Vergi xidmət mərkəzlərində uzun növbələr yaranıb – Sahibkarların qəbula düşmələri müşkülə çevrilib

19/03/2019 - 09:58 11 254 0   0  

Vergilər Nazirliyinin yeni rəhbərliyinin kiçik sahibkarlıqla bağlı bir çox müsbət addımlar atdığı şəksizdir. Bu işlər sahibkarların nazirliklə daha rahat və sivil münasibətlər qurmasına imkan verir.

Ancaq görünür, nazirlik son islahatlardan sonra ödəyicilərin bu quruma müraciətlərinin kütləvi şəkildə artacağını hesablaya bilməyib. Məsələ ondadır ki, bu ilin yanvarın 1-dən başlayaraq, xüsusilə də Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin Vergi ödəyicilərinə Xidmət Mərkəzlərinə müraciətlər xeyli artıb. Müraciətlərin artması müxtəlif səbəblərlə bağlıdır ki, buraya əvvəllər vergi əməkdaşları ilə “dil tapıb, gizlənən” sahibkarların vergi qeydiyyatına durmaq qərarı verməsindən tutmuş, hesabatlardakı və xüsusilə DSMF hesabatlarındakı dəyişikliklərə qədər, bir çox məsələlər daxildir.

İstənilən halda, nazirliyin bu axına hazır olması lazım idi. Ancaq təəssüf ki, xidmət nöqtələri sahibkarların müraciətlərini qəbul edib, işləməkdə ciddi çətinliklər çəkirlər. Redaksiyamıza müraciət edən sahibkarlar xidmət nöqtələrində böyük növbələr yaranmasından şikayət edirlər. Onların bildirdiyinə görə, sahibkarlar son zamanlar vergi qeydiyyatı, yaxud hesabatlarla bağlı hansısa xidmətlə təmin olunmaları üçün saatlarla növbələrdə  durmalı olurlar.

2017-11-06

Xüsusilə də sahibkarların daha çox üz tutduğu və hamının “Ayna Sultanovanın heykəlinin yaxınlığındakı bina” kimi tanıdığı Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin Binəqədi rayonu, Ziya Bünyadov prospekti 15 ünvanında yerləşən Vergi ödəyicilərinə Xidmət Mərkəzində demək olar ki, hər gün böyük izdiham yaşanır. Sahibkarlar burada hətta bəzən gün ərzində növbə üzündən qəbula düşə bilmədiklərini və günlərlə gözləməli olduqlarını bildirirlər. Eyni situasiyanın digər mərkəzlərdə də yaşandığı deyilir.

Xatırladaq ki, təxminən 200 minə yaxın kiçik sahibkarlıq subyektinə Bakı üzrə cəmi 4 Xidmət Mərkəzi xidmət göstərir. Bu isə olduqca azdır və təbii ki, belədə sıxlıq və növbələrin yaranması təbiidir.

2

Doğrudur, bu mərkəzlərə çoxlu sayda gənc və çevik kadrlar işə cəlb olunub. Ancaq görünən odur ki, mərkəzlərin və sahibkarlara xidmət göstərən əməkdaşların sayı kifayət qədər deyil. Sahibkarların isə nazirliyin bu işə daha diqqətlə yanaşacağına və bir neçə yeni Xidmət Mərkəzinin yaradılacağına ümid etməkdən, buna qədər isə növbələrdə gözləməkdən başqa çarələri yoxdur./AzPolitika.info