Venesuelada Maduronun sonu çatdı? - DÜNYA ÖLKƏLƏRİ XUAN QUAYDONU PREZİDENT KİMİ TANIDI, TOQQUŞMALAR GEDİR

24/01/2019 - 16:24 1 516 0   0  

Venesuelada dünəndən etibarən prezident Nikolas Maduroya qarşı başlamış güclü etirazlar paytaxt Karakasda və digər şəhərlərdə hakimiyyətə sadiq təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında güclü toqquşmalara keçib.

Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, yüz minlərlə insan küçələrə çıxıb və bir neçə həftə əvvəl saxta seçkilərdən sonra özünü ikinci müddətə prezident elan edən Maduronu hakimiyyətdən uzaqlaşdırmağa çalışır. Müxalifətin nəzarətində olan parlamentin sədri Xuan Quaydo özünü ölkənin müvəqqəti prezidenti elan edib və ABŞ başda olmaqla bir sıra dünya ölkələri dərhal onun legitimliyini tanıyıb.

 

Müxalifətin gənc lideri Xuan Quaydo bildirib ki, onun özünü müvəqqəti prezident elan etməsi və keçid hökuməti formalaşdırması milyonlarla insanın aclıq və yoxsulluğa düçar olaraq ölkədən qaçdığı Venesuelada Maduro diktaturasına son qoymağın yeganə yoludur.

Quaydo Karakasda yüz minlərlə tərəfdarının qarşısında özünü prezident elan etdikdən sonra həbs olunmaq təhlükəsindən yayınmaq üçün naməlum istiqamətdə gizlənib. Dərhal ABŞ, Kanada və bir sıra Latın Amerikası ölkələri, o cümlədən Braziliya, Kolumbiya, Argentina və digərləri Quaydonu prezident kimi tanıdıqlarını elan edib.

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Venesuelada demokratiyanın bərpa edilməsi üçün Birləşmiş Ştatların iqtisadi və diplomatik gücünü tam ölçüdə tətbiq edəcək. “Venesuela xalqı mərdliklə Maduroya və onun rejiminə qarşı çıxaraq demokratiyanın, azadlıqların və qanunun aliliyinin bərpasını tələb edir”-Tramp bildirib.

Maduro dərhal ABŞ prezidentinin bu bəyanatına cavab verib və Vaşinqtonla bütün diplomatik əlaqələrin kəsildiyini elan edib. ABŞ səfirliyinin əməkdaşlarına göstəriş verilib ki, 72 saat ərzində ölkəni tərk etsinlər. Lakin ABŞ Dövlət Departamenti Maduronu artıq prezident saymadıqlarını və onun göstərişlərinin yerinə yetirilməyəcəyini bildirib. Maduro rejimi isə xəbərdarlıq edib ki, ABŞ səfirliyinin suyu, qazı və işığı kəsiləcək.

Rusiya isə Latın Amerikasındakı dostunu hakimiyyətdə saxlaya bilmək üçün əlindən gələni edir. Rəsmi Moskva Maduronun prezident olaraq qaldığını və Rusiyanın ona dəstək verəcəyini bildirir. Bu arada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da “qardaşı Maduroya” zəng vurub, ona “möhkəm dayanmağı” məsləhət görüb və bildirib ki, türk xalqı Venesuela liderinin arxasındadır. Türkiyə və Rusiyadan başqa Maduronu Meksika, Kuba və Boliviya da dəstəkləyir.

Karakasda isə etirazçılarla təhlükəsizlik qüvvələri arasında güclü toqquşmalar davam etməkdədir. KİV-lər paytaxtda güclü partlayış səslərinin eşidildiyini bildirir, məlumata görə ordu etirazçılara qarşı qaz bombaları istifadə edir. “Flightradar” bu gün səhərə yaxın Rusiyadan və Türkiyədən Venesuelaya iki təyyarənin uçduğunu qeydə alıb. Təyyarələrdən biri daha sonra transponderi söndürərək radarlardan itib. Ehtimal ki, onlar Maduroya kömək olaraq xüsusi vasitələr daşıyırdılar.

Dünəndən bəri toqquşmalarda azı 16 nəfərin həlak olduğu xəbər verilir. Son məlumata görə qonşu Gürcüstan da Xuan Quaydonu Venesuela prezidenti kimi tanıdığını bəyan edib.