“TÜRMƏLƏRİN BÖYÜYÜ”NÜN YUBİLEYİNƏ HAZIRLIQ… - Penitensiar Xidmətin rəhbər şəxsləri hədiyyə axtarışına çıxıb

11/11/2022 - 11:30 4 288 4   0  

Başa çatmaqda olan həftə Azərbaycanda bayramlar həftəsi oldu. Belə ki, 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Bayraq Günü ilə əlaqədar olaraq, ölkədə 4 gün qeyri-iş günü elan edildi. Şübhəsiz, xalqımız hər iki bayramı böyük əhval-ruhiyyə içərisində qeyd etdi. Xüsusən də Zəfər Günü ilə bağlı təkcə Azərbaycanda, o cümlədən işğaldan azad edilən Şuşada deyil, bir çox xarici dövlətlərdə də müxtəlif tədbirlər keçirildi, 44 günlük müharibədə Azərbaycan oğullarının göstərdiyi qəhərmanlıqlardan bəhs olundu…

Suveren.az-ın etibarlı qaynaqlardan əldə etdiyi məlumata əsasən, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində hazırda da “bayram” əhval-ruhiyyəsi hökm sürür. Yanlış anlamayın, bu əhval-ruhiyyənin Zəfər Gününə və Bayraq Gününə heç bir aidiyyəti yoxdur. Əksinə, bəlkə də bir çox türmələrdə məhkumların bu bayramlardan heç xəbərləri də olmadı. Buna baxmayaraq, onlar indi “əsl bayram”a hazırlaşırlar. Deyirlər ki, “türmələrin böyüyünün yaxınlaşmaqda olan ad günü bizim üçün daha böyük bayramdır”…

Dəyərli oxucuların diqqətinə çatdıraq ki, “türmələrin böyüyü” dedikdə Penitensiar Xidmətin rəisi, general-leytenant Ceyhun Həsənovdan söhbət gedir. Mənbənin sözlərinə görə, dekabrın 5-də C.Həsənovun 60 yaşı tamam olur. Bu məqsədlə, indidən bütün cəzaçəkmə müəssisələrində yubiley hazırlığı gedir. Əlbəttə, bu hazırlığın məhkumlara heç bir aidiyyəti yoxdur. Onlar sadəcə yubiley günü nisbəyən keyfiyyətli yemək yeyəcəklərini düşünürlər. Məhz bu səbəbdən, xüsusən də imkansız, nadir hallarda ev yeməkləri yeyən məhkumlar üçün general-leytenantın yubileyi “bayram” kimi qəbul edilir...

Ceyhun Həsənov

Məhkumlar general-leytenantın ad gününü gözləməkdə olsun, sizə Penitensiar Xidmətin rəhbər şəxslərindən, bu qurumun nəzarətində olan cəzaçəkmə və tibb müəssisələrinin rəislərindən danışım. Mənbə deyir ki, cənab Ceyhun Həsənovun 3 general müavini də daxil olmaqla, Penitensiar Xidmətə tabe olan 8 idarə rəisi, 5 təcridxana, 17 cəzaçəkmə müəssisəsi, 2 müalicə müəssisəsi, 14 məntəqə tipli cəzaməkmə müəssisəsi, eləcə də Qobustan qapalı tipli cəzaçəkmə müəssisəsi və s. həbsxanaların rəhbər şəxsləri hazırda böyük həyəcanla yubiley hazırlığı ilə məşğuldurlar. Hər bir müəssisəsinin rəhbəri Penitensiar Xidmət rəisinin ad gününü digərlərindən daha yüksək səviyyədə təşkil etmək üçün böyük əmək sərf edirlər. Artıq bir çox cəzaçəkmə müəssisələrində yubiley mərasimi keçiriləcək zallar təmir edilib, bəzədilib və tədbir üçün hazır vəziyyətə gətirilib.

həbsxana

Bu işlərə paralel olaraq, bütün rəhbər şəxslər hədiyyə axtarışına çıxıb. Hər kəs generala layiq, onun diqqətini cəlb edəcək hədiyyə seçmək üçün baş sındırır. Hətta, bəzi bilgilərə görə, bu aralar rəhbər şəxslər bir-birinə “generala nə hədiyyə edəcəksən?”, - deyə tez-tez sual da verirlər. Bu isə heç də təsadüfi deyil, çünki hər kəs “rəqibindən” üstün olmağa çalışır. Deyirlər, “bu kişinin çörəyini yeyiriksə, gərək hədiyyəsini də ona görə seçək”.

Yeri gəlmişkən, Penitensiar Xidmətin nəzdindəki idarə və müəssisələrin rəhbərliyində təmsil olunan şəxslərin böyük əksəriyyəti rəisdən çox razıdır. Mənbənin sözlərinə görə, “onlar gecə-gündüz Ceyhun Həsənovun ölənlərinə rəhmət oxuyurlar ki, o, gələndən sonra hamı yaxşı qazanc əldə edir...”. Onların general-leytenantın ad günü üçün bahalı hədiyyə axtarışına çıxması da məhz bununla bağlıdır. Belə ki, C.Həsənovun hesabına qanunsuz yollarla özlərinə böyük sərvət toplayan şəxslər, gələcəkdə öz gəlirlərini daha da artırmaq üçün onun “gözünə girməyə”, öz vəzifələrini daha da artırmağa çalışırlar.

Suveren.az

P.S. Mövzu ilə bağlı oxucularımıza daha ətraflı məlumat verməyə çalışacağıq.