“Törədilən cinayət əməlləri daha çox belə pozuntularla bağlıdır” – Nazirlik

06/02/2019 - 13:37 2 755 0   0  

Azərbaycan Ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə iş mərkəzi bələdiyyələrlə bağlı iradlarını açıqlayıb.
“Report” xəbər verir ki, irad və təkliflər mərkəzin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2018-ci ilə aid illik məruzədə əksini tapıb.
Sənəddə qeyd olunub ki, həyata keçirilən tədbirlərə baxmayaraq bələdiyyələrin fəaliyyətində bir sıra nöqsanlar, o cümlədən torpaq və maliyyə qanunvericiliyinin pozulması, bələdiyyə iclasının səlahiyyətlərinə aid məsələlər üzrə təkbaşına qərarlar qəbul edilməsi hallarına hələ də yol verilir. Törədilən cinayət əməlləri də daha çox belə pozuntularla bağlıdır.
Yerli və vergi və ödənişlərin uçotu və yığımı yaxşılaşsa da, bu sahədə problemlər qalmaqdadır. Mədən vergisi ödəyicilərinin, mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərin uçotdan yayınmasına da yol verilir.
Bələdiyyələrin və ya başqa aidiyyəti dövlət orqanının bu ödənişlərin həyata keçirilməsinə nəzarət funksiyalarının olmaması problemlərin yaranmasına səbəb olur. Yerli özünüidarə orqanlarının maliyyə vəziyyətinin yaxşılaşdırılması bu sahəyə diqqətin artırılmasını tələb edir. Bu baxımdan, qanunla nəzarət mexanizminin yaradılması və ya ödənişin miqdarının müəyyən edilməsi və hesablanması qaydasının təkmilləşdirilməsi məqsədəuyğundur.
Bələdiyyələrin çoxu yerli sosial-iqtisadi problemlərin həllində fəal iştirak etsələr də, onların gördüyü işlər barədə ictimaiyyətə geniş məlumat verilmir. Bələdiyyələrin daha aktiv fəaliyyət göstərməsi üçün yaxşı iş təcrübəsinin mətbuatda işıqlandırılması və yayılması önəmli olduğundan, bələdiyyələrin milli assosiasiyalarına bu sahəyə diqqəti artırmaları barədə müraciət olunub, Bələdiyyələr də gördüyü işlər barədə kütləvi informasiya vasitələrində, habelə internet saytlarında vaxtaşırı məlumatlar verməli, əhali ilə təmasları yaxşılaşdırmalıdır.
Bələdiyyələrin sahibkarlıq fəaliyyətini həyata keçirməsi dövlət siyasəti ilə təşviq olunmasına, normativ hüquqi bazanın formalaşmasına baxmayaraq, bu sahədə təşəbbüskarlıq yetərli deyil. Bütövlükdə, bələdiyyələr tərəfindən 50-ə yaxın kommersiya qurumu təsis edilib, Təəssüf doğrucu haldır ki, bələdiyyələrin təsis etdikləri kommersiya hüquqi şəxslərinin böyük bir qismi fəaliyyət göstərmir, işləyənlərin bəziləri isə bələdiyyə büdcəsinə mənfəət vergisi ödəmirlər. Belə halların qarşısının alınması üçün tədbirlər görülür.
Xarakterik nöqsanlardan biri də bir sıra bələdiyyələrin fəaliyyətində hesabatlılığın, şəffaflığın zəif olması və ya bu sahədə işin düzgün qurulmamasıdır. Hüquq pozuntularını doğuran səbəblər müxtəlif olsa da, onun baş verməsinə şərait yaradan başlıca amil şəffaflığa əməl olunmamasıdır.
İllik məruzə Milli Məclisin fevralın 12-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.