2018-Cİ İLDƏ “VURULAN” MƏMURLAR – KİMLƏR GƏLDİ, KİMLƏR GETDİ…

26/11/2018 - 15:11 2 335 0   0  
2018-ci ili yola salmaq üzrəyik. Bu il ölkəmiz üçün mühüm hadisələrlə yadda qaldı. Azərbaycanda prezident seçkiləri keçirildi, Nazirlər Kabineti yeni tərkibdə formalaşdı. Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci il Azərbaycanda “Cümhuriyyət ili” elan olundu. Paytaxtda və regionlarda, eyni zamanda ölkə hüdudlarından kənarda “Cümhuriyyət ili”nə həsr olunmuş çoxsaylı tədbirlər həyata keçirildi. Eyni zamanda yüksək vəzifə daşıyan bir çox məmurlar vəzifədən azad edildi.
2018-ci ildə vəzifədən azad edilən yüksək rütbəli məmurların siyahısını təqdim edir.

Ölkənin üçüncü şəxsi – Baş nazir Artur Rasizadə Prezident İlham Əliyevin 21 aprel 2018-ci il tarixli sərəncamı ilə vəzifədən azad edildi. Artur Rasizadə 22 ildir bu vəzifədə çalışırdı. 1996-cı ilin noyabr ayının 26-dan qısa fasilə olmaqla hökumətə başçılıq edirdi. Onun yerinə isə Prezidentin xarici siyasət məsələlər üzrə köməkçisi – şöbə müdiri Novruz Məmmədov təyin edildi.

Baş nazirin müavini Abid Şərifov da 2018-ci ildə yola salınan məmurlar sırasında yer aldı. 1995-ci ildən bu vəzifədə çalışan A.Şərifov Nazirlər Kabinetinin yeni tərkibində yer almadı. Vəzifədən azad edildiksən sonra səhhətində müəyyən problemlər yarandığı deyilən A.Şərifov mətbuata açıqlamasında bu məlumatları təkzib etdi. Onun yerinə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov təyin edildi.

Baş nazirin müavini Elçin Əfəndiyev də bu il yola salınan məmurlardandır. Azərbaycanın ən uzunömürlü məmurlarından olan E.Əfəndiyev vəzifədən azad edildikdən sonra yaradıcı fəaliyyətlə məşğul olur. İşdən çıxdıqdan sonra ilk dəfə xalq artisti Amaliya Pənahovanın vida mərasimində xalq artisti Flora Kərimova ilə mübahisəsi ilə gündəmə gəldi. Onun yerinə isə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov təyin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov də 2018-ci ilin “vurulan məmurları” siyahısındadır. Beş ilə yaxın nazir vəzifəsində çalışan S.Müslümov yeni nazir təyin olunanda səs-küylü müşavirələri ilə bu sahədə köklü islahatlar həyata keçiriləcəyi görüntüsünü yaratsa da, əslində bu baş vermədi. Bu sahədə olan problemlər davam etdi. Onun yerinə İqtisadiyyat nazirinin müavini Sahil Babayev təyin olundu.

Kənd Təsərrüfatı naziri Heydər Əsədovun çoxdan vəzifədən azad ediləcəyi gözlənilsə də, bu 2018-ci ildə baş verdi. Qudası Ziya Məmmədovun Nəqliyyat naziri vəzifəsindən azad edilməsindən sonra onun işdən çıxarılacağı dəfələrlə mətbuatın gündəminə gəlib. Nazir təyinatına qədər Hesablama Palatasına rəhbərlik edən H.Əsədovun hazırda elmi fəaliyyətlə məşğuldur. Onun yerinə “Asan Xidmət”in rəhbəri İnam Kərimov təyin edilib.

2018-ci ilin ən qalmaqallı “yola salınması” Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı ilə bağlı oldu. Onun vəzifədə olarkən öz adına şərab buraxdırması və özünə 65 min AZN maaş yazdırması ciddi ajiotaja səbəb oldu. Məsələ ilə bağlı mətbuata hər hansı açıqlama verməyən R.Aslanlı işdən çıxdıqdan sonra ümumiyyətlə gözə görünmədi. Palataya rəhbərlik isə qurumun İdarə Heyətinin sədr əvəzi İbrahim Alışovdadır.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun nazir təyinatından sonra Dövlət Gömrük Komitəsinin sədri təyin olunan və son 12 ildə bu quruma rəhbərlik edən Aydın Əliyev də 2018-ci ildə vəzifədən azad edildi. Nazirlər Kabinetinin yeni tərkibində yer almayan A.Əliyevin hazırda nə işlə məşğul olduğu bəlli deyil. Onun yerinə isə uzun müddət bu qurumda sədr müavini kimi çalışan Səfər Mehdiyev təyin edildi.

10 ilə yaxın Diasporla iş üzrə Dövlət Komitəsinə rəhbərlik edən Nazim İbrahimov da 2018-ci ilin “vurulanları” siyahısında yer aldı. Son illər ümumiyyətlə İbrahimov qardaşları üçün “havalar xoş keçmirdi”. Bir qardaşı İbrahim Nehrəmli ilə bağlı baş verənlər, digər qardaşının qısamüddətli həbsi, o biri qardaşlarının ATV-dən uzaqlaşdırılması Nazim İbrahimovun da sonunun çatdığı təəssüratını yaradırdı. Nəhayət bu 2018-ci ildə baş verdi. Onun yerinə isə millət vəkili Fuad Muradov təyin edildi.

Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev üçün də 2018-ci il “düşərli” olmadı. Cəmi 6 il bu postda çalışan F.Nəbiyev Nazirlər Kabinetinin yeni tərkibində yer almadı. Buna qədər Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini – Baş Qərargah rəisi işləyən general-mayor Firudin Nəbiyev son vəzifəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovu əvəz edirdi. Onun yerinə isə millət vəkili Vüsal Hüseynov təyin edildi.

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov da 2018-in “qurbanları” arasındadır. Oğlunun səfir olduğu İspaniyaya səfəri çərçivəsində akademikin spirtli içki qəbul edərək, lazımsız söhbətlər etməsi, təyyarəyə 2 ton şərab vurdurması ilə bağlı məlumatlar yayıldı. İddia olundu ki, məhz bu davranışları A.Məhərrəmovun sonunu gətirib. Bir neçə gün öncə Fəxri Xiyabanda görüntülənən Abel Məhərrəmovun özü isə mətbuata açıqlamasında bildirdi ki, istirahətdədir. Ardınca isə onun BDU-da kafedra müdiri kimi işə gəlib-getdiyi tirajlandı. Onun yerinə isə hələlik təyinat yoxdur.

Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov, “Azərenerji” sədri Etibar Pirverdiyev də ilin “vurulanları” arasında yer aldı.
 
Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev, Binəqədi rayon icra başçısı Xaləddin İskəndərov da bu il vəzifəsini itirən məşhur icra başçılarından oldu. Onlardan başqa daha 8 icra başçısı vəzifəsini itirdi.