ABŞ Cənubi Qafqazda aktivləşir: - Hədəf İrəvandır

30/01/2019 - 14:39 2 560 0   0  

BŞ son dönəmlər regionda aktivləşib. Bu dövlət regionda çoxdan olsa da, vaxtaşırı fəaliyyətində korrektələr edir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, Trampın gəlişindən sonra Ağ Ev üçün Cənubi Qafqaz sanki ikinci plana keçdi:
“Sonradan bəlli oldu ki, bu bir görüntüdür. Təbii ki, Meksika ilə divar böhranı, Avropa ilə problemlər, Rusiya və İrana qarşı sanksiyalar tətbiqi, Türkiyə ilə rahib problemi, Yaxın Şərqdəki münaqişələr, Çinə iqtisadi müharibə - bunlar hamısı Cənubi Qafqazı ikinci plana ata bilərdi. Amma Ermənistandakı “inqlab” və davamında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ABŞ-ın müəyyən addımları bu ölkənin regionumuzu da nəzarətdə saxladığını göstərdi”.
Politoloq vurğulayıb ki, Qarabağ məsələsində təşəbbüsü ələ almaq hətta ABŞ kimi bir dövlət üçün asan olmayacaq:
“Çünki Cənubi Qafqaz tarixi rəqiblər - Rusiya, Türkiyə və İranın maraq dairəsindədir. Üstəlik, Rusiya açıq-aşkar Gürcüstanın, dolayısı yolla isə Azərbaycanın ərazisinin bir hissəsini işğal altında saxlayır. Bundan əlavə, Ermənistanda Rusiyanın hərbi bazası var və Ermənistanın NATO üzvü qonşusu Türkiyə ilə sərhədini rus əsgərləri qoruyur. Gördüyünüz kimi, hətta ABŞ üçün vəziyyət bu qədər qəlizdir. Bütün bunlara rəğmən, Cənubi Qafqazda ABŞ Gürcüstanı demək olar ki, tam şəkildə Rusiyadan qoparıb. Gürcüstanda ABŞ hərbi bazasının qurulması məsələsi gündəmdədir. Gürcüstan NATO-ya üzv olmağa can atır. Yaxın illərdə bütün bunlar baş verə bilər. Ermənistanda inqlab zamanı ABŞ fəal iştirak etdi və bunun nəticəsi kimi rusiyayönümlü iqtidar devrildi. İndi Ermənistanda ABŞ-a daha yaxın siyasi qüvvələr hakimiyyətdədir. ABŞ-ın Azərbaycanla da yaxın siyasi-strateji münasibətləri var. Bütün bunları nəzərə alanda görürük ki, Vaşinqtonun regionumuzda yenidən fəallaşması təsadüfi deyil. ABŞ Gürcüstan kimi, Ermənistanı da Rusiyanın nəzarətindən çıxarmaq istəyir və bu yöndə həmlələri davam etdirəcək”.
Qeyd edək ki, yanvarın 29-da ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi müzakirə edilib.