Zamirə Hacıyeva sağa-sola səpələnən milyonların mənbəyini açıqlasa...

28/01/2019 - 09:49 1 270 0   0  

Britaniya Məhkəməsi Azərbaycandan oğurlanan pulların  geri - dövlətə qaytarılmasına da qərar verə bilər, amma...

Böyük Britaniya hökuməti Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya var-dövlətin qeyri-məlum mənbəsini açıqlaması üçün iki order təqdim edib. Zamirə Hacıyeva sağa-sola səpələdiyi milyonların mənbəyini hələ ki, izah etməyib. Onun 2 order üzrə izahat verməsi üçün 2019-cu ilin iyununa qədər zamanı var. İyunda məhkəmə qarşına çıxarılacaq və izahat verməli olacaq. Əks təqdirdə əmlaklar Britaniya hökumətinin sərəncamına keçəcək. Z.Hacıyeva maliyyə vəsaitlərinin mənbəsini açıqlamaqdan imtina etməyə davam etsə, məhkəmə onun əmlakının, o cümlədən Londonun qərbində, Naytsbricdəki dəyəri 11,5 milyon funt-sterlinq olan malikanənin və Askotdakı dəyəri 10,5 milyon funt-sterlinq olan şəhərkənarı qolf klubun müsadirə edilməsi barədə hökm çıxara bilər.

Britaniyada korrupsiyaya qarşı mübarizə qanununun ilk hədəfi olan Z.Hacıyeva on il ərzində Londonun məşhur dükanı Harrods-da 16 milyon funt sterlinq (35.85 milyon manat) xərcləyib. Bu günə qədər məlum olan odur ki, ödənişlərin edildiyi 35 kredit kartı Cahangir Hacıyevin 14 il başçılıq etdiyi Beynəlxalq Banka məxsusdur. Bu gün Cahangir Hacıyev həbsdədir. Rəsmi məlumatlara görə, C.Hacıyev başqaları ilə qabaqcadan əlbir olub mütəşəkkil qrup yaradaraq özünün, ailə üzvlərinin və digər şəxslərin adına kart hesabları açıb və həmin hesablara külli miqdarda pul vəsaitlərinin köçürülməsi barədə qanunsuz göstərişlər verib. Məhkəmə qərarına görə, C.Hacıyevin göstərişi ilə yaradılan qruplaşma üzvləri bankdan 10 ədəd plastik kart vasitəsilə milyonlarla manatı faizsiz kredit adı altında çıxarıblar.

Cahangir Hacıyev ile ilgili görsel sonucu

Azərbaycanın hüquq-mühafizə orqanları hələ 2016-cı ilin yayında Z.Hacıyevanın da əri Cahangir Hacıyev kimi mənimsəmədə ittiham olunduğunu bəyan edib. Məhkəmənin hökmünə görə, Zamirə Hacıyeva və digərləri mütəşəkkil cinayətkar qruplaşma yaradıb. Qruplaşmanın Beynəlxalq Bankın talanmasında iştirak etdiyi iddia olunur. Hacıyevaya qarşı cinayət işi başlansa da, həbsi mümkün olmayıb. Çünki o, ölkəni hələ 2014-cü ilin noyabrında tərk edib.

Məhkəmə habelə C. Hacıyevdən 63 milyon 80 min manat tutularaq, Beynəlxalq Banka verilməsi, ona məxsus olan dəyərli qol saatının və sikkə pulların müsadirə olunması barədə hökm çıxarıb. Zamirə Hacıyeva isə 4 ildən çoxdur ki, Böyük Britaniyada yaşayır. Bu ölkənin Daxili İşlər Nazirliyi ona Britaniyada varlı sahibkarlar üçün nəzərdə tutulmuş viza ilə yaşamaq icazəsi verib. 2 il öncə ailənin vəkili Aqil Layıcov bankirin xanımının yaxalanıb gətirilməsi məqsədilə Londona xüsusi əməliyyat qrupu göndərildiyini demişdi. Sonradan Cahangir Hacıyev də bu məsələyə kinayəli reaksiya verərək həmin uğursuz əməliyyata münasibət bildirmişdi.

Z.Hacıyevanın mülk almaq üçün saxtakarlıqla mənimsənilən pullardan istifadə etdiyi barədə Britaniyanın Ali Məhkəməsi təsdiq qərarı çıxararsa, o zaman ondan alınacaq pul və mülklər Azərbaycana qaytarıla bilər. Bu haqda Britaniyanın Milli Cinayət Agentliyinin rəsmisi Donald Toon açıqlamasında bildirmişdi.

Qeyd etmişdi ki, Britaniyanın İzahedilməyən Sərvət Sərəncamı (UWO) altında Ali Məhkəmənin qərarı ilə müsadirə olunmuş pul “siyasi və beynəlxalq məsələyə” çevrilə bilər: “İlk növbədə, həmin aktivlərin dəyəri Böyük Britaniya hökumətinə daxil olacaq, sonra pul mənbəyinin ölkəsi - yəni Azərbaycan və Britaniya arasında repatriasiyanin miqyası barədə birbaşa əlaqə qurulacaq”.

Z.Hacıyeva mənbəni açıqlaya bilsə, Londondakı mal-mülkün biznesdən qazanıldığını təsdiqləyən məlumatları ortaya çıxarsa, bu halda həmin əmlaklar Hacıyevlərin sərəncamında qalacaq. Üzərindən həbs götürüləcək.

zamirə hacıyeva ile ilgili görsel sonucu

Amma gedişat onu deməyə əsas verir ki, Zamirə Hacıyeva belə məlumatlara malik deyil, əks təqdirdə məsələ aylarla davam etməzdi. Digər tərəfdən Z.Hacıyevanın belə məlumatları Britaniyanın Ali Məhkəməsinə təqdim etməsi sonradan Azərbaycanda C.Hacıyevin də barəsində çıxarılacaq məhkəmə hökmünə təsir etmək gücündədir.

Əslində, Azərbaycanda Cahangir Hacıyeva qarşı başlanmış cinayət işində Zamirə Hacıyeva də təqsirli bilinir. Amma o istintaqdan gizləndiyi üçün tutulması bugünədək mümkün olmayıb. Ona qarşı Cinayət Məcəlləsinin mənimsəmə və israf etmə maddələri üzrə ittihamlar irəli sürülüb. Bu maddəyə görə 7 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulur.

Əkrəm Həsənov ile ilgili görsel sonucu

Həbs qəti imkan tədbiri haqda qərarı baş prokurorun müavini Rüstəm Usubovun təqdimatı əsasında Bakının Nərimanov Rayon Məhkəməsi çıxarıb. Qərarda deyilir ki, Zamirə Hacıyeva əri Cahangir Hacıyevin Azərbaycan Beynəlxalq Bankının rəhbəri olduğu dövrdə bankın “Mərkəz” filialının ayrı-ayrı vaxtlarda müdirləri olan Anar Sultanov və Yusif Ələkbərovdan, filialın müdir müavini, daha sonra müdiri olmuş İlham Abdullayev, “Nəqliyyat” filialının müdiri Kənan Orucovdan, “Nərimanov” filialının müdiri Məmməd Cahangirovdan, eləcə də onun yaxın dostu Azad Cavadovdan və digərləri ilə mütəşəkkil cinayətkar qruplaşma yaradıb. Qruplaşmanın Beynəlxalq Bankın “talanmasında” iştirak etdiyi iddia olunur. Bankdan mənimsənilən pullarla Zamirə Hacıyeva və ailə üzvlərinin təyyarə biletləri, zinət əşyaları alındığı, təhsil haqlarının ödənildiyi, Avropanın dəbdəbəli istirahət mərkəzlərində istirahət etdikləri, gözəllik salonlarında, restoranlarda xərcləndiyi iddia edilib.

İqtisadçı ekspert Əkrəm Həsənov deyir ki, Zamirə Hacıyeva istəsə belə Londonda sağa-sola xərclənən pulların, əmlakların əldə olunmasına xərclənmiş pulların mənbəyini açıqlaya bilməz. Çünki həmin pullar biznesdən əldə olunan gəlir deyil.

Ekspertin sözlərinə görə, Zamirə Hacıyeva əvvəlki kimi desə ki, pulları həyat yoldaşı ona verib, bu halda Cahangir Hacıyev həmin pulların mənbəyini açıqlamalıdır. Təbii ki, bank müdiri bu qədər pul qazana bilməzdi, onlar dövlətdən oğurlanan vəsaitlərdir./musavat