UŞAQLARDA MƏNƏVİ BOŞLUQ YARANDISA, BİTDİ

01/04/2019 - 23:20 5 068 0   0  

Bu zaman pusquda dayanan radikal təşkilatlar, dini ekstremistlər hərəkətə keçir

Təhsil və evdəki tərbiyə önəmlidir

Dünən AŞ PA-nın sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin uşaq məsələləri üzrə baş məruzəçisi Sevinc Fətəliyevanın "Uşaqların radikallaşdırılmasının qarşısının alınması və problemi yaradan səbəblər ilə mübarizəyə dair” məruzəsi dinlənilib. Məruzədə dünyagörüşü formalaşma mərhələsində olan uşaqların həssas qrup olaraq ekstremist və radikal cərəyanların hədəfində olduğu vurğulanıb.
 
Sosial diskriminasiya, təhsil mühitindəki ayrı-seçkilik, cəmiyyətdən təcrid olunma və sosial-maddi durumun aşağı olmasının ədalətsizliyə məruz qalma hissini yaratması, eləcə də mənəvi-psixoloji inkişafdakı boşluqlar uşaq və yeniyetmələri radikalizmə sövq edən faktorlar qismində çıxış edib. Məruzədə bildirilib ki, radikal təşkilatlar Azərbaycan gənclərini də təsir dairəsinə salmaq səyləri göstərsələr də, dövlətin atdığı addımlar nəticəsində son illərdə radikallaşma meyilləri azalıb. Azərbaycan multikultural dəyərlərə sahib bir ölkə olaraq Yaxın Şərqdə məzhəb münaqişələrində mediator kimi daha fəal rol oynaya, Qərb ilə islam aləmi arasında dialoqa töhfə verə bilər.
 
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist-ekspert İlqar Altay isə deyib ki, ölkədə belə bir problemin olub-olmadığını, yaxud da nə dərəcədə böyük olduğunu bilmək üçün ilkin olaraq, axtarıb onun kökünü tapmaq lazımdır: "Bu sahədə apardığım araşdırmalar və müşahidələrimə
əsasən deyə bilərəm ki, doğrudan da Azərbaycanda belə bir təhlükə var və radikal təşkilatlar Azərbaycan gənclərini də təsir dairəsinə salmağa çalışır. Hətta deyərdim ki, uşaqların, gənclərin radikallaşması prosesi son zamanlarda xeyli dərəcədə artıb. Amma əsas məsələ problemin mənbəyini axtarıb tapmaqdır”.
 
Ekspertin sözlərinə görə, uşaqların radikallaşmasının səbəblərindən biri təhsil və təlim-tərbiyə sahəsində zəifliyidir. Məktəblərimiz uşaqların tərbiyəsində üzərinə düşən vəzifəni icra etmək funksiyasını itirib. Təhsilin səviyyəsi aşağıdır deyə, tərbiyə də arxa fona atılıb: "İkinci səbəb isə valideynlərin məsuliyyətsizliyidir. Bizdə valideyn uşağı üçün əziyyət çəkir, pul qazanır, uşaqlarını universitetdə oxutmaq üçün əllərindən gələni edirlər. Son qəpiyinə qədər xərcləyib xaricə təhsil almağa göndərir. Amma uşağın tərbiyəsi, ictimai yerlərdə davranış qaydaları ilə bağlı onları maarifləndirməyə vaxt tapmırlar. Hətta televiziyalarda, universitetlərdə mühazirələr oxuyub, cəmiyyəti maarifləndirməyə çalışan insanlar belə öz övladının tərbiyəsinə diqqət ayırmır. Bizim valideynlər övladlarını qabağına qoyub, etik davranış qaydalarından, vətənpərvərlikdən, dövlətçilikdən beş dəqiqəlik öyüd-nəsihət verməyi əlavə iş bilirlər. Bütün bunlar da son nəticədə uşaqlarda mənəvi boşluq yaradır. Bu isə hər zaman pusquda dayanan radikal təşkilatlar, dini ekstremistlər üçün göydəndüşmə fürsət olur. Onlar bu boşluqdan istifadə edərək gəncləri öz cəhalətlərinə, fanatizm səviyyəli dini təbliğatlarına çəkirlər. Bir insanın beyninə yeniyetmə dövründə aşılanan fikirləri sonradan dəyişmək çox çətin olur. Bunun üçün də düzgün təfəkkürü keçid dövründə formalaşdırmaq lazımdır”.
 
