Təyyarə pilotu havada naməlum obyektlə qarşılaşdı - BBC

14/11/2018 - 23:04 9 796 0   0  

İrlandiyanın aviasiya idarəsi ölkənin cənub-qərbində parlaq işıq saçan naməlum uçan obyektlərin müşahidə edilməsi ilə bağlı faktları araşdırır.

Suveren.az BBC-yə istinadən xəbər verir ki, noyabrın 9-da yerli vaxtla saat 6:47-də “British Airways” aviaşirkətinin sərnişin təyyarəsinin pilotu Şannon hava limanının hava hərəkətinin idarə edilməsi qurumu ilə əlaqə saxlayaraq, təyyarənin yerləşdiyi hava məkanının yaxınlığında hər hansı hərbi təlimlərin keçirilib-keçirilmədiyini xəbər alıb. Belə ki, o, havada “çox sürətlə hərəkət edən” cisimlər görüb.

Cavab mənfi olub. Pilota bildiriblər ki, yaxınlıqda heç bir hərbi təlim keçirilmir.

Monrealdan Londona uçan təyyarənin pilotu dispetçerə deyib ki, ekipaj çox parlaq işıq müşahidə edir, sol tərəfdən isə gözlənilmədən naməlum obyekt peyda olub və o, kəskin sürətlə şimala tərəf yönəlib.

Pilot əlavə edib ki, onların nə baş verməsi ilə bağlı heç bir mülahizələri yoxdur, lakin bir şey aydındır ki, naməlum obyektin məqsədi təyyarə ilə toqquşmaq deyildi.

“Virgin Airlines” aviaşirkətinin təyyarəsinin pilotu isə ehtimal edir ki, bu, Yer atmosferinin sıx qatlarına daxil olan meteor və ya digər obyekt ola bilərdi.

Onun sözlərinə görə, həmin vaxt eyni trayektoriya üzrə daha bir neçə parlaq obyekt hərəkət edib.

9 noyabr tarixində birdən-birə bir neçə təyyarənin ekipajından oxşar xəbərlər alan yerli aviasiya idarəsi hesabat hazırlayıb və “məxfi hadisə araşdırılması” rejimində baş verənlərin təfərrüatlarını öyrənir.

Qeyd edək ki, bu günlərdə yayılan digər xəbərlərə görə, son vaxtlar Yer planetinin ən müxtəlif hissələrində bu cür hadisələrin sayı hədsiz artıb. Naməlum obyektlərin daha sıx göründüyü və onların eniş etmə ehtimalının olduğu azsaylı məkanlardan biri kimi Azərbaycanın da adı çəkilir.