“YƏQİN Kİ, NƏCMƏDDİN SADIKOV EV DUSTAQLIĞINDADIR” – Deputatdan sensasiyalı açıqlama

08/01/2021 - 17:29 2 752 0   0  

“Nəcməddin Sadıkov vəzifəsindən kənarlaşdırılıb. Özü də müharibə başlayan kimi kənarlaşdırılıb. Görünür, günahları var, ya nələrisə varsa, bunu yalnız dövlətin xüsusi xidmət orqanları, bir də Müdafiə Nazirliyi bilər ki, nəyə görə kənarlaşdırılıb. Ayrı kimsə bilə bilməz. Yəqin ki, Nəcməddin Sadıkov evində, villalarının birində ev dustağıdır”.

“AzPolitika.info” xəbər verir ki, bunları Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun müharibə başlayandan bir neçə gün sonra müəmmalı şəkildə vəzifəsindən uzaqlaşdırılması və yoxa çıxması haqda danışarkən deyib.

 

 

Deputatın fikrincə, Baş Qərargah rəisinin müharibə dövründə vəzifəsindən uzaqlaşdırılması ciddi mətləblərdən xəbər verir. “Deməli, səhvləri vardı, ya etibarını itirmişdi, təbii ki, mənim nəzərimcə, ona görə də kənarlaşdırıldı. Onun harada olduğunu mən bilə bilmərəm… Mənim fikrimcə, yəqin ev dustaqlığındadır. Çünki görünmürsə, eləmirsə… Həbs olunsa, mətbuata çıxardı, bir generalın həbs olunmağını gizlətmək olmazdı axı. Yəqin evində, villalarının birində ev dustağı olar. Bunu Müdafiə Nazirliyindən soruşa bilərsiniz ki, sizin o general vardı e, haradadır bəs? Bunu Müdafiə Nazirliyi deyə bilər. Milli Məclisin Müdafiə Komitəsinin üzvü, hətta Milli Məclisin sədri də onun barəsində məlumatsız ola bilər”.

Xatırladaq ki, Nəcməddin Sadıkov müharibə başlayandan az sonra vəzifəsindən uzaqlaşdırılıb. Onunla eyni gündə MN-də yüksək vəzifə tutan general-mayor Aleksandr Vasyak, bir neçə gün sonra isə bacısı oğlu, MN Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Ramil Əsgərov tutduqları vəzəfələrdən azad olunublar.

N.Sadıkov barəsində müxtəlif şayiələr dolaşır və hazırda harda olduğu bilinmir. Müdafiə Nazirliyi də N.Sadıkov barəsində hər hansı açıqlama verməyib.