Valideynlərin nəzərinə: Rus bölməsinə müsabiqədənkənar qəbul yalnız bu halda mümkündür

25/03/2019 - 23:48 7 723 0   0  

I sinfə elektron sistem vasitəsilə qeydiyyat davam edir. Vətəndaşlarda ən çox sual doğuran məqam isə digər dildə təhsil alanların qeydiyyatıdır.

Bildiyiniz kimi 2019-2020-ci dərs ilində digər dildə təhsil almaq istəyən uşağın öncə şifahi nitq bacarıqları qiymətləndirilir. Bu mərhələdə heç bir bilik yönümlü sual verilmir, sadəcə uşağın seçdiyi dildə sadə ünsiyyət bacarıqları yoxlanır. Müsahibə götürülən şəxs azyaşlı olduğuna görə, valideynlərin də iştirakına icazə verilir.

Bunun üçün valideyn öncə şəxsi kabinet yaradıb, övladını elektron qeydiyyatdan keçirməli, sonra təlim dilini seçib, yaşayış ünvanına uyğun olaraq Müsahibə komissiyasında şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün qeydə düşməlidir. Müsahibə komissiyasının yeri və vaxtı haqqında məlumat valideynə SMS şəklində göndərilir və şəxsi kabinetdə bildiriş formasında öz əksini tapır.

Ən çox verilən sual isə digər dildə alanların müsahibədənkənar qəbulu ilə bağlıdır. Övladı bir neçə dild səlist danışa bilən valideynlər onun müsahibədənkənar qəbulu ilə maraqlanırlar.

Hansı halda digər dildə tədris aparılan bölmə üzrə müsabiqədənkənar qəbul mümkündür?

 Əgər uşaq digər dildə tədris aparılan bölmə üzrə məktəbəhazırlıq qruplarında təhsil alıbsa, ona sistemdə məktəbin kateqoriyasından asılı olaraq sorğu yerləşdirmək hüququ verilir.

Qeyd edək ki, nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi isə 2 iş günü ərzində SMS vasitəsilə valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə göndərilir.