YAP-çı deputatdan Rusiyadakı oliqarxlarımıza sensasion ittiham - niyə indi?

08/12/2018 - 10:33 1 342 0   0  

Siyavuş Novruzov fəaliyyətini çoxdan dayandırmış “Milyarderlər İttifaqı”nda təmsil olunanları ölkədəki “bəzi anti-Azərbaycan qüvvələrini maliyyələşdirməkdə” suçladı

Deputatın Azərbaycanda ən məlumatlı adamlardan biri olduğunu nəzərə alsaq...
Milli Məclisin dekabrın 7-də keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Rusiyadakı azərbaycanlı iş adamlarını sərt tənqid edib və sensasion ittiham irəli sürüb.
Deputat əvvəl onları fəaliyyətsizlikdə ittiham edib: “Rusiya ilə Azərbaycan arasında yüksək səviyyəli münasibətlər var. Bu münasibətlərdən ən çox bəhrələnən kimdir? Rusiyada bizneslə, sahibkarlıqla məşğul olan azərbaycanlılar. Zatulin haqqında danışılır. Onun keçirdiyi toplantıda erməni diasporu iştirak edir və onların cəlb etdiyi insanlar var. Azərbaycanın Rusiyadakı səfirliyi, Heydər Əliyev Fondu və gənclər təşkilatlarından başqa hansı təşkilat orada tədbir keçirib? Hansı tədbir keçirərək Rusiya ictimaiyyətini oraya toplayır? Axı oradakı imkanlı şəxslər ölkələrarası imkanlardan istifadə edirlər, bəhrələnirlər. Rusiyada azərbaycanlılara qarşı hər hansı polis hücumu, başqa hərəkətlər yoxdur”.
Deputat deyib ki, onlar “Milyonerlər İttifaqı”(əslində isə qurum qeyr-rəsmi “Milyarderlər İttifaqı”adlanırdı-O.) yaradır, anti-Azərbaycan mövqeyi tuturlar: “Erməni planı əsasında Azərbaycandakı bəzi anti-Azərbaycan qüvvələrini maliyyələşdirməklə məşğuldurlar. Bu adamlar irəli çıxmalıdır. Rusiya parlamentində bir Zatulin var, amma yüzlərlə digər insanlar fəaliyyət göstərir, onları cəlb etmək lazımdır ki, ölkəmizin haqq sözünü desin. Tək dövlətlə deyil, insanlar da məsuliyyətini dərk etməlidir”, - deyə, o çıxışında vurğulayıb.
S.Novruzovun bu cür sərt ritorikada çıxışı maraq doğurur. Düzdür, bu çıxışı YAP-ın rəsmi mövqeyi kimi qiymətləndirmək tezdir. Üstəlik, azərbaycanlı varlıların Azərbaycan diasporasının fəaliyyəti üçün əməli iş görmədikləri barədə tənqidlər də yeni deyil. İctimai müzakirələrdə bu adamların Azərbaycanın taleyüklü məsələlərində susqun mövqeyi, Qarabağ probleminin həllində heç bir iş görmədikləri daima tənqid olunur.
Deputatın 2013-cü il prezident seçkiləri ərəfəsi sabiq vitse-primyer Abbas Abbasovun rəhbərliyi altında Rusiyada yaşayan nüfuzlu azərbaycanlıların yaratdıqları Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqını (“Milyarderlər İttifaqı”) yada salması daha çox diqqət çəkir. Həm də o səbəbdən ki, S.Novruzov fəaliyyətini çoxdan dayandırmış bir qurumda təmsil olunanları yenə ittiham edib. Sitata diqqət edək: “Erməni planı əsasında Azərbaycandakı bəzi anti-Azərbaycan qüvvələrini maliyyələşdirməklə məşğuldurlar”. Bu, artıq sensasion bəyanat sayıla bilər. Çünki S.Novruzov ad çəkməsə də, onları “Azərbaycandakı bəzi anti-Azərbaycan qüvvələrini maliyyələşdirməkdə”suçlayır. Deputatın konkret hansı “anti-Azərbaycan” qüvvələri dediyini konkretləşdirməyib, amma güman etmək olar ki, söhbət müxalifətdən gedir. Çünki zaman-zaman müxalifətin bəzi qanadlarına “Rusiyaya işləmək” kimi ittihamlar da səsləndirilib. S.Novruzov YAP rəsmisi kimi Azərbaycanda ən məlumatlı adamlardan biri olduğunu da nəzərə alsaq, o halda bu ittihamın üzərində qarşıdakı günlərdə daha geniş dayanmaq lazım gələcək.
Xatırladaq ki, RATİ-nin rəhbərliyində böyük imkanlara malik azərbaycanlı biznesmenlər - Araz Ağalarov, Vahid Ələkbərov, İsgəndər Xəlilov və digərləri təmsil olunurdu. O zamankı hesablamalara görə, “Milyarderlər İttifaqı”nda təmsil olunanların ümumi varidatı 40-48 milyard dollar həcmində qiymətləndirilirdi. Bu qurumda birləşənlər diaspor fəaliyyəti göstərəcəyinin bəyan etsələr də, bu istiqamətdə heç bir əməli addım atmadılar. Abbas Abbasovun timsalında rəsmi Bakıya qarşı sərt mövqe tutan bir qurum yarandığı kimi də günlərin birində tarixə qovuşdu. İttifaqda təmsil olunanlar isə Azərbaycan hakimiyyətinə sadiqlik bəyanatları verərək “siyasi səhnədən” çəkildilər. Abbas Abbasov isə hakimiyyətlə bütün körpüləri yandırdı, Azərbaycana bir daha dönmək şansını, oğlu isə mandatını itirdi.
5 il sonra “Milyarderlər İttifaqı”nın adının yada salınması və oliqarxların “Azərbaycandakı bəzi anti-Azərbaycan qüvvələrini maliyyələşdirməkdə” suçlanması təsadüfi ola bilərmi? Bu suala yaxın günlərdə aydınlıq gələcək.