Şuşa və Zəngilanın icra hakimiyyətləri niyə Bakıda fəaliyyət göstərir?

22/12/2018 - 08:39 1 168 0   0  

Fəzail Ağamalı: “İcra hakimiyyətləri məcburi köçkünlərin daha çox məskunlaşdıqları yerlərdə olmalıdır”

İşğal altında olan rayonlarımızın bəzilərinin icra hakimiyyətlərinin böyük şəhərlərimizdə fəaliyyət göstərməsi hər zaman müzakirə mövzudur. Hazırda icra hakimiyyətlərindən Şuşa və Zəngilan Bakıda, Qubadlı Sumqayıtda, Kəlbəcər Gəncədə, Laçın isə Ağcabədidədir.

Belə fikirlər var ki, icra hakimiyyətləri məcburi köçkünlərinin daha çox məskunlaşdıqları yerlərdə olmalıdır.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı hesab edir ki, bu icra hakimiyyətlərinin ölkəmizin hansı hissəsində fəaliyyət göstərməsinin prinsipal əhəmiyyəti yoxdur: “Kəlbəcər İcra Hakimiyyəti Gəncədədir. Yaxşı xatırlayıram. Bu ərazi işğal edilən vaxt məcburi köçkünləri müxtəlif yerlərdə yerləşdirənlərdən biri olmuşam. O vaxt əmək və əhalinin sosial-müdafiəsi nazirinin birinci müavini idim. Əsas məskunlaşma Gəncə və bu şəhərə yaxın yerlərdə olduğu üçün icra hakimiyyəti və digər qurumların orada fəaliyyət göstərməsi məqsədəuyğun hesab edildi. Ümumiyyətlə, işğal edilən ərazilərdən məcburi köçkünlərin daha çox məskunlaşdıqları yerlərdə icra hakimiyyətlərinin fəaliyyətini davam etdirməsini doğru sayıram. Çünki məcburi köçkünlərin problemlərinin həlli daha asan olur. Öz doğma yurdlarından didərgin düşənlər digər yerlərdə də məskunlaşmaq məcburiyyətində qalıblar. İcra hakimiyyətlərinin sərhəd bölgələrimizdən uzaq yerlərdə fəaliyyətlərinin prinsipial əhəmiyyət daşıdığı qənaətində deyiləm. Düşünmürəm ki, nəyəsə təsir edə bilərdi. Əsas ondadır ki, harada yerləşməsindən asılı olmayaraq, icra qurumları məcburi köçkünlərimizin problemlərinə xüsusi diqqət ayırsınlar, onların sosial problemlərinin həllinə lazımı anda müdaxilə edilsin. Nəzərə alaq ki, ölkəmizin müxtəlif yerlərində cənab prezident birmənalı olaraq söyləyir ki, qısa zaman kəsiyində çadırlarda olan bir dənə də qaçqın düşərgəsi olmayacaq, onlar yüksək səviyyəli evlərlə təmin olunacaqlar. Prezidentimizin bu siyasəti ən yüksək səviyyədə həyata keçirilməkdədir.

Fəzail Ağamalı ile ilgili görsel sonucu

Ölkəmizin  müxtəlif yerlərində məcburi köçkünlərimiz üçün müvəqqəti olsa da, yaşayış massivləri salınır, onların mənzil, məişət şəraitləri yaxşılaşdırılır. Bu proses davam edir, hələ ki başa çatmayıb. Nə qədər ki, torpaqlarımız azad edilməyib, onların mənzil, məişət problemlərinin həlli davam etdiriləcək. Bizim üçün əsas olan işğal altında olan ərazilərimizin azad edilməsidir. Bir də azad edilərkən Bakı və digər yerlərdə yüksək səviyyədə yaşayışla təmin olunan soydaşlarımız kütləvi şəkildə həmin yerlərə qayıtmaq istəklərini ortaya qoymalıdırlar. Bu da bizim üçün vacib amillərdəndir. Buna biz də çalışmalıyıq. İşimizi də bu istiqamətdə qurmalıyıq. Təbliğat-təşviqat işlərimizi yüksək səviyyədə aparmalıyıq ki, işğal edilmiş ərazilərimiz azad edilən kimi həmin yerlərdəki qədimi yaşayış yerlərimiz boş qalmasın. İnsanlarla bu istiqamətdə işlər aparmalıyıq. Nəzərə alaq ki, ərazilərimiz işğal ediləndən sonra o yerləri görməyən yeni nəsil yetişib. Onlara həmin yerlərə qayıtmaq istəyini daim formalaşdırmalıyıq. Burada mən problem də görmürəm.

Çünki Cocuq Mərcanlı azad edildikdən sonra orada yenidən məskunlaşmanın baş verməsi, ölkə başçısının xüsusi qayğısı ilə orada məskunlaşan insanların həyat səviyyəsinin yüksək səviyyədə qurulması təcrübəsi var. Əminəm ki, torpaqlarımız azad edildikdən sonra icra strukturları, dəyərli soydaşlarımız bir nəfər kimi onları gözləyən torpaqlarımıza, yurdumuza kütləvi şəkildə qayıdacaqlar, orada yeni həyat quracaqlar, onların yüksək səviyyəli yaşam imkanları təmin olunacaq. Beləliklə bizlər bir daha o torpaqlara qayıdacağıq. Bunun üçün biz bütün imkanlarımızdan istifadə etməliyik. Xüsusilə 25-30 yaşlarında olan və o torpaqları görməyən gənc nəslimizdə o müqəddəs yerlərə qayıtmaq düşüncəsini yaratmalı və bunu yaşatmalıyıq”.