“ABŞ İranla şərtsiz danışıqlara hazırdır" – MÜHARİBƏ TƏRƏFDARI OLAN PAMPEO

03/06/2019 - 00:10 26 688 0   0  

“ABŞ İranla şərtsiz danışıqlara hazırdır".

“Reuters”in məlumatına görə, bunu ABŞ Dövlət katibi Mayk Pompeo bəyan edib.

Amma dövlət katibi belə bir şərt də irəli sürüb ki, İran “özünü normal ölkə kimi aparmaq istədiyini” göstərməlidir.

Pompeo iyunun 2-də İsveçrədə bu ölkənin xarici işlər naziri İqnatsio Kassis-lə görüşüb. İran ətrafında yaranmış vəziyyət, görüşün əsas mövzularından biri olub.

ABŞ-la İran arasında diplomatik münasibətlər olmadığına görə Vaşinqtonun İrandakı maraqlarını İsveçrə təmsil edir.

Pompeonun dedikləri, İran prezidenti Həsən Ruhaninin bu yaxınlarda verdiyi bəyanata reaksiyadır.

Ruhani bu yaxınlarda deyib ki, əgər ABŞ İrana hörmətlə yanaşsa, danışıqlara gedə bilərlər.

Amma ABŞ dövlət katibi qeyd edib ki, Vaşinqton Tehranın Yaxın Şərq regionunda “ziyanlı fəaliyyətinin” qarşısını almaq üçün ona təzyiqləri davam edəcək.

İranla Birləşmiş Ştatların münasibətləri son bir ildə daha da pisləşib.

Vaşinqton ötən il İranla 6 aparıcı dünya ölkəsi arasında imzalanmış nüvə sazişindən çıxandan sonra ona qarşı iqtisadi sanksiyaları bərpa edib.

Həmin saziş 2015-ci ildə imzalanıb.

ABŞ prezidenti Donald Tramp ötən il sazişi tənqid edərkən demişdi ki, bu razılaşmada İranın raket və nüvə proqramları, habelə onun Yaxın Şərqdəki “ziyanlı fəaliyyətləri” nıəzərə alınmayıb.

Son həftələrdə Hörmüz boğazı ətrafında baş verənlər isə gərginliyi xeyli artırıb.

Ayın əvvəllərində ABŞ regiona əlavə hərbi qüvvələr göndərdiyini bildirib. Vaşinqtopn bildirir ki, bu, İrandan gələ bilən “real təhlükələrin” qarşısını almaq üçündür.

ABŞ və Səudiyyə Ərəbistanı bu günlərdə Birləşmiş Ərəb Əmirlikləri sahilində neft tankerlərinə hücumlara görə İranı ittiham edir. Tehran bu iddiaları qətiyyətlə rədd edir.