Torpaqları geri qaytarmaq istəyən kim idi... - QARABAĞLI SƏHRA KOMANDİRLƏRİ GENERAL SAMVELİ “İFŞA ETMƏYƏ” HAZIRLAŞIR

08/02/2019 - 16:30 5 938 0   0  

Qondarma “dqr”in keçmiş “müdafiə naziri”, bu günlərdə Dağlıq Qarabağda hakimiyyətə gəlmək iddiasını ortaya qoyan general Samvel Babayanın Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan və indiki “dqr” rejimi barədə dedikləri qalmaqal yaradıb.

Virtualaz.org erməni mənbələrinə istinadən xəbər verir ki, Qarabağdan olan keçmiş səhra komandirləri Babayanın Sərkisyanın 2016-cı ilin aprel döyüşlərindən sonra Qarabağ rəhbərliyi ilə torpaqların qaytarılmasına dair müzakirə apardığı haqda dediklərini təkzib edirlər. Üstəlik onun özünü “torpaqları geri vermək cəhdində” günahlandırmağa hazırlaşırlar.

Samvel Babayanın həmin açıqlaması erməni siyasi dairələrində keçmiş səhra komandirləri arasında geniş müzakirə olunur. Ötən gün Qarabağdan olan keçmiş “deputat” və siyasi fəal Vaan Badasyan Babayanın dediklərinin doğru olduğunu bildirib. O deyib ki, 2016-cı il iyulun 16-da Serj Sərkisyan Dağlıq Qarabağa gələrək özünə yaxın olan keçmiş səhra komandirləri və “hakimiyyət rəhbərləri” ilə 5 rayonun qaytarılmasını müzakirə edib. Və görüşdə iştirak edənlərdən heç kim bu məsələyə etiraz etməyib, hətta “biabırçı, təslimçi” mövqedən çıxış edənlər də olub.

Lakin “dqr”in keçmiş “baş naziri”, 2010-ci ildə Bako Saakyanın yerinə keçməyə iddia edən Araik Arutyunyan və “dqr təhlükəsizlik şurasının katibi”, general Vitali Balasanyan Samvelin dediklərini rədd ediblər. Daha sonra keçmiş səhra komandirləri Razmik Petrosyan və Armo Tsatryan da Sərkisyanla görüşdə belə söhbətin olmadığını deyib.

“Məsələ bundadır ki, Babayan Qarabağ hərəkatının fəal üzvlərini Serj Sərkisyanın “ərazi güzəşti” xəttini müdafiə etməkdə günahlandırıb. Amma iştirakçılar deyirlər ki, Sərkisyan güzəştlər haqda yox, münaqişənin nizamlanmasına dair danışıqlar prosesi, həmsədrlərin mövqeləri və Azərbaycan tərəfinin əsas yanaşması, habelə Ermənistanın siyasəti barədə danışıb”-Ermənistanda nəşr edilən “Past” qəzeti belə yazır.

Bildirilir ki, Qarabağdakı keçmiş səhra komandirləri yaxın günlərdə Samvel Babayanın “əsl sifətini” açıb ortaya qoymağa hazırlaşırlar. Onlar Samvelə xatırladacaqlar ki, müharibə dövründə onun özü güzəştlərə getməyə hazırlaşırdı, amma səhra komandirləri bunun qarşısını alıb.