Trampdan Paşinyana şərt kimi təbrik – Qarabağ, “iki stul” siyasəti və...

19/01/2019 - 16:14 1 108 0   0  

ABŞ prezidenti Donald Tramp seçiləndən 5 gün sonra Nikol Paşinyanı Ermənistanın baş nazir olması münasibəti ilə təbrik edib. Maraqlıdır ki, 9 dekabr erkən parlament seçkilərindəki qələbədən fərqli olaraq (o vaxt ilk təbrik məhz ABŞ səfirliyindən gəlmişdi), bu dəfə Amerika tərəfi, prezident Tramp erməni baş naziri Rusiya lideri Vladimir Putindən xeyli sonra təbrik edib.

Əslində bu, səbəbsiz deyil və göndərilən məktubdan da görünür ki, Birləşmiş Ştatların yeni erməni hökumətindən ciddi gözləntisi var. Hansı gözlənti ilə bağlı ki, Paşinyan hələ də Vaşinqtonu sevindirə bilməyib və seçkilərdəki şəriksiz qələbəsindən sonra da işğalçı ölkənin Rusiyanın siyasi-hərbi orbitində qalacağını dönə-dönə bəyan edir.

Təbrik məktubuna gəlincə, Musavat.com xəbər verir ki, məktubda Tramp “ABŞ-ın çiçəklənən, demokratik və öz qonşuları ilə sülh şəraitində yaşayan Ermənistanı dəstəklədiyini” yazıb. “Biz birlikdə Ermənistanla ticarətin dərinləşdirilməsi, qlobal təhlükəsizliyin gücləndirilməsi və korrupsiya ilə mübarizə sahəsində inkişafa nail ola bilərik və Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə həlli bu yöndə səylərə müsbət təsir edəcək”, - deyə o qeyd edib.

Məktubda ən çox diqqət çəkən də elə iki məqamdır: 1. Ağ Ev başçısı bir daha Ermənistanın öz qonşuları ilə dinc yanaşı yaşamasının zərurətini çatdırıb. 2. Dağlıq Qarabağ problemi həll edilməyincə, Ermənistanın təhlükəsiz və normal inkişaf edə bilməyəcəyinə aydın şəkildə eyham vurub.

Xatırladaq ki, ötən ilin oktyabrında bölgə səfəri çərçivəsində Ermənistanda da olan ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İrəvanda Nikol Paşinyanla görüşdən sonra keçirdiyi mətbuat konfransında Ermənistanın qonşu Türkiyə və Azərbaycanla əlaqələri normallaşdırmasının vacibliyini bəyan eləmiş, bundan ötrü N.Paşinyanın seçkilərdən dərhal sonra Dağliq Qarabağ məsələsinin həllində ciddi irəliləyişə nail olmalı olduğunu bildirmişdi. Eyni zamanda, o, ermənilər Rusiya ilə köhnə tarixi bağlara təzədən baxmağa çağırmışdı.

Yəni Bolton da aydın işarə vurmuşdu ki, Qarabağ ixtilafı çözülmədən, əsas qonşularla siyasi-diplomatik əlaqələr qurulmadan Ermənistanın ağır blokadadan və Rusiyanın vassal asılılığından qurtuluşu mümkün olmayacaq. O, hətta şirnikləndirici şəkildə Ermənistana “daha keyfiyyətli ABŞ silahları” təklif eləmişdi.

Təsadüf deyil ki, yerli və rusiyalı analitiklər, Con Boltonin bu sözlərini ABŞ-ın Ermənistanı Rusiya orbitindən uzaqlaşdırmaq cəhdi kimi qiymətləndirmişdilər. Bəzi Rusiya rəsmi şəxsləri isə (xarici işlər nazirinin müavini Qriqori Karasin, XİN-in mətbuat katibi Mariya Zaxarova və başqaları) Boltonun sözlərinə olduqca aqressiv reaksiya vermiş, bunu Ermənistanın daxili işlərinə kobud müdaxilə saymış, hətta qərbyönlü Nikol Paşinyanı açıq şəkildə hədələmişdilər.

İndi isə oxşar tezislər, oxşar Qarabağ şərti ABŞ prezidentinin dilindən səslənir. Demək, Birləşmiş Ştatlar hökumətinin Paşinyan hakimiyyətinə qarşı artıq bitkin bir yanaşması formalaşıb. Bu da ondan ibarətdir ki, özünü qərbçi kimi göstərən Ermənistan iqtidarı, Nikol Paşinyan Rusiyadan uzaqlaşmaq yönündə real addımlar atmayınca ABŞ ona nə daxili islahatlar və maliyyə, nə də xarici siyasət və təhlükəsizliklə bağlı heç bir ciddi dəstək verməyəcək. Paşinyanın Ağ Evə dəvət olunması da Amerikanın erməni lobbisinin və ermənipərəst konqresmenlərinin canfəşanlığına rəğmən, elə arzu olaraq qalacaq. 
Trampın ağır Qarabağ şərtini ehtiva edən təbriki nəhayət, Nikolun “iki stul”da əyləşmək istəyinin fiasko olacağının, Paşinyanın bir əlindən Putinin, digərindən Trampın tutacağına hesablanmış hiyləgər taktikasının baş tutmayacağının aydın anonsudur.