Uşaq intiharları - valideynlər ən çox nəyə diqqət etməlidirlər?

24/12/2018 - 09:57 670 0   0  
Psixoloq: “Bugünkü intiharların kökünü 20-30 il öncəki illərdə axtarmaq lazımdır...”

Bir müddət idi ki, ölkədə intihar hadisələri ilə bağlı xəbərlər səngimişdi. Ötən həftə Zaqatalada intiharla bağlı bəd xəbər yayıldı. Belə ki, Zaqatala şəhər sakini, 2010-cu il təvəllüdlü Eşqin Fərmayıl oğlu Əhmədovun meyiti yaxınları tərəfindən şəhərin Azərbaycan prospektindəki fərdi yaşayış evlərinin birinin həyətyanı sahəsindəki ağacdan asılı vəziyyətdə aşkarlanıb. 8 yaşlı E.Əhmədovun intihar etməsinin səbəbi hələ ki, məlum deyil.

İlkin məlumata görə, onun intihar etdiyi ev bibisigilə məxsusdur. Qonşuluqda yaşayan E.Əhmədov axşam saatlarında bibisigilə gəzməyə gedib. Hadisə baş verən günü onun bacısının  doğum günü olub.  Faktla bağlı Zaqatala rayon Pokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Psixoloqlar bildirirlər ki, Azərbaycanda intiharlar yaş baxımından “gəncləşir”. Ümumiyyətlə, dünyada da intihar etməyə meyl edənlərin sayında artım var. Belə ki, Dünya Səhiyyə Təşkilatının yaydığı məlumatda qeyd olunub ki, hər il təxminən 800 min adam intihar səbəbiylə ölür və bu hər 40 saniyədə bir nəfər deməkdir. Məlumatda qeyd edilir ki, intihar ömür boyu baş verə bilən bir şeydir və qlobal səviyyədə 15-29 yaş arasındakı insanların ölümünün ikinci aparıcı səbəbidir. İntihar qlobal bir fenomendir, amma 2015-ci ildə intiharların 78% -i aşağı və orta gəlirli ölkələrdə baş vermişdir.

İntihar bütün dünyada ölümlərin 1,4% -ni təşkil edir. Təşkilatın yaydığı məlumatda, Azərbaycanla bağlı da müddəalar var. Belə ki, ölkədə fəaliyyət göstərən agentliklərdə gedən intihar xəbərlərinə əsasən hazırlanan statistikada aşağıdakılar qeyd edilir: “2018-ci ilin 6 ayı ərzində isə 310-a yaxın birbaşa ölümlə nəticələnən intihar hadisəsi və ya intihara cəhd hadisəsi baş verib. Bunlardan 200-ə yaxını birbaşa ölümlə nəticələnən intihar hadisəsidir. Bütün bu intihar hadisələrini törədənlərin ortalama yaşı 37 olub. İntihar edən ən gənc insanın 11 yaşı, ən yaşılının isə 87 yaşı olub. Hər yaş qrupundan intihar edənlərin olmasına baxmayaraq, bu hadisələri törədənlərin təqribən yarısının yaşı 15-35 yaş intervalında dəyişir. İntihar törədən hər dörd nəfərdən üçü kişi, biri isə qadın olub. Bakı, Gəncə, Sumqayıt və Mingəçevir kimi böyük şəhərlərlə yanaşı, Tovuz, Şəmkir, Cəlilabad, Bərdə, Şəki kimi bölgələrdə 2018-ci ilin ilk yarısında daha çox intihar hadisələri olub”.

İntihar yaşı nə üçün gəncləşir?

psixoloq Fərqanə Mehmanqızı ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan psixoloq Fərqanə Mehmanqızı bildirib ki, intihar edənlərin əksəriyyəti şəxsiyyətinin formalaşması sovet dövrünün dağılması, müstəqil dövlətimizin qurulması dövrünə düşənlərdir: “Biz bilirik ki, şəxsiyyətin formalaşması ətrafdakı insanların uşağa və bir-birilərinə qarşı olan münasibətlərindən qaynaqlanır. Nəticədə xarakterin təməli qoyulur. Bu gün də intihar edən insanların yaşlarına baxanda görürük ki, onların anadan olma, yaxud da uşaqlıq illəri yuxarıda qeyd etdiyimiz kimi, müstəqilliyin ilk illərinə düşüb. Həmin zaman əhali psixoloji, sosial, iqtisadi baxımdan böhran yaşayır, xaos dövrü idi. İstər-istəməz yetişkinlər həmin psixoloji durumu övladlarına da ötürüblər. Həmin övladlar isə bu gün yetişmiş şəxs formasında intihara meyllənirlər. Çünki onların psixoloji durumları, ətrafa özlərinə olan güvənləri yerində deyil. Belə bir psixoloji durumda olan insanların intihara cəhd etmələri çox asan və rahat yoldur. Bundan əlavə isə burada başqa bir nüanslar da var. Həmin nüanslar isə prosesdə qıcıqlandırıcı faktor rolunu oynayırlar. Belə ki, bu gün sosial şəbəkələrdə, saytlarda intiharla bağlı yazılanlardan sonra insanlar intihar yolunu seçən şəxsi, güclü xarakter kimi göstərirlər. Bu isə real həyatda ”qəhrəmanlıq"larını göstərə bilməyən insanlar ölməklə, intihar etməklə özlərini sanki qəhrəman kimi göstərmək istəyirlər. Təbii ki, bu, ümumi statistikada çox az halları əhatə edir. Ancaq əsas baza yuxarıda qeyd etdiyim kimi, xarakterin formalaşması dövrü ilə bağlıdır. 1980-90-cı illərdə Azərbaycandakı insanların psixoloji ruh halı ilə indiki insanların durumu eyni deyildi. Mən bunu “mina” adlandırardım.  O zaman qoyulan “mina” bu gün partlamağa başlayıb. Bu gün də hansı “mina” qoyulursa bu, özünü dərhal göstərmir. 20 il sonra bugünkü fəsadların nəticələrini görəcəyik. Məsələ burasındadır ki, yuxarıda qeyd etdiyimiz dövrdən keçən və psixoloji baxımdan zəif olan insanlar, bu gün artıq valideyndirlər. Onlar da psixoloji baxımdan zəif uşaqlar yetişdirirlər. Ona görə də həmin uşaqlarda intihara cəhd asandır. Hesab edirəm ki, ölkədə intiharın gəncləşməsinin əsas səbəbi budur. Şərait yaradılsa ki, məktəblərdə psixoloqlar şagirdlərlə işləsinlər, bu dalğanın da qarşısı alınar.  Bu məsələni ciddi şəkildə düşünüb, konkret addımlar atmaq lazımdır".