“YPX bizi sıxışdırdı, maşınımız aşdı” - ŞİKAYƏT

27/12/2018 - 22:02 3 187 1   0  

Gəncə şəhərində dekabrın 21-də bir ailənin xəsarət alması ilə nəticələlən qəzanın yol polisi əməkdaşlarının sürücünü təqib etməsi nəticəsində baş verdiyi iddia olunur.

Səbutər Babayev bildirib ki, həmin gün saat 21 radələrində Gəncə şəhərində restorandan çıxaraq Yevlax rayonuna gedirmişlər. Bu zaman YPX əməkdaşları onların qarşısını kəsərək avtomobili saxlatdırıb. Sürücü isə S.Babayevin atası Adil Babayev olub:

“Onlar atamın içkili olduğunu zənn ediblər. Amma bizim maşını normal qaydada yox, sıxışdıraraq saxlatdırıblar. Polis əməkdaşı maşından düşərək üstümə hücum çəkib, atam ona niyə belə etdiyini deyib özünün də keçmiş polis əməkdaşı olduğunu bildirdi. Atam 2005-ci ilədək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı olub. YPX əməkdaşı bizə “gör indi sənin başına nə oyun açacağam” dedi. Mən də maşından düşdüm, mübahisə edəndə anam bizi çağırıb dedi ki, 4 aylıq hamilə olan yoldaşımın vəziyyəti pisləşib. Biz polis əməkdaşlarına bunu deyib dərhal maşına oturduq və xəstəxanaya sürdük. Amma polislər bizi təqib etməyə başladı. Gəncədə “2705-in kruqu” deyilən yerdə biz dairəyə daxil olanda YPX maşını bizi sıxışdırdı və maşınımız aşdı. Maşında atam, anam, mən, hamilə yoldaşım və bacım var idi. Hər birimiz xəsarət aldıq. YPX maşını isə bizim qəzaya düşdüyümüzü görən kimi saxlamadan sürüb getdi, bizə heç bir kömək etmədilər. Aşmış maşından öz gücümüzə padpresi sındırıb çölə çıxdıq. Qəzada anamın sağ qolu əzildiyi üçün amputasiya olunaraq

kəsildi, bacımın ayağı hələ də gipsdədir, yoldaşımın hamiləliyi də risk altına düşdü, həkim yataq rejimi yazıb”.

S.Babayev əlavə edib ki, hadisədən sonra atası Adil Babayev narkoloji və alkoqol testindən keçib, onda heç bir içki və ya narkotik aşkar olunmayıb. Həmin polis əməkdaşlarından Gəncə Şəhər Baş Polis İdarəsinə şikayət etsələr də, onlar özü bu hadisədə günahkar bilinib: “Bizə YPX əməkdaşlarının kimliyi haqda məlumat verilmir, amma qəzaya və anamın qolunun kəsilməsinə görə atam günahkar bilinir. Ona qarşı cinayət işi başladılıb”.

Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat xidmətinin rəhbəri, polkovnik Rüfət Quliyev açıqlamasında bildirib ki, qəza ilə bağlı fakta görə cinayət işi başlanılıb və istintaq aparılır.

R.Quliyev qeyd edib ki, vətəndaşın iddia etdiyi xüsusatlar da istintaq çərçivəsində araşdırılacaq. Bundan sonra məsələyə hüquqi qiymət veriləcək: “Hazırda istintaq getdiyi üçün əlavə açıqlama verə bilmərik. İstintaqın gedişatında hər şey bəlli olacaq”.(qafqazinfo)