Tramp Konqresdəki çıxışını təxirə saldı

24/01/2019 - 21:10 2 746 0   0  

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, “şatdaun” prosesi bitməyənədək, “Ölkənin vəziyyəti” haqqında Konqresdəki illik müraciətini təxirə salacaq.

Bu barədə Tramp Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin prezidentin çıxış planlarına maneə yaradacağilə bağlı bəyanatına cavab olaraq Tvitter-də yazıb.

“Bu onun müstəsna imtiyazıdır... mən də “Ölkənin vəziyyəti” haqqında müraciəti şatdaun bitəndən sonra edəcəm. “Ölkənin vəziyyəti” haqqında çıxış üçün alternativ məkan axtarmıram, çünki Nümayəndələr Palatasının tarixi, ənənəsi və əhəmiyyəti ilə yarışa biləcək heç bir məkan yoxdur. Yaxın gələcəkdə “Ölkənin vəziyyəti” haqqında “təntənəli” çıxış etməyi səbirsizliklə gözləyirəm” – Tramp vurğulayıb.

Azvision.az xatırladır ki, ABŞ prezidentləri ildə bir dəfə "Ölkənin vəziyyəti" haqqında Konqresə ənənəvi müraciətlə çıxış edirlər. Bu çıxışlarında prezidentlər ölkədəki vəziyyətlə bağlı qiymətləndirmə aparır və gələcək qanunverici təşəbbüsləri barədə məlumat verirlər. Bir qayda olaraq, ABŞ prezidentləri Konqresə illik müraciəti yanvar ayında edirlər. Lakin “şatdaun” prosesinə görə, Tramp müraciətini təxirə salacağını deyib.