Universitetlərə girə bilməyənlər tezliklə hazırlıq qruplarında oxuyacaqlar - Qəbul qaydaları müəyyənləşdi

28/03/2019 - 14:37 4 252 0   0  

Azərbaycanda universitetlərin nəzdində fəaliyyət göstərəcək hazırlıq qruplarına qəbul qaydaları müəyyən olunub.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul üzrə müsabiqənin nəticələri (həmçinin boş qalan yerlər üzrə) elan olunduqdan sonra, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarının yerləri elan edilir.

Yerlər elan olunduqdan sonra ali təhsil müəssisələrinə qəbul olmayan və DİM tərəfindən müəyyən olunan müsabiqə şərtlərini (Şərtlər Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunacaq) ödəyən abituriyentlər həmin yerlər üzrə ixtisas seçimində iştirak edirlər.

İxtisas seçimində iştirak edən abituriyentlərin hazırlıq qruplarının yerləri üzrə yerləşdirilməsi DİM tərəfindən müsabiqə yolu ilə həyata keçirilir.

Hazırlıq qruplarında tədrisin sonunda DİM tərəfindən “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları”nda nəzərdə tutulan qəbul imtahanlarına uyğun olaraq buraxılış imtahanları keçiri­lir və buraxılış imtahanları nəticə­sində müvəf­fəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar.

Başqa sözlə desək, ixtisas seçimi zamanı heç bir ali məktəbə qəbul olunmayan abituriyentə müvafiq universitetlər və ixtisaslar üzrə hazırlıq qruplarına daxil olma şansı yaradılacaq. Tədrisin sonunda qəbul qaydalarına uyğun olaraq buraxılış imtahanı keçiriləcək. İmtahanda uğur qazanan abituriyent universitetin birinci kursuna qəbul olunacaq.

Hazırlıq qruplarına qəbulun hansı tədris ilində və hansı ixtisaslar üzrə aparılacağı isə hələlik açıqlanmayıb.

    Nəzrin Rüstəmova