“Yaxın Şərq” planı Yaxın Şərqi viran qoydu

01/12/2018 - 09:29 679 0   0  

Yeganə Hacıyeva: “Strateji əhəmiyyətinə görə bu region tarixən qlobal güclərin nüfuz dairəsinə düşməsi istiqamətində poliqon rolunu oynayıb”

Başda ABŞ olmaqla Qərbin “Yaxın Şərq” planının Yaxın Şərqi hansı vəziyyətə gətirdiyi, darmadağın etdiyi bəllidir. Qərbin darmadağın etdiyi Yaxın Şərqin bərpa olunması, orada normal həyata qayıdılması mümkün olacaqmı? Olacaqsa bunu kim edəcək?

Politoloq Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, Yaxın Şərq regionu tarixən  geosiyasi, iqtisadi və hərb-strateji əhəmiyyətə malik bir regiondur. Yaxın Şərq unikal mineral ehtiyatların, qlobal iqtisadiyyatın normal fəaliyyətinin əsasını təşkil edən karbohidrogen ehtiyatları ilə zəngin, Avropa, Asiya və Afrikanı birləşdirən mühüm iqtisadi və strateji yolların kəsişməsində yerləşən regiondur. Yaxın Şərq regionundan dünya iqtisadi əlaqələrində mühüm rol oynayan dəniz, quru və hava nəqliyyatı xətləri keçir. Bu region həmçinin dünyada sülhə və təhlükəsizliyə hədə yaradan siyasi və dini ekstremizmin, çoxlu sayda terror təşkilatının fəaliyyət göstərdiyi və oradan da dünyaya yayıldığı bir regiondur. ABŞ üçün Yaxın Şərq regionu və bu regiona nəzarət  məqsədi ilə qurduğu xarici siyasət strateji və həyati əhəmiyyətlidir: “Yaxın Şərq regionu və bu regionda baş verənlər ABŞ üçün iki istiqamətdə xarici və daxili-milli təhlükəsizlik istiqamətində əhəmiyyət kəsb edir. ABŞ Yaxın Şərq regionuna yönəlik siyasətini iki aspektdən daxili və xarici aspektdən formalaşdırır. ABŞ-ın Yaxın Şərq siyasəti iqtisadi və təhlükəsizlik-milli və qlobal maraqları üzərindən qurulub. Yaxın Şərq ABŞ üçün həm də milli təhlükəsizliyinə təhlükə yaradan terror qruplarının fəaliyyət göstərdiyi bir mərkəz kimi görülür. Eyni zamanda bu bölgə  ABŞ üçün NATO-ya bitişik, alyans üzvlərinin asılı olduğu enerji resurslarının ən vacib mənbəyi olan, mühüm coğrafi-strateji qeyri-Avropa regionudur. ABŞ-ın Yaxın Şərqdəki  xarici siyasətinin  mühüm elementi Amerikanın əsas strateji tərəfdaşı və müttəfiqi-İsrail dövləti və onun təhlükəsizliyidir. Məhz bu məqam ABŞ-ın daxili siyasətinə təsir edə bilən, daxildə siyasi institutları hərəkətə gətirə bilən bir məqamdır.

Yaxın Şərqin bugünkü vəziyyətinin məsuliyyətini ancaq ABŞ-ın və onun “Yaxın Şərq” planının üzərinə atmaq doğru deyil. Strateji əhəmiyyətinə görə bu region tarixən qlobal güclərin nüfuz dairəsinə düşməsi istiqamətində poliqon rolunu oynayıb".

Ekspert qeyd etdi ki, bu proses günümüzdə də davam edir. Yaxın Şərq regionunda ABŞ-dan qat-qat güclü, regionda siyasi və təhlükəsizlik dayaqlarına malik, görünən və görünməyən güclər mövcuddur: “Orada siyasi və təhlükəsizlik dayaqlarına malik görünən güc Rusiyanın, hibrid iqtisadi və maliyyə siyasəti ilə Çinin mövcudluğu var. ABŞ Yaxın Şərqdə bu iki güc arasında balansını qoruyur.

Yaxın Şərqin bərpa olunması, orada normal həyata qayıdılmasının mümkün olması yaxın dövr üçün gözlənilmir. Çünki bunu etmək istəyən qüvvələr hazırda yoxdur. Hansısa qüvvənin edə biləcəyinə gəlincə, bu regionla bağlı mən bu mövzuda o qədər də optimist deyiləm. Əlbəttə, Suriya ilə bağlı bu istiqamətdə Rusiya, Türkiyə və İranın üçlü formatda fəaliyyəti mövcuddur və bu fəaliyyəti qismən də olsa məhsuldar hesab etmək olar. Ən əsası bu üçlü öz məqsədlərinə israrlıdırlar və illər sonra bu mütləq nəticə verəcək. Təkrar edirəm, illər sonra. Ancaq Yaxın Şərq regionunda Suriyadan başqa bir neçə digər ocaqlar da mövcuddur və bu strateji regiona nəzarət uğuruna mübarizədə həmin ocaqlar növbə ilə alovlandırılır. Yəni hazırda Yaxın Şərqin bərpasından danışmaq tezdir. Hələ ki bərpa yox, dağılma prosesi gedir"