Yeddi ailəlik kənd. Yalnız yezidlərin yaşadığı Ermənistan kəndi haqda

29/03/2019 - 17:06 16 339 0   0  

 

Tlik yezidi kəndinə diqqət çəkmədən girmək mümkün deyil: kənd sakinləri anındaca yad adamın şəxsiyyətini müəyyən etmək və kəndə gəlişinin səbəbini öyrənmək üçün toplaşır. Tlika sakinlərinin bir yerə toplaşması üçün çox zamana ehtiyac yoxdur – bütün kənddə cəmi yeddi ailə yaşayır

Tlik kəndinin başçısı mühacirət edib

Sərhədyanı Tlikdə 22 seçici, Ağsaqqallar Şurasının 5 üzvü və təzə kənd başçısı var. Keçmiş başçı mühacirət edən kənd sakinlərinə qoşulduğu üçün icmada növbədənkənar seçki keçirməli olublar. İki namizəddən on altı səslə Slavik Saloyan qalib gəlib.

Kənd administrasiyasının qapısı həmişə bağlı olur, bununla belə başçını tapmaq heç də çətin deyil, o həmişə hardasa buralardadır.

1

Hamı köçsə də, Surik Tlikdə qalacaq

74 yaşlı Surik Xaçatryan kəndin ən yaşlı sakinlərindən biridir. O, 110 ailənin yaşadığı əvvəlki Tliki yaxşı xatırlayır. İnsanlar əkinçiliklə məşğul olur, mal-qara saxlayırdı. Su ilə bağlı problem yoxuydu, hər ailənin təsərrüfatında yüz baş iri və xırda buynuzlu mal-qara olurdu.

Surikin sözlərinə görə, həmin kənddən əsər-əlamət qalmayıb. İndi nə içmək, nə də suvarmaq üçün su var, qaz xətti, heç mağaza da yoxdur. Çünki Tlik sakinləri bir-birinin arxasınca kəndi tərk ediblər. Onların böyük hissəsi xaricə köçüb, qalanları Ermənistanın müxtəlif rayonlarında məskunlaşıb. Surik deyir ki, indi kənddə ev satmaq mümkün deyil.

2

Köçəndən əvvəl adamlar qapı-pəncərəni bağlayıb, açarı burada qalan qonşularına verirlər. Kənddə boş ev kifayət qədərdir. Qonşu kəndlərdən olan heyvandarlar heyvanların otlağa aparıldığı mövsümdə müvəqqəti olaraq bu evlərdə məskunlaşırlar. Bu il Tlikdə 11 bu cür ailə məskunlaşıb. Qışda isə onlar öz evlərinə qayıdırlar.

Araqotsotn vilayətinin Tlik kəndi ancaq yezidlərin həmişə öz dini başçıları ilə birlikdə yaşadıqları az saylı yaşayış məntəqələrindən biridir. Həmin başçılar milli ənənələrə riayət olunmasına nəzarət edir. Kənddə əsasən heyvandarlıqla məşğul olublar: kəndin əlverişli coğrafi mövqeyi də buna imkan verir.  

Surikin sözlərinə görə, Ermənistanın müstəqilliyi elan olunandan sonra kənd hakimiyyətin diqqətindən kənarda qaldı. Misal üçün, qonşu erməni kəndləri insan həyatı üçün lazımi şəraitlə az da olsa təmin olunub, Tlikdə isə heç nə yoxdur: duz almaq üçün 15 kilometr məsafəni qət etməli olurlar. Burada ictimai nəqliyyat da işləmir.

Həm keçmiş, həm də indiki başçı dəfələrlə rayon rəhbərlərinə müraciət edib ki, kənddə heç olmasa içməli su problemi həll olunsun, amma xeyri olmayıb: Tlik sakinləri içməli suyu bura gələn su maşınlarından alırlar. Yeri gəlmişkən, bu maşınlar da bir aydır ki, bu yerlərə gəlmir. Surik Xaçatryan bunu təhqir kimi qəbul edir, hakimiyyətin Tlik kəndinə münasibətini isə milli mənsubiyyətə görə ayrı-seçkilik sayır.

Yezidi qadının şəklini çəkmək üçün ailənin ağsaqqalından icazə almaq lazımdır  

9

Yezidi qadınların yad adamlarla danışmaq haqqı yoxdur. Onların ənənələrinə görə, gəlin nəinki qaynatayla danışa, heç onunla bir süfrə arxasına otura da bilməz. Yezidilərin fikrincə, bu böyüklərə hörmət əlamətidir, qadınlar yemək vaxtı ayrı oturur.

Hətta toylarda və digər tədbirlərdə adətə görə, qadınlar və kişilər üçün süfrələr ayrı-ayrı otaqlarda açılır. Belə bir imkan olmayanda isə masalar pərdə ilə ayrılır.

Yezidi qadınlarla söhbət etmək üçün yaşca kənd sakinlərinin hamısından böyük olan Surik Xaçatryandan icazə aldıq. Alifi danışdırmaq daha asan oldu. Son bir neçə ili o, Rusiyada yaşayıb və yezidi adətlərinə daha təmkinlə yanaşır. 

11

Onun sözlərinə görə, milli paltar artıq dəbdə deyil, xüsusən də müasir üsluba üstünlük verən gənclər arasında, yaşlı nəsil isə əvvəlki kimi başını örtür. Milli yeməklər də qalmayıb, bircə qış üçün hazırlanan ət qovurmasından başqa.

10

Alif Samoyan Ermənistana oğlunu evləndirmək üçün qayıdıb. Yezidilər bu məsələyə böyük əhəmiyyət verir. Yezidi oğlan özünə başqa millətdən olan qız seçəndə dini başçılar onun bu addımını dindən könüllü imtina kimi qəbul edir və icma bu gəncdən üz döndərir.

12

Tlikdə bu gün fərqli idi. Və bu, tək bizim gəlişimizlə bağlı deyildi. Qonşu kənddən qadın bura potensial gəlinə baxmaq üçün gəlmişdi. Yezidi adətlərinə görə, qızgördüyə getmək məsuliyyəti qadınların üzərinə düşür, kişilərin qızgördüyə gəlməyə heç ixtiyarları da yoxdur.

13

 Gələcək bəyin özü ancaq gəlinin valideynləri qızlarını verməyə razı olandan sonra bu evə ayaq basa bilər. Surik və kəndin başçısı kəndin mərkəzində durublar və qonaq kənddən çıxmamış buranı tərk etməyəcəklər: onların vəzifəsi qadını gətirən sürücünün evə girməməsinə nəzarət etməkdir.

14

 ANJELA STEPANYAN, ARMAVİR