Vəliyevlərin Gəncədəki hakimiyyətinə son nöqtə qoyuldu

31/10/2018 - 12:15 1 450 0   0  

Elmir Vəliyev "Kəpəz” Peşəkar Futbol Klubu İctimai Birliyinin rəhbərliyindən istefa verdi

Gəncə şəhər İcra hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin oğlu Elmir 2015-ci ilin may ayından tutduğu "Kəpəz” Pəşəkar Futbol Klubu İctimai Birliyinin İdarə Heyətinin sədri vəzifəsindən istefa verməsi ölkənin ikinci böyük şəhərində Vəliyevlərin hakimiyyətinin sona çatmasında son nöqtənin qoyulması kimi qəbul olunub. Elmir Vəliyev istefasını işlərinin çoxluğu ilə əlaqələndirsə də, hər kəsə məlumdur ki, bu onların Gəncədəki hakimiyyətlərinin başa çatması ilə bağlıdır. 
Vəliyevlərin Gəncədəki hakimiyyəti Elmar Vəliyevin 18 fevral 2011-ci ildə Gəncə Şəhər İcra Hakimiyyətinin başçı təyin edilməsi ilə başlamışdı. Həmin tarixdən başlayaraq tərdicən Gəncə şəhəri üzərində Vəliyevlərin tam hakimiyyəti bərqərar olmağa başladı. İcra başçısının oğlunun 2015-ci ilin may ayında "Kəpəz” Pəşəkar Futbol Klubu İctimai Birliyinin İdarə Heyətinin sədri seçilməsi isə hətta idmanın da Vəliyevlərin nəzarətinə keçməsinin göstəricisi idi. Bütün bu prosesin sonu isə 2018-ci il iyulun 3-də, saat 20.30 radələrində Yunis Səfərov adlı şəxs tərəfindən Elmar Vəliyevi güllələməsi ilə qoyuldu. Bu hadisədən sonra belə Vəliyevlər Gəncə şəhəri üzərində hakimiyyəti saxlamağa cəhd etdilər. Belə ki, Elmar Vəliyev müalicə olunduğu müddətdə onun iradəsinin ifadəçəsi olan deputatlar güllələnən icra başçısının tezliklə sağalacağı, vəzifəsinin başına qayıdacağı haqqında fikirlərlə ictimai rəyi yönəltməyə çalışdılar. Həmin günlərdə Elmar Vəliyevin idarəçiliyindən bütün gəncəlilərin razı olması, Gəncədə böyük işlərin görülməsi haqqında rəy yaratmağa çalışdılar. Ancaq bütün bunlara baxmayaraq prezident İlham Əliyev 28 avqust tarixdə Elmar Vəliyevi Gəncə şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad etdi. Bununla da Gəncə şəhərində Vəliyevlərin son yeddi il ərzində bərqərar olan hakimiyyəti rəsmən başa çatdı. Bundan sonra isə Vəliyevlərin Gəncə şəhəri üzərindəki hakimiyyətlərinin elementləri aradan qaldırılmağa başlandı. İlk olaraq sabiq başçı Elmar Vəliyevin "sağ əli” kimi tanınan Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi Məharət Mustafayev vəzifəsindən azad edildi. İqtidara yaxın mənbənin verdiyi məlumata görə, Gəncə Şəhər İcra Hakimiyyətinin yeni başçısı Niyazi Bayramov qarşısında qoyulan əsas vəzifə də məhz Vəliyevlərin Gəncə üzərində hakimiyyətinin bütün elementlərini aradan qaldırmaqdır. Bu proses çərçivəsində Elmar Vəliyevin "sağ əli” kimi tanınan Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi Məharət Mustafayev vəzifəsindən azad edilməsi ilk addım idi. Ardınca da Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Rüstəmli Əli Xasay oğlu, həmin şöbənin baş məsləhətçisi Binnətov Natiq Şaməddin oğlu da vəzifələrindən çıxarıldı.
Bundan başqa, icra hakimiyyətinin Vətəndaşların qəbulu və müraciətləri ilə iş sektorunun müdiri Niyazova Lyudmila Zeynal qızı, İstehsal və xidmət sahələri sektorunun müdiri Məmmədov Azər Vilayət oğlu, həmçinin Şəhər təsərrüfatı şöbəsinin baş məsləhətçisi Məlikov Yusif Tofiq oğlu, Hüquq şöbəsinin məsləhətçisi Hüseynov Anar İsmayıl oğlu, Mühasibatlıq şöbəsinin aparıcı məsləhətçisi İsmayılova Səbinə İslam qızı tutduqları vəzifələrdən azad edildilər.
Burada diqqət çəkən məqam Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin rəhbər və aparıcı şəxslərinin vəzifələrindən azad edilməsidir. Belə ki, Elmar Vəliyevin Gəncə şəhəri üzərində yeddi illik hakimiyyəti dövründə bütün işlər məhz bu idarənin və şöbənin vasitəsilə aparılıb. Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi Məharət Mustafayev haqqında cinayət işinin başlanması xəbəri isə Elmar Vəliyevin Gəncədəki yeddi illik hakimiyyəti dövründə baş verənlərə hüquqi qiymət verilməsinə səbəb ola bilər. Hələlik mətbuata səzan məlumatlara görə Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi78 mülk sahibindən "xərac” almaqda, iş adamlarını aldadaraq talamaqda  ittiham olunur. Təsdiqlənməyən, ancaq təkzib də edilməyən məlumatlara görə Məharət Mustafayev bir müddət əvvəl həbs olunub. Onun hazırda həbsdə olub-olmadığı məlum deyil. Ancaq onunla bağlı hüquqi araşdırmaların sürətlə aparıldığı haqqında məlumatlar səngimək bilmir. Çox maraqlıdır ki, Məharət Mustafayevin işinin Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılması haqqında məlumatlar da təkzib edilmir. Əksinə, bu məlumatlar hakimiyyətə yaxın mediada geniş təhlil olunur.
Son məlumata görə Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Bəxtiyar Haqverdiyev də vəzifəsindən azad edilib. Halbuki, Bəxtiyar Haqverdiyev bu vəzifəyə iyunun 18-də təyin olunmuşdu. Çox maraqlıdır ki, Bəxtiyar Haqverdiyevi Səhiyyə idarəsinin kollektivinə o zaman icra başçısı olan Elmar Vəliyev şəxsən təqdim etmişdi. İndi isə Bəxtiyar Haqverdiyev cəmi dörd ay işlədiyi vəzifədən azad edilib. Bütün bunlar onu göstərir ki, Gəncə şəhərində Elmar Vəliyevlə hər hansısa bağlılığı olan şəxsin vəzifə başında qalması yol verilməz hesab olunur və Elmir Vəliyevin  "Kəpəz” Peşəkar Futbol Klubu İctimai Birliyinin rəhbərliyindən kənarlaşdırılması Vəliyevlərin Gəncədəki hakimiyyətinə son nöqtə qoyulduğunu nümayiş etdirmək xarakteri daşıyır. Elmar Vəliyevin Gəncə şəhərində və digər rayonlardakı kadrları ilə bağlı baş verən prosesi izləməyə və oxucularımıza təqdim etməyə davam edəcəyik.