“Uşaqları vətənpərvər yetişdirmək istəyiriksə, onlara yaxşı təhsil verməliyik”

27/03/2019 - 12:24 14 362 0   0  

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində orta məktəb şagirdləri Quba Soyqırımı Memorial Kompleksi ilə tanış olub, erməni vəhşiliyi haqqında əyani məlumat alıblar.

Yeniyetmələrin, şagridlərin Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlığı onlarda milli şüurun formalaşması, milli tariximiz haqqında daha dolğun təsəvvür əldə etmələri baxımından nə dərəcədə əhəmiyyətlidir? Yeniyetmə və gənclərin erməni vəhşiliyi haqqında məlumatlandırılması, xalqımıza qarşı həyata keçirilən soyqırım siyasəti haqqında daha dərindən məlumatlandırılması siyasəti gələcəkdə də davam etdirilməlidirmi?

Moderator.az-a açıqlama verən millət vəkili Fazil Mustafa bu kimi addımların önəmini qeyd etməklə yanaşı, təhsilin səviyyəsinin yüksəldilməsinin də vacib olduğunu vurğuladı:

“Təbii ki, bu cür səfərlər, tanışlıqlar müəyyən əhəmiyyət daşıyır. Amma hesab edirəm ki, daha çox təhsil səviyyəsini yüksəltməklə milliliyə maraq arta bilər.

Belə yerləri ziyarət etmək vacibdir. Gənclərimiz bunları görməli, tariximizi öyrənməlidir. Lakin bizim bunun üzərində durmağımız məsələnin yekunu anlamına gəlmir.

Biz Azərbaycanın gələcəyi ilə bağlı məsələləri uşaqlara aşılamalıyıq. Çalışmalıyıq ki, onlar gələcəkdə daha çox hansı problemlərlə üzləşə biləcəkləri ilə bağlı məlumatlı olsunlar və öz düşüncələrini də daha çox bu istiqamətə yönəltsinlər. Biz daha çox təhsilə diqqət yetirməli və savadlı gənclər yetişdirməliyik. Bu abidələri ziyarət etmək tarixlə bağlı müəyyən detalların şüurlarda daha çox yer almasına səbəb olur. Lakin bir şeyi bilməliyik ki,  əgər biz uşaqları vətənpərvər yetişdirmək istəyiriksə, onlara yaxşı təhsil verməliyik”.

Seymur ƏLİYEV