Zakir Fərəcov 66 sahibkarı necə pərən-pərən salıb... - VİDEO

03/04/2019 - 10:34 3 442 0   0  

Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən "Şərq bazarı"nda 66 sahibkar aksiya keçirib.
Sputnik Azərbaycan xəbər verir ki, aksiya iştirakçıları iki il öncə Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən sökülmüş mağazalarının bərpa edilməsini tələb ediblər.
Sahibkarların, 1994-cü ildə verilən sərəncama əsasən inşa etdikləri mağazaları 2017-ci ildə Sumqayıt İcra Hakimiyyəti tərəfindən sökülüb. Mağazaların söküntüsü zamanı sahibkarlara "zəmanət məktubu" verilib və bildirilib ki, 6 ay müddətində ərazidə yeni müasir üslublu mağazalar tikiləcək.
Ancaq aradan iki il keçməsinə baxmayaraq, bu günə qədər aidiyyəti qurum verdiyi vədə əməl etməyib.
Sahibkarların nümayəndəsi Yusif Məmmədov iki ildir işsiz qaldıqlarını bildiriblər: "Biz, dövlət büdcəsinə vergi ödəyirdik. İndi nə işimiz var, nə dolanışığımız. 66 sahibkarın timsalında minə yaxın vətəndaş buradan dolanırdı".
Onun sözlərinə görə, məsələ ilə bağlı müvafiq qurumlara dəfələrlə müraciət edilsə də, onların müraciəti ilə maraqlanan olmayıb.
Digər sahibkar Söhrab Əlixanov isə deyib ki, mağazalar 2 ildir sökülüb və söküntüdən sonra onların taleyi ilə maraqlanan olmayıb: "Dəfələrlə müəyyən qurumlara müraciət etmişik. Ancaq boş vədlər alırıq. Buna bir son qoyulmalıdır. İşsiz, çörəksiz qalmışıq".
Sahibkar Səhamil Cabbarov qeyd edib ki, mağazalar 2017-ci ildə sökülənə qədər bir il müddətində hasara alınıb: “Biz normal fəaliyyət də göstərə bilmirdik. Sonradan 2017-ci ildə mağazalar söküldü. Bizə sadəcə "zəmanət məktubu" verdilər ki, qısa müddətdə sizin mülkiyyətiniz geri qaytarılacaq. Ancaq aradan iki il keçib və biz, tamamilə, müflisləşmişik".

Aksiyadan sonra sahibkarlar Sumqayıt Rayon İcra Hakimiyyətinə üz tutublar.
Sahibkar Söhrab Əlixanovun bildirdiyinə görə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sahibkarları qəbul edərək, onların probleminin nəzarətdə olduğunu qeyd edib: "Bizdən daha bir ay zaman istənildi. Və bildirildi ki, əgər "Şərq bazarı"nın direktoru Rəşid Babayev ərazidə tikintiyə başlamasa, sahibkarlara mağazalar tikilib veriləcək".
Xatırladaq ki, iki il öncə 66 sahibkarın mağazasının da yer aldığı "Şərq bazarı"nın sökülməsinə bazarın direktoru Rəşid Babayev tərəfindən qərar verilib. R.Babayev bazarı sökdürərək yerində 4 mərtəbəli müasir ticarət mərkəzi tikdirmək qərarı vermişdi. Həmin vaxt sahibkarlar söküntü işlərinə narazılıq etdiyi üçün Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən sahibkaralara "zəmanət məktubu" verilmişdi.
Məsələyə aydınlıq gətirmək üçün Sumqayıt Şəhər İcra Hakimiyətinə müraciət etdik. Qurumdan Sputnik Azərbaycan-a verilən məlumatda da qeyd olundu ki, sahibkarlar qəbul edilib və onların problemi dinlənilib: "Sahibkarlarla yenə danışıqlar aparılacaq. Ümumi razılıq əldə edildikdən sonra tikinti işlərinin aparılması üçün qərar veriləcək".

Zakir Fərəcov 66 sahibkarı necə pərən-pərən salıb...
Zakir Fərəcov 66 sahibkarı necə pərən-pərən salıb...
Zakir Fərəcov 66 sahibkarı necə pərən-pərən salıb...