıqları kimi, Yaxın Şərqdəki terrorçu qrupların dəstəyi ilə təhdiddir.
Eyni zamanda, hesabatda Rusiyanı Amerikaya əsas təhdid adlandıran keçmiş ABŞ Müdafiə Naziri Ceyms Mettis və Moskvanın hərbi olaraq Vaşinqtonla rəqabət edə biləcəyinə inanan keçmiş Baş qərargah Başçıları Birliyinin keçmiş rəhbəri Cozef Dunfordun açıqlamaları yer alır.


Sənəddə bildirilib ki, son 15 ildə Rusiya ABŞ-a dünyanın müxtəlif ölkələrində, o cümlədən Suriya, Liviya, Venesuela və Monteneqroda ciddi ziyan vurmağa çalışıb.
Müəlliflər rus qoşunlarının Gürcüstana hücumunu, Abxaziya və Cənubi Osetiyanın ilhaqını, Krımın tutulmasını və Ukraynanın şərqindəki hadisələrə müdaxiləni xatırladır. Bundan əlavə, Amerika qanunvericilərin fikrincə, İngiltərədə siyasi qətlləri həyata keçirmək üçün kimyəvi silah istifadə edildi və ABŞ-da və digər ölkələrdə seçkilər zamanı dezinformasiya kampaniyaları təşkil edildi.

İddialar arasında, Əfqanıstandakı Talibana silah satılması, Rusiya muzdlu Vaqner döyüşçülərinin Liviyadakı hadisələrdə iştirakı, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (IRGC) döyüşçüləri və Hizbullah ilə birgə Suriyada hərbi əməliyyatlar və s. var. 
Müəlliflər ümid etmək istəyirlər ki, ABŞ Rusiya ilə əməkdaşlıq edə biləcək, amma eyni zamanda Putinlə bunun mümkün olmadığını bildirirlər.
Nə təklif edirlər?
Vaşinqtonun son altı ildə Moskvaya qarşı tətbiq etdiyi sanksiyaları, millət vəkilləri yetərli saymırlar. Respublikaçıların hazırladığı strategiyada çox sayda yeni sanksiyalar sadalanmışdır ki, müəlliflərin fikrincə ABŞ Konqresi və Ağ Ev bunları həyata keçirə bilər.
İlk növbədə, Rusiyanın terrorizmin sponsoru olan dövlət kimi tanınmasıdır. İndi ABŞ Dövlət Departamentinin siyahısında bu təyinatla dörd ölkə - İran, Şimali Koreya, Sudan və Suriyanın adı var.
Terrorun sponsoru tərəfindən rəsmi olaraq tanınması Vaşinqtona dövlət əleyhinə əlavə sanksiyalar tətbiq etməyə, qarşılılqlı mal, silah satışını məhdudlaşdırmağa və ya qadağan etməyə, iqtisadi yardımdan məhrum etməyə imkan verir. Digər bir tədbir, rus yüksək ranqlı məmurlardan diplomatik toxunulmazlığın qaldırılmasıdır (terror hücumları qurbanlarının ailə üzvləri ABŞ məhkəmələrinə kompensasiya tələb etmək hüququ alır). "Rusiya özünü terrorla mübarizə aparan kimi göstərib, bütün dünyada terroru dəstəkləyir", - deyə məlumatda bildirilir.

ABŞ-ın Əfqanıstandakı ordusunun komandanı Rusiyanın "Talibana" silah tədarük etdiyini elan edir. Həmçinin, Rusiya Suriyada Hizbullah və İran İslam Keşikçiləri ordusuna "hava dəstəyi verərək" birgə əməliyyatları koordinasiya edib. Məruzə müəllifləri Rusiyanın neft - qaz layihələrində, o cümlədən "Şimal axını-2" boru kəmərinin inşasında iştirak edən xarici şirkətlərə qarşı sanksiyaların tətbiq olunmasını da təklif edirlər. Onların fikrincə, bu addım təkcə Rusiyanın enerji mənbələrini hasil etməsinə və ixracına mane olmayacaq, həm də nüfuzunu xaricdə də yaymağa mane olacaq.
ABŞ Konqresində uzun müddətdir tətbiq olunan və sektoral sanksiyaların tətbiqini təsvir edən DASKA qanun layihəsini qəbul etməklə Rusiyanın suveren borcuna qarşı yeni sanksiyaların tətbiqi təklif olunur. Şərhçilər orada göstərilən tədbirləri "cəhənnəmin sanksiyaları" adlandırırdılar.
VEB dövlət korporasiyasının sanksiya siyahısına daxil edilməsi təklif olunur, müəlliflərin fikrincə, Putin onu və onun lideri İqor Şuvalovu Soçidə Olimpiya Oyunlarını maliyyələşdirmək üçün istifadə edirdi.
Həmçinin Rusiya şirkətlərini qlobal maliyyə sistemindən kənarlaşdıran və Rusiyaya qlobal banklararası mübadilə sistemlərindən - SWIFT-dən istifadə etməsini qadağan edən sanksiyalar tətbiq edilməsi təklifi var.
Bundan əlavə, müəlliflər hərbi təcavüzü maliyyələşdirən Kremllə əlaqəli və Rusiya təbliğat liderləri olan oliqarxların, həmçinin Moskvanın keçmiş SSRİ respublikalarındakı müttəfiqlərini siyahıya daxil etməklə yeni sanksiya paketini hazırlamaq istəyirlər.
Onlar Gürcüstan və Ukraynaya maliyyə və hərbi yardım göstərməyi davam etdirməyi, bütün NATO sammitlərində Rusiya təcavüzü müzakirəyə çıxarmağı və birbaşa rus xalqına müraciət etməy imkan verən ABŞ Dövlət Departamentinin yeni informasiya strategiyasını hazırlamağı tövsiyə edirlər.


Orada nələr var?
Respublikaçıların təqdim etdiyi hesabat qanun layihəsi deyil, yalnız ABŞ Konqresindəki siyasi fraksiyalardan birinin tövsiyyələr siyahısıdır.
RSC Capitol Hill-də nüfuzludur, ancaq Nümayəndələr Palatasının 435 üzvündən yalnız 147 qanunverici qrupda rəsmi olaraq qeydiyyata alınmışdır.
Üstəlik, Vaşinqtonun Rusiyanı terroru dəstəkləyən dövlətlər siyahısına daxil etmək təşəbbüsü birinci il deyil.
Məsələn, 2018-ci ilin aprel ayında ABŞ Senatının Xarici İşlər Komitəsinin üzvü Robert Menendez Moskvanın Böyük Britaniyalı Sergey Skripal və qızının öldürülməsində iştirak etdiyini elan edərək bunu etməyi təklif etdi.
2019-cu ilin dekabrında Senatın Xarici İşlər Komitəsi, Respublikaçı senator Kori Qardnerin Rusiyanı terrorun sponsoru olaraq tanıması üzrə qanun layihəsini təsdiqlədi. Bundan əlavə, komitə Dövlət Departamentinə müraciət edərək, diplomatik idarəni Moskvanın dünyanın müxtəlif bölgələrindəki hərəkətlərinin bu siyahıya daxil olunma meyarlarına uyğun olub-olmaması barədə 90 gün ərzində millət vəkillərinə hesabat verməyi tapşırmışdır.
"Hələ ki, Capitol Hill koronavirus epidemiyası, kütləvi iğtişaşlar, ABŞ-da onlarla şəhərdə etirazlar və qarşıdan gələn seçkilərlə məşğuldur", deyə Stony Brook Universitetinin professoru Jonathan Sanders-in BBC rus xidmətinə verdiyi açıqlamada bildirdi. Yeni ilə kimi çətin ki, respublikaçıların təklifi müzakirə edilsin ".
"Ancaq mən ona laqeyd yanaşmazdım- demək kifayətdir ki, Rusiyaya qarşı sanksiyalar partiyaların səs birliyi ilə qəbul edildi - həm Respublikaçılar, həm Demokratlar bunlara səs verdilər" deyə ekspert əlavə etdi.
Rusiyada respublikaçıların təşəbbüsü beynəlxalq hüquq baxımından qanunsuz adlandırıldı.
"Bu, əlbəttə ki, ikitərəfli münasibətlərimizin normallaşmasına heç bir kömək etmir" deyən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etdi: "Ümid edirik ki, bu planlar bəyanat səviyyəsində qalacaq və heç bir şəkildə reallaşmayacaq".

"BBC-russia"

Tərcümə etdi: Ülviyyə Şükürova