Vurduğu piyadanı xəstəxanaya aparmaq adı ilə avtomobilinə mindirən amma yol kənarında köməksiz vəziyyətdə atıb qaçan sürücü saxlanılıb

14/01/2019 - 16:51 2 269 0   0  

DİA.AZ: - Yanvarın 12-də saat 21 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə Sabunçu qəsəbə sakini 18 yaşlı İntiqam Məmmədov vurulub. Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, paytaxt sakini Eldar Əliyev saxlanılıb. Bu barədə DİA.AZ-a DİN-dən verilən məlumatda deyilir.

Araşdırma zamanı müəyyən edilib ki, qəzadan sonra sürücü piyadanı hadisə şahidlərinin köməkliyi ilə idarə etdiyi avtomobilə mindirib və onu xəstəxanaya aparacağını bildirib. Amma sürücü hadisə yerindən bir neçə yüz metr kənarlaşandan sonra piyadanı maşından düşürüb. Daha sonra isə E.Əliyev huşu özündə olmayan zərərçəkəni köməksiz vəziyyətdə yol kənarına ataraq oradan uzaqlaşıb.

Vurduğu piyadanı xəstəxanaya aparmaq adı ilə avtomobilinə mindirən
Vurduğu piyadanı xəstəxanaya aparmaq adı ilə avtomobilinə mindirən

Zərərçəkənin yaxınları Sabunçu Rayon Polis İdarəsinə məlumat verəndən sonra piyadanın axtarışlarına başlanılıb. İ.Məmmədov qəzanın səhəri günü polislər tərəfindən yaralı halda atıldığı yerdən tapılaraq xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti ağır olaraq qalır.

İstintaq zamanı o da müəyyən olunub ki, E.Əliyev bir neçə il əvvəl piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətdiyi üçün məhkəmənin qərarı ilə məhkum olunub.

Qeyd olunan faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1 (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.