Virus var, qorxuludur, amma dünyanın başı düz işləmir" - NATİQ CƏFƏRLİ

28/06/2020 - 17:31 5 266 0   0  

İqtisadçı ekspert, Real Partiyasının icra katibi Natiq Cəfərli koronavirusla bağlı son vəziyyəti təhlil edib. N.Cəfərli insanların maska taxması, vaksinin tapılması, habelə digər mühüm məsələrlə bağlı fikrini açıqlayıb. Ekspert bildirib ki, o, virus və maska taxılması ilə bağlı mütəxəssis olmasa da, bununla bağlı sualları yaranıb:

“Bəzi fikirlərimi qeyd edim, mümkünsə, mütəxəssislər aydınlıq gətirsinlər. Koronavirusun ölçüsü 0,1 mikrondur, yəni bir iynənin ucunda 100 mln. virus yerləşir. Adi, bizdə indi çox baha, 30 qəpiyə satılan maskaların məsamələrinin arası virusun ölçüsündən 10 dəfə çoxdur. Təsəvvür edin ki, boyu 1,70 olan insanı dəmir barmaqların arasına salırlar, o barmaqlıqların kiçik hissələrinin ölçüsü 17 metrdir, yəni boyu 1,70 olan insan 17 metr arası olan barmaqlıqlardan asanlıqla keçər, insanı o barmaqlıqlar saxlaya bilməz. Görəsən, virusla da bağlı analogiya eynidirmi?! Mütəxəssislər bu haqda nə düşünürlər?! Belə proporsiyada adi 30 qəpiklik maskanın, hansını ki, bizim insanlar ancaq polis görəndə taxırlar, hansını ki, bəzən günlərlə ciblərində gəzdirib eyni maskadan istifadə edirlər, qoruma effekti varmı?!”

N.Cəfərli, eyni zamanda koronavirusun vaksini ilə bağlı məsələyə də toxunub. Onun sözlərinə görə, indi bütün Dünya koronavirus vaksini axtarır, bu işə on milyardlarla dollar vəsait xərclənir:

Natiq Cəfərli: “Virus olmasaydı da, neft ucuzlaşacaqdı”

“Amma bütün proqnozlar onu deməyə imkan verir ki, vaksinin tapılması, bütün klinik testlərdən keçməsi və kütləvi istehsala başlanması, azı 1 il çəkəcək və ən yaxşı halda gələn ilin ortalarına hazır olacaq. Amma əgər virusun yayılma sürətini və simtompsuz xəstələrin sayını nəzərə alsaq, (Çində noyabrda xəstələnmiş 1 nəfər son 7 ayda rəsmən 200 ölkədə 10 mln. nəfəri yoluxdurub, qeydiyyata alınmayan yoluxma sayı isə bundan, bəlkə də, 100 dəfə çoxdur) bu ilin sonuna dünya əhalisinin 70%-nə yaxını yoluxacaq, deməli, təbii immunitet, təbii vaksin yaranacaq. Bəs bu qədər vəsaiti nə üçün xərcləyirlər?! Mən bu sahədə mütəxəssis deyiləm, sadəcə suallar verirəm. Necə deyərlər, sual düzgün qoyulursa, uzun zaman qoyulduğu yerdə durur”.

Ekspert, eyni zamanda qeyd edib ki, hazırda dünyada 845 mln. nəfər aclıqdan əziyyət çəkir, hər il dünyada aclıq və keyfiyyətli suya çıxışı olmadığına görə 6 mln. uşaq, ümumilikdə isə 30 mln. nəfərə yaxın insan ölür:

“Dünyada aclığa və susuzluğa qalib gəlmək, bu ölümlərin qarşısını almaq üçün hər il, təqribən, 150-200 mlrd. dollara ehtiyac var. Bu il koronavirusla mücadiləyə, bu bəlanın dərman və vaksininin tapılmasına dünya ölkələri artıq 500 mlrd. dollar pul ayırıblar, pandemiyanın iqtisadiyyata vurduğu ziyanı önləmək, dünya iqtisadiyyatını yenidən işə salmaq üçün isə 2020-ci ildə 12 trilyon dollar vəsait xərclənəcək. Yaxşı, ay dünyanın baş bilənləri, insan həyatı sizin üçün bu qədər qiymətlidirsə, nədən hər il dünyada aclıqdan, susuzluqdan ölən 30 milyon nəfəri, 6 milyon uşağı xilas etmirsiniz?! Aclığın “dərmanı” çörək, “vaksini” keyfiyyətli yemək və sudur axı... Maraqlı bir sayt var – worldometers.info. Bu saytda real zaman kəsimində bir çox statistika öz əksini tapır, mən bu statusu yazmağa başlayanda bu gün dünyada aclıq və susuzluqdan 15 min 968 nəfər artıq ölmüşdü, statusu yazıb bitirəndə bu rəqəm artıq 16 min 882 nəfər oldu”.

N.Cəfərli sonda qeyd edib ki, bütün yazdıqları virusun olmadığı anlamına gəlmir. Əksinə, virus var, öldürücü və axmaq xəstəlikdir, qorunmaq lazımdır:

“Amma dünyanın başı düz işləmir, bir çox işlər doğru getmir, virusla mücadilə insanların xilas olunmasına deyil də, dünyada maraqların idarə edilməsinə xidmət edir”./Musavat.com