Zəngilanın işğalından 25 il ötür

29/10/2018 - 00:35 2 710 0   0  

Azərbaycan Respublikasının Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 25 il ötür.

Zəngilan rayonu 1993-cü il oktyabrın 29-da işğal edilib. Yüzlərlə şəhid verən rayonumuz işğala məruz qalan sonuncu rayon olub. Zəngilan Birinci Qarabağ müharibəsində 188 şəhid verib. Bu günə qədər rayonun 44 sakini itkin düşmüş sayılır.

Qubadlı və Cəbrayıl rayonlarının işğalı nəticəsində mühasirəyə düşən Zəngilan əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməsəydi, ikinci bir Xocalı hadisəsinin baş verəcəkdi.

Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən bu rayon mühüm strateji əhəmiyyətə malikdir.

Ərazisi 707 kvadratkilometr, əhalisi isə 35 mindən çox olub. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı - üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib.

İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu var idi.

Zəngilanın ərazisi arxeoloji və memarlıq abidələri ilə də zəngindir. Onlardan ən böyüyü "Şəhri Şərifan" adı ilə tanınan orta əsr şəhərinin xarabalıqlarıdır.

 

Rayon ərazisində 1974-cü ildə yaradılan Bəsitçay Dövlət Təbiət Qoruğunun bərbad vəziyyətə salındığı barədə məlumatlar var. Qoruq ərazisindəki qiymətli ağacları kəsib-doğrayan ermənilər onlardan mebel sənayesində istifadə edirlər.