Türkiyədən böyük əməliyyat: ABŞ reaksiyası... – Şərh

15/12/2018 - 14:56 1 000 0   0  

Türkiyə Suriyada yeni əməliyyatla “Cənub hərəkatı”na başlaması və ya bu əməliyyatlarla bağlı növbəti bəyanat verməsi təəccüblü deyil və gözlənilən bir şeydir.

Bu sözləri Axar.az-a Türkiyənin Suriyada yenidən əməliyyatlara başlamasına münasibət bildirən analitik Vüqar Zifəroğlu deyib. O bildirib ki, bu məsələyə iki məqamı nəzərə almaqla yanaşmaq lazımdır:
“Birincisi, Türkiyə Suriyanın əsasən şimalında və mərkəzində apardığı hərbi əməliyyatları davam etdirəcəyi ilə bağlı hər zaman açıqlamalar verib. İkinci maraqlı və nəzərə alınmalı məqam odur ki, böyük 20-liyin sammitində Tramp və Ərdoğanın görüşü baş tutdu. Bu görüş hətta bir çox gözləntilərin əksinə olaraq, kifayət qədər isti keçdi. Yəni hiss olundu ki, uzun müddətdən sonra ABŞ və Türkiyə arasında dialoq atmosferi yaranıb. Bu mənada düşünürəm ki, ABŞ-ın Türkiyənin hazırkı məqamda hansısa əməliyyatlara başlamasına kəskin reaksiya verəcəyi gözlənilmir. Görünür, bu müzakirə predmeti də olub”.
Analitik qeyd edib ki, ABŞ burada prioritetlərin nəyi daha əsaslı şəkildə dəstəkləməyi məcbur etdiyini müəyyənləşdirməlidir: “Ümumiyyətlə, ABŞ Yaxın Şərq siyasətində artıq müəyyən seçimlər etmək məcburiyyətindədir. Yəni ABŞ Soyuq savaş dönəmindən indiyə qədər həm Qərbin, həm də ABŞ-ın sözün həqiqi mənasında prinsipial və strateji müttəfiqi, NATO, Qərb ailəsinin üzvü olan Türkiyəyə, yoxsa qeyri-müəyyənlik vəd edən, regionda əslində bir çox problemlərin kökündə duran terror təşkilatlarına və bölücü qruplaşmalara yardım etmək barədə qərar verməlidir. Doğrudur, ABŞ 70-ci illərdən bu yana Yaxın Şərq siyasətində hər zaman bölücü, terrorçu qruplaşmalardan yararlanıb. Amma bəlli bir dönəmlər var ki, həmin dönəmlərdə daha konkret addımlar atılmalıdır. Bu zaman ABŞ xarici siyasətində korrektələr etməyə məcbur olur. Bu da elə dönəmlərdən biridir”.
Analitik vurğulayıb ki, ABŞ artıq Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istəyir: “Çünki burada İran, Rusiya faktoru var. Bu faktorlar nəzərə alınmalıdır. Digər tərəfdən bu gün Suriyanın özündə artıq kifayət qədər mövqeləri güclənmiş Əsəd iqtidarı mövcuddur. Hazırda ərəb ölkələrinin daxilində müəyyən böhranlar gedir. Qətərin OPEK-lə bağlı son bəyanatı bu cəhətdən xüsusilə diqqətçəkəndir. Səudiyyə Ərəbistanında vəliəhd yenilənməsi ilə bağlı versiyalar səsləndirilir. Qaşıqçı olayından sonra, ümumiyyətlə, baş verən proseslərin hamısı nəzərlərin yenə Türkiyəyə istiqamətlənməsini şərtləndirir”.
Ananlitikin sözlərinə görə, Türkiyənin oturuşmuş Yaxın Şərq siyasəti var:
“Bu siyasət yüzillərin təcrübəsinə dayanır. Bu da çox önəmli bir məqam, əhəmiyyətli faktordur. Türkiyənin bölgəni idarə etmək təcrübəsi kifayət qədər çoxdur. Bu anlamda ABŞ hazırki məqamda seçim etmək məcburiyyətində qalarsa, şübhəsiz ki, bu seçimin Türkiyənin xeyrinə olacaq”.