Uşaqların radikallaşdırılmasının qarşısının alınmasına gəldikdə isə kriminalist-ekspert deyib ki, bu məsələnin ictimai yükü daha ağırdır: "Burada söhbət hansısa kriminal avoritetdən və ya terroristdən getmir ki, dövlətin mübarizə metodlarıdan istifadə edilsin. Hansısa radikal təşkilatlara meyilli olan uşaqların qarşısını qanunla kəsib, onu cinayət məsuliyyətinə cəlb edə bilmərik axı. Burada ancaq ictimai təbliğat metodlarından istifadə edərək nəticə əldə etmək olar. Təlim-tərbiyə prosesində orta məktəblər, icra hakimiyyətlərinin müvafiq şöbələri, hətta bələdiyyələr də öz fəaliyyətlərini artırmalıdırlar. Həmçinin övladına düzgün tərbiyə verməyən valideynlərin cəzalandırılması prosesini davam etdirmək lazımdır. 9-10-cu sinifdə oxuyan uşaqlar var ki, kriminal davranışlar sərgiləyirlər. Şagirdi döydüyünə görə müəllimə töhmət verir, hətta işdən azad edirlər. Neçə ilin müəllimini o həddə çatdıran uşaq isə "süddən çıxmış ağ qaşıq olur”. Övladına düzgün tərbiyə verməyən valideynlər müəllimləri qınaq obyektinə çevirir. Hansı ki, öz müəlliminə qarşı tərbiyəsiz münasibət sərgiləyən uşaqlar potensial cinayətkardırlar. Beş dəqiqədən sonra həmin uşaq istənilən kriminal hadisəyə səbəb ola bilər”.
 
İ.Altay hesab edir ki, uşaqların radikallaşdırılmasının qarşısının alınması və problemi yaradan səbəblərin aradan qaldırılması istiqamətində ümumi dövlət proqramı hazırlanmalı, ictimaiyyət üzvləri, millət vəkilləri, QHT-lər və media orqanları bu istiqamətdə maarifləndirmə xarakterli addımlar atmalıdırlar: "Bu məsələ cəmiyyət və dövlətçilik üçün həddindən artıq ciddi problemdir. Uşaqdır deyib, üstündən keçmək olmaz. Bu gün radikal təşkilatlara meyilli olan uşaq sabah qarşımıza avtoritet, dini radikalist kimi çıxa bilər. Vaxt itirmədən çayxana, internet klubları, gecə barları nəzarətə götürülməlidir. Elə xarici ölkələr var ki, yaşı 19-dan aşağı olan gənclər barlara buraxılmır, onlara pivə, çaxır kimi içkilər satılmır. Bizdə isə 15-16 yaşlı uşaqlar yüz oyundan çıxırlar. Ötən dəfə a-mail ünvanımdan yazı çıxartmaq üçün internet klubların birinə getmişdim. Qapını açdığıma peşman oldum. Balaca-balaca yığılıblar ora, siqaret tüstüsündən göz-gözü görmür, söyüş səsindən qulaq tutulur. Radikal təşkilatlara gedən yol bu obyektlərdən başlayır. 15 yaşlı uşaqlar gecə-gündüz qumarxanalardan çıxmır. Başa düşə bilmirəm ki, bu uşaqların valideynləri hara baxır. Bunlar uşaqdır, kriminal ünsür deyil ki, operativ istintaq orqanları dərhal başının üstünü kəsdirsin. Uşaqlara xüsusi yanaşma lazımdır. Bu yanaşmanı isə xüsusi proqram çərçivəsində valideynlər, məktəblər, müvafiq dövlət orqanları və ictimai xadimlər sərgiləməlidirlər”.