Vaşadzeni məğlubiyyətə uğradan 4 vacib səbəb

29/11/2018 - 11:27 2 089 0   0  

Gürcüstanda prezident seçkisinin I turundan sonra müxalifətin namizədi Qriqol Vaşadzenin II turda qələbə çalma ehtimalı yüksək idi. Birincisi, o hakimiyyətin namizədi Salome Zurabişvili ilə faktiki eyni nəticə göstərmişdi. İkincisi, ilk turda üçüncü yeri tutan müxalifətin digər namizədi David Bakradze II turda tərəfdarlarını Vaşadzeyə səs verməyə çağırmışdı. Digər müxalif namizədlər də Vaşadzeni seçmişdilər. Bakradze 11 faizə yaxın səs toplamışdı. Riyazi olaraq tək Bakradzenin səsləri Vaşadenin ikinci turda qələbəsini təmin etməli idi. Ancaq Vaşadze gözlənilənlərin əksinə olaraq, kifayət qədər böyük fərqlə Zurabişviliyə məğlub oldu.

Bu sözlərin Gürcüstanda 28 noyabrda keçirilən prezident seçkisinin II turunun ilkin nəticələrini şərh edən politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi Vaşadzenin məğlubiyyətinin səbəblərinə belə aydınlıq gətirib:
“Birincisi, Bidzina İvanişvili administrativ resurslardan istifadə edərək bütün gücünü və enerjisini Salome Zurabişvilinin qələbəsinə yönəltdi. Çünki Vaşadze qələbə çalsaydı, İvanişvilinin ağır günləri başlayacaqdı. Vaşadzenin qələbəsindən sonra keçmiş prezident Mixail Saakaşvili vətənə qayıdacaq və növbədənkənar parlament seçkisi tələb edəcəkdi. Bundan başqa, Saakaşvili İvanişvili ilə ölüm-dirim mübarizəsinə başlayacaqdı və bu mübarizədə İvanişvilinin qələbə çalmaq ehtimalı yüksək deyildi. Bu təhlükəli ssenarini önələmək üçün İvanişvili qısa vaxt ərzində Zurabişvilinin populyarlığının artırılması istiqamətində var gücüylə çalışdı və nəticə göz qabağındadır.
İkincisi, İvanişvilinin 600 min gürcünün banklara olan 750 milyon dollar civarında borcunu siləcəyi vədi nəticəsini verdi. Bu bir vəddir, hələ yerinə yetirilməyib, yaxın aylarda yerinə yetiriləcəyi də sual altındadır. Ancaq vədin özü insanları düşünməyə vadar etdi və I turda Vaşadzeyə səs verənlər II turda şirnikləndirici təklif qarşısında mövqelərini dəyişə bilərdilər.
Üçüncüsü, Vaşadzeyə ilk turda səs verənlər II turda fəal olmadılar. Bir hissəsi ümumiyyətlə II turda səsvermə məntəqəsinə getmədi. İlk turda Bakradze və Vaşadzeyə səs verən Gürcüstan azərbaycanlılarının da bir hissəsi bu turda iştirak etmədi. Vaşadze elektoratını fəallaşdıra bilmədi.
Dördüncüsü, İvanişvilinin gürcüləri növbəti Rusiya müharibəsi ilə qorxutması ehtimalı da böyükdür. Yəni guya Saakaşvili qayıtsaydı, yenidən Rusiya ilə müharibə başlaya bilərdi. Digər tərəfdən Azov dənizində son insident də İvanişvilinin işinə yaradı. Yəni gürcülər növbəti Rusiya-Ukrayna qarşıdurmasının Gürcüstanla baş verə biləcəyindən ehtiyat etdilər. 2008-ci il müharibəsi gürcülərin gözünü qorxudub. Bu amilin də II turun nəticələrinə təsiri oldu”.
Politoloq məğlubiyyətə uğrayan Vaşadzenin bundan sonra nə edəcəyinə də aydınlıq gətirib:
“Mixail Saakaşvili tərəfdarlarını küçəyə etiraza və inqilaba səsləyir. Saakaşvili rahatdır, tapşırıqlarını Niderlanddan verir. Vaşadze üçün isə qərar vermək çətindir. Əlbəttə, o, baş verən saxtakarlıqlara qarşı müvaqimət göstərəcək, ancaq mübarizəni vətəndaş qarşıdurmasına qədər inkişaf etdirəcəkmi? Bu onun üçün çətin sualdır. Çünki polislə qarşıdurmanın uzanması ölüm hallarına səbəb olar, bu isə öz nəvbəsində vətəndaş müharibəsi riskini artırar. Ona görə Saakaşvilidən fərqli olaraq, Vaşadze tələsik qərar verməyəcək”.
Qeyd edək ki, ötən gün Gürcüstanda prezident seçkisinin ikinci turu keçirilib. Vaşadze 40,46%, Zurabişvili isə 59,54% səs toplayıb